Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-03-2015, 20:11)
Öcalanın kürd xalqına faydası varmı? - ARAŞDIRMA

 

Son 20-30 ildə şüurları zəbt etmiş bir çox mövzular, bütləşdirilən qondarma qurumlar və fiqurlar var ki, onların adları belə bir sıra ölkələrdə insan kütlələrinin yanlış istiqamətlərə yönəldilməsində dünya oliqarxlarına yardımçı olur. Öncə Türkiyədə, sonra isə digər türkdilli xalqlarla kürdlər arasında ziddiyyət yaratmaq və bunu getdikcə dərinləşdirmək üçün vasitə kimi istifadə edilən fiqurlardan biri də “Apo” ləqəbli Abdulla Öcalandır. Təəssüf ki, uzun illərin təbliğatına uyanlar çoxdur. Və nə yazıqlar ki, hazırda Türkiyədə, eləcə də Azərbaycanda da Öcalana rəğbət bəsləyən simpatizan və fanatlar xeylidir... 

16-cı ildir ki, Türkiyədə həbsdə olan Aponun bu günlərdə növbəti dəfə tərəfdarlarına Novruzqabağı müraciət edəcəyi gözlənilir... Bir az öncə PKK-çılara “artıq silahı yerə qoyaraq siyasi yolla mübarizə aparmağın vaxtı çatdığını” söyləyən və “kürd xalqının azadlığı uğrunda mübariz” kimi təqdim edilən Öcalan kürd xalqının keçmişi, bu günü və gələcəyi üçün nə qədər faydalıdır? Bunu aydınlaşdırmaq üçün öncə onun həqiqi kimliyini, özünün və rəhbəri olduğu PKK adlı təşkilatın kimlər, hansı güclər, dövlətlər tərəfindən yetişdirildiyini anlamaq gərəkdir.

Ermənilərə qurulmuş “dövlət” göz önündədir...

Əvvəla, insanların din, irq, millət və s. mənsubiyyətlərini qabardaraq bəşər əhlini bir-birinə qarşı qoymaq qədim dövrlərdən dünya hökmranlığına cəhd edən imperialist, transmilli güclərin “parçala–hökm sür”, “xaosdan düzənə” və s. prinsiplərinin tərkib hissəsidir. İfrat irqçilik və millətçilik, müəyyən bir ərazinin bu və ya digər xalqa mənsubluğu barədə mübahisələr heç bir xalqa xoşbəxtlik gətirməyəcək bir yanlışlıqdır.Məhz bu yanlışlıqdan yararlanan güclər həmişə azsaylı, yaxud dövləti olmayan toplum və millətlərin potensial enerjisindən istifadə edərək yaratdıqları münaqişə ocaqları vasitəsilə bu və ya digər regionu nəzarətdə saxlamağa çalışıblar. Belə xalqlara əvvəl muxtariyyət, sonra dövlət qurmaq vəd edilir. Amma onların on, bəzən yüz illərlə apardıqları və on minlərlə insanın qətli ilə müşayiət olunan yanlış mübarizəsi gözlədikləri nəticəni vermir. Son 200-300 ildə Rusiya, Britaniya, Fransanın və s. “canıyananlıq” etdiyi ermənilərə Azərbaycan torpaqlarında qurulmuş “dövlət”in bugünkü durumu göz önündədir. Və Ermənistanın ən çox Moskvanın əlində oyuncaq olduğu yəqin ki, heç kəsdə şübhə doğurmur. Üstəlik, ermənilərə “canıyananlıq” edən güclər hələ də Ermənistanı ora-bura dartışdıraraq bölüşdürə bilmirlər. Bu baxımdan “erməni məsələsi” kimi “kürd” məsələsi də Yaxın Şərq və Qafqazlarda həmin güclərin əlindəki əsas idarəedici vasitələrdəndir. Və sözügedən xalqların gələcək xoşbəxtliyinə əsla xidmət etmir. Görünür, əksəriyyəti xaçpərəst olduğu üçün ermənilər “dövlət” yapmaqda qabağa düşüblər. Əksəriyyəti müsəlman olan kürd xalqını isə məlum güclər ən azı, 100 ildən çoxdur ki, aldadaraq istismar etməkdədirlər.

PKK həm də “hər millətə bir dövlət” şüarının nəticəsi...

Həm erməni, həm kürd məsələsi məhz Osmanlı imperiyasının çöküşə getdiyi dönəmlərdən başlayır. Anqlosaks birliyinin qondardığı vəhhabilik faktorundan sonra erməni məsələsi də Osmanlının, ardınca da ümumiyyətlə, Türkiyənin yox edilməsinə xidmət etməli idi. Amma bu faktdır ki, kürd xalqı bir çox savaşlarda, o cümlədən, məşhur Çanaqqala savaşında türklər və digər xalqlarla çiyin-çiyinə savaşmışlar. Çünki osmanlı dönəmində millət anlayışının yerinə birləşdirici İslam ümməti formulu üstün idi. Məhz bu ideoloji əsası sarsıtmaq üçün dünya gücləri italiyalı C.Mazzininin “hər millətə bir dövlət” şüarını ortalığa ataraq düşüncələrdə çevrilişə nail olurlar. Dünənədək türklərlə din qardaşı kimi yaşayan kürdlərə 1920-ci ildə I Cahan savaşında uduzmuş Türkiyəni Sevr müqaviləsini imzalamağa vadar edən bugünkü “demokratik dünya”nın yiyələri yalançı vəd verirlər. Həmin müqaviləyə kürdlərə muxtariyyət verilməsi maddəsini salırlar. Milli hissləri məhz bundan sonra qızışdırılan kürdlər Türkiyədə və keçmiş osmanlı torpaqları olan İraq, Suriyada, sonra isə İran və qismən də Azərbaycan ərazilərində müxtəlif qurumların rəhbərliyi altında siyasi cəhətdən fəallaşdırılırlar. Amma onlara nəzarət əsasən SSRİ vasitəsilə həyata keçirildiyindən kürdlərin birləşdiyi partiya və qurumlar sümürgəçi imperializmə qarşı yönəlmiş marksist-leninist ideolojisi ilə silahlandırılırlar. Beləliklə, İslamın yerini, Allaha inancın yerini darvinist-kommunist düşüncəsi tutur. “İmperializmin meydanlar”ından biri də NATO-nun üzvü olan Türkiyə olduğundan Sovet İttifaqı Kommunist Partiyası məhz burada ən güclü separatçı qurumlar yaratmağa çalışır. Bu minvalla 1960-cı illərdən solçu Türkiyə İşçi Partiyası tərkibində formalaşan - Kürd Fəhlə Partiyası (kürdcə Partiya Karkeren Kürdistan) və onun lideri Öcalan 1974-1978-ci illərdə SSRİ Təhlükəsizlik Şurasının üzvü akademik Y.Primakovun birbaşa iştirakıyla yapılır. 5-10 il ərzində kürd xalqının xeyli hissəsinin şüuruna “azadlıq simvolu kimi yeridilən PKK-Öcalan tandemi 1984-1985-ci illərdə SSRİ-nin himayəsi ilə artıq terror aktları həyata keçirməyə başlayır. 1991-ci ildə sovetlər çökdükdən sonra isə PKK-nın rıçaqları ABŞ, İsrail, Yunanıstan, Fransa, Almaniya və s. arasında paylaşdırılır. O vaxtdan bu günədək 40 minə yaxın Türkiyə vətəndaşı bu mənasız savaşın qurbanı olub...

Öcalan ermənidirmi?

Öcalanın öz kimliyi də şübhə altındadır. Hələ 1980-cı illərdə dünya siyasətində kifayət qədər ciddi fiqur kimi tanınmış Türkiyə Boz Qurdlarının lideri A.Türkeş onun erməni mənşəli olması barədə danışdı. Son illər isə Türkiyənin məşhur qəzetlərində də belə bir məlumat yayıldı ki, Aponun əsl adı Arit soyadı isə Akopyandır. Hər halda Öcalanın doğulduğu Şanlı Urfanın Ömərli kəndində kürd və ermənilərin birgə yaşadığını heç kəs inkar etmir. Bəzi mənbələr kürd “qəhrəmanın” atasının yezidi kürdü, anasının isə erməni olduğunu iddia edirlər. Bütün hallarda, hətta təmiz kürd olduğu halda belə PKK-nın son 30 ildəki fəaliyyətini obyektiv, heç bir gücün marağını güdmədən aydın təhlil edən insan əmin ola bilər ki, Öcalan özü bilə-bilə, yaxud aldadılaraq, solçu marksist ideyalarıyla zombiləşdirilərək kürd xalqını da, bütün Türkiyəni də uçuruma aparan bir fiqur olub. Və onun həbs edilməsində Türkiyəyə yardım göstərmiş güclər ölüm hökmünün ləğvinə nail olmaqla əslində Apodan rəsmi Ankaraya təzyiq və manipulyasiya vasitəsi kimi yararlanırlar.

