Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-01-2015, 21:58)
Bakıda yer altında ömür çürüdənlər var… - REPORTAJ, FOTO

Bu qarlı-şaxtalı, küləkli-çovğunlu günlərdə kimsə beş-on dəqiqə dayanacaqda avtobus gözləyəndə, yaxud buz bağlamış yollarda yarımca saat tıxacda qalanda şikayətlənir, ah-uf edir. Düşünür ki, evə, yaxud işə tez çatsaydım, qızınar, yeyib-içər, isti otaqda qabağımda çay, kofe televizora baxardım. Nadir insanlar düşünər ki, biz beşcə dəqiqə bayırda soyuğa dözmürük, amma bu dəqiqə, bax, bu qışın oğlan çağında hansısa binanın girişində, zirzəmisində, körpü altında, hətta yer altında bir təhər daldalanan, soyuq iliklərinə işləyən çarəsiz insanlar var. Onlar bir saatı, bir günü, bir ayı, bir fəsli yox, illərlə yayı-qışı, soyuqda da, istidə də bu şəraitdə ömür sürürlər. Və ölümlərini də çox vaxt elə bu cür qarşılayırlar…

Dövlətimiz çətin vəziyyətdə yaşayan insanların, xüsusən didərginlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli tədbirlər görür, neçə-neçə binalar, qəsəbələr tikdirir. Ötən ilin sonunda əsasən internat məktəblərinin kimsəsiz məzunları üçün xüsusi 13 mərtəbəli, 240 mənzilli bina tikilib istifadəyə verildi. Daha iki belə bina da tikiləcək. Lakin bu işlər rəsmi qeydiyyatda olan, hardasa insanın yaşamına qismən uyğun məkanlarda məskunlaşanlar üçündür. Bütün iri meqapolis və paytaxt şəhərlərində olduğu kimi, Bakıda da hələ neçə, sovet təbirincə desək, “bomj”(rus dilində “bez opredelyonnoqo mestojitelstva” – “müəyyən yaşayış yeri olmayan”) mövcuddur. Düzdür, son illər qış aylarında belə insanların, yolda qalanların daldalanması üçün küçələrimizdə isti çay, yemək və yataqla təchiz olunmuş xüsusi çadır-daldalanacaqlar da təşkil edilir. Görünür, bunlar da yetərli deyil, kompleks tədbirlər görülməli, bu problemlə yalnız dövlət qurumları deyil, ictimai, humanitar təşkilatlar, ayrı-ayrı imkanlı şəxslər, xeyriyyəçilər də maraqlanmalıdır. Biz yazarların əlindən isə yalnız bu cür insanları tapmaq və onların problemlərini cəmiyyətin diqqət mərkəzinə gətirmək gəlir…

…O məkanı çoxdan gözaltı eləmişdim. Amma düzü, səbəb orada daldalanan kimsəsizlər yox, diqqətimi cəlb edən bəzi sektalara mənsubluğunu bildiyim sirli rəmzlər idi. Bu barədə sonra danışacağıq. Hələlik, cansız işarələrdən yox, bu qəribə məkana sığınmış canlı insanlardan bəhs edəcəyik…

Bir axşam qaranlıqda həmin yerdən ötəndə yuxarıdan keçən avtomobil yolunun altındakı mağaraya bənzər məkanda ocaq yandığını gördüm. Tələsdiyim üçün yaxınlaşıb maraqlanmadım. Amma vaxt tapan kimi o “mağara”nın sakinləri ilə tanış olmağı qət etdim. Və elə alındı ki, məhz belə şaxtalı-qarlı qış günündə, Bakıya 2015-ci ilin ilk qarı yağmağa başlayanda paytaxt səfillərinın qonağı oldum…

Əvvəl-axır hər bir insanın son məkanı torpağın, yerin altındadır. Onlar isə ömürlərinin gənc çağlarından sözün əsl mənasında yerin altında yaşayırlar. Onların “evləri”nin üstündən Bakının məşhur mərkəzi küçələrindən biri keçir. Bu qərib və qəribə insanlar paytaxtın gediş-gəlişli bir yerində, düz avtobus dayanacağının altında sığınacaq tapıblar...

Gün ərzində düz üç dəfə taxta nərdivanla yamacdakı yeraltı məkanın girişinə qalxıb ”ev yiyələri”ni hayladım. Nəhayət, üçüncü dəfə - artıq qaş qaralanda və Bakının buz kimi qış küləyi əlləri bıçaq təki kəsəndə “mağara”nın qaranlıq dərinliyindən zorla çıxan bir səs eşidildi:

- Heyy...
- Salaməleykum!
- Əleykəssəlam!
- Qonaq qəbul edirsiz?
- Gözümüz üstdə yeriniz var.
- Təksən, burada...
- Yox, niyə. Odeyy, biri də orada uzanıb...
- Nə vaxtdan qalırsız burada?
- Allah bilir, neçə ildir. Gün, il hesabı aparıram ki? Nə bilim? Bizim üçün elə hər gün - bu gündür...

Tərlan Məhəmməd oğlu Hüseynov. 1981-ci ildə Bakıda doğulub. Məşhur “Sovetski” məhəlləsində, keçmişdə “Pervomaysk” adlanan, indiki Ç.Mustafayev küçəsində yaşayıb. Dediyinə görə, yeniyetmə çağlarında atası ona qarşı qəddarlