Dünya (20-07-2015, 22:56)
İŞİD uşaqlara “baş kəsmək” dərsi keçir
İŞİD terrorçu qruplaşma üzvlərinin demək olar ki, hər gün əsir götürdüyü insanları qeyri-adi üsüllarla öldürdüyünün şahidi oluruq.
ANS PRESS-in məlumatına görə, terrorçular artıq uşaqlara gəlinciklər üzərində “baş kəsmə” dərsləri keçməyə başlayıb.
İŞİD tərəfindən qaçırılan və döyüşçülərin “Yəhya” adını verdiyi 14 yaşlı Əzidinin sözlərinə görə, Rəqqada saxlanıldığı düşərgədə 120 uşağın hər birinə 1 gəlincik və qılınc verilib. Daha sonra onlara gəlinciklərin başını kəsməyə məcbur ediblər.
“Mənə necə qılınc tutmağı və gəlinciyin başını necə kəsəcəyimi öyrətdilər. Bu başların hər birinin kafir başı olduğunu dedilər”.
Əzidi həmçinin onu 10 yaşlı doğma qardaşı ilə döyüşməyə məcbur edildiklərini bildirib.
İŞİD bundan əvvəl də yaydığı videolarda baş kəsmək üçün uşaqlardan istifadə etdiyi görülürdü. Keçən həftə isə yaydığı videoda bir uşağın Suriya əsgərinin başını necə kəsdiyi açıq-aydın görmək olur.
Gəlinciyin başını kəsən uşaq
Xatırladaq ki, İŞİD daha əvvəl Mosulda quru çərəz, turşu, mobil telefon və s. əşyaların istifadəsini gülünc səbəblərlə yasaqlamışdı. Yanvarda isə İŞİD bölgədə məscid-məscid dolaşaraq İslam peyğəmbərinin mövludunu qeyd etməyi qadağan etmişdi. Qeyd edək ki, özünü bütün dünyada müsəlman kimi qələmə verən İŞİD qruplaşması bütün islami dəyərlərlə ən aqressiv şəkildə mübarizə aparır və kiçik bir təbərrükü də Allaha şərik qoşmaq kimi qəbul edir.
İŞİD terrorçularının uçurduğu Əhməd ər Rifai məqbərəsi
İŞİD 2014-cü ilin sentyabr ayında İraqın Tikrit şəhərində İslam peyğəmbərinin 40 səhabəsinə aid məqbərəni, Yunus (əs) peyğəmbərə aid olduğu iddia edilən qəbri yerlə-yeksan etmiş, bu hadisə İslam dünyasında etirazla qarşılanmışdı. Yaxın günlərdə Misirdəki piramidaları və Sfinks heykəlini partladacağını açıqlamışdı.
İŞİD terrorçuları
Bundan əvvəl isə İŞİD terrorçuları Mosul şəhərindəki tarix muzeyində olan və dünya mirası siyahısında yer alan çox sayda eksponatı məhv etmişdi. Bundan sonra qədim Assuriya şəhəri olan Nəmrudu ələ keçirən terrorçular burda da eramızdan əvvələ aid bir çox abidəni yox etmişdilər. Yaxın günlərdə isə İŞİD qruplaşması Suriyanın Tadmur şəhərinin yaxınlığındakı qədim Palmira xarabalıqlarını məhv etmişdi.