Dünya (5-05-2015, 20:46)
İrandan ABŞ-a böyük təhdid (VİDEO)
Amerika Birləşmiş Ştatları nüvə danışıqlarında ikiüzlü davranış sərgiləsə, o zaman İran uranın zənginləşdirilməsini ehtiyac olduğu dərəcədə aparmağa davam edəcək.
ANS TV-nin məlumatına görə, bu sözləri İran Parlamentinin sədri Əli Laricani jurnalistlərə açıqlamasinda deyib. Laricani son zamanlarda ABŞ rəsmilərinin açıqlamalarının danışıqlar prosesinə zərbə vura biləcəyini deyib.
“Bu, ikiüzlülükdür. Onlar absurd açıqlamalar verirlər. Çünki siontist rejimi tərəfindən idarə olunan şəxslərdir. Əgər siz İran xalqına qeyri-səmimi davransanız və sözlərinizlə fəaliyyətiniz fərqlənsə, o zaman İran özünün lazım bildiyi qədər uran zənginləşdirəcək. İran xalqı bunu etmək qabiliyyətindədir”.
Bir neçə gün əvvəl ABŞ dövlət katibi Con Kerri İsrail televiziyasına açıqlamasında İranın nüvə fəaliyyəti üzərində nəzarətin 10 il yox, həmişəlik davam edəcəyini bildirmişdi.
Qeyd edək ki, İran və “altılıq” ölkələri uzun müddət danışıqlardan nüvə proqramı ilə bağlı ilkin razılıq əldə etmiş və bu ilin iyun ayınadək yekun sazişin əldə olunacağını bildirmişdilər.