PKK lideri Qarabağda olub, Köçəryanla da görüşüb...

Öcalanın fəaliyyət gündəliyi konkret olaraq Azərbaycan üçün də təhlükəli məqamlarla zəngindir. Hələ 1990-cı ilin əvvəlində Sevan gölü ətrafında o, Ermənistanın eks-prezidenti Robert Köçəryan və qondarma DQR “prezidenti” Arkadi Qukasyanla görüşüb PKK terrorçularının Qarabağ ərazisində yerləşdirilməsi məsələsini həll ediblər. Politoloq Rövşən Novruzoğlu Z.Balayanın da qatıldığı belə görüşlərdən birinin də 1993-cü il noyabrında Ermənistanda keçirildiyini söyləyir. 1998-ci ildə R.Köçəryan Ermənistanda prezident seçkilərində qalib gəldikdən sonra isə PKK lideri A.Öcalan köhnə bir dost kimi ona təbrik məktubu yollayıb və erməni xalqını əməkdaşlığa dəvət edib. Həbs edilməsindən təxminən bir ay öncə - 21 yanvar 1999-cu ildə Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, İtaliyada sığınmaq cəhdi baş tutmayan Öcalan qondarma DQR hakimiyyətinin dəvəti ilə Xankəndiyə gəlib...

Apo özü kürdləri təhqir edir

Türkiyənin tanınmış polis zabiti Cevdet Saralın 2012-ci ilin sentyabrında çap edilmiş “Terrorun gizli əfəndiləri” adlı kitabından Öcalanın türklərlə yanaşı, kürdlər haqqında da təhqiramiz ifadələr işlətdiyi bəlli oldu. PKK lideri kürdlər barədə belə yazır: “Siz özünüzü kişi hesab edirsiniz, amma qadın xislətlisiniz. Kürd kişisində saxta namus anlayışı və qadın düşkünlüyü var. Kürd xalqı arasından çıxan dürüst adamların sayı iki əlin barmaqlarının sayından çox deyil. Kürdləri öz başına buraxsan, hamısı axmaq, cahil kimi yetişəcək...".

Öcalan kürd xalqını necə xoşbəxt edəcək?..

 

Öcalanın fanatları bunun da yalan olduğunu deyə bilərlər. Ancaq ortalıqda ən azı həmin şəxsin lideri olduğu təşkilatın qətlə yetirdiyi 40 minə yaxın şəhid var. Və sual edilir: fəaliyyətdə olduğu təxminən 40 ildə PKK və onun lideri kürd xalqına yeni problemlərdən savayı nə qazandırıb? Kürd xalqının nə dininə, nə milli ənənələrinə dəxli olan iflasa uğramış bir ideologiya uğrunda mənasız yerə həlak olan, həbs edilən kürd gəncləri...Populist şüarlar, dünən Moskvanın, bu gün Vaşinqtonun, Berlinin, Londonun yalançı vədlərindən savayı heç nə... Bu gün də Qərbin, ABŞ-ın özünün qondardığı İŞİD-lə müharibəyə təhrik edilən kürd gəncliyinin beynində yenə də yalançı “Böyük Kürdüstan” xülyasıyla dumanlandırılır... Hələ də Öcalanın şəklini sinəsində gəzdirənlər, ona şeir yazanlar, onun uğrunda ölümə getməyə hazır olanlar var. Amma ortada həm Türkiyədə, eləcə də Azərbaycanda yüz illərlə türklərlə qohumlaşan, çiyin-çiyinə savaşan, çörəyini bölüşən, bütlərə yox, Allaha inanan sadə kürd xalqı da var. Və birgə keçmişimizə obyektiv nəzər saldıqda bir gerçək də aydın görünür: Marks, Engels, Lenin, Stalin, Brejnev keçmiş sovet və digər xalqları necə kommunizmə çıxarıb “xoşbəxt” edibsə, onların yetirməsi olan Öcalan və PKK da kürd xalqını belə “xoşbəxt” edəcək...

Sultan Laçın

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024