Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Sovet istehsalı olan SU-25 təyyarəsi Türkiyənin milli resursları vasitəsilə NATO standartlarına uyğun modernizə edilib. 

Mediatv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, SU-25 təyyarəmiz Konya vilayətində "Anadolu Qartalı" təlimi zamanı havayav qaldırılıb və uğurlu atış edib. Təyyarənin altında yerləşən TÜBİTAK-SAGE tərəfindən istehsal edilən "Wing Guidance Kit", NATO ölkələrinin istifadə etdiyi Mark seriyalı təyyarə bombalarını ağıllı hala gətirir və həm mənzil, həm də həssaslıq artımını təmin edir. Sözügedən "Qanadlı Bələdçilik Dəsti" idarə olunmayan MK-82 və MK-83 ümumi təyinatlı bombalarını ağıllı şəkildə havadan yerə uzaqmənzilli ağıllı sursatlara çevirir. 

Məlumata görə, Türk müdafiə sənayesi şirkətlərinin modernləşdirdiyi Azərbaycanın SU-25 təyyarələrinin xidmət müddəti artırılır və müxtəlif silah sistemləri inteqrasiya olunur: "Deyə bilərik ki, Türkiyə milli imkanlarla hazırladığı NATO standartlarına uyğun silah-sursatını sovet təyyarələrinə inteqrasiya edir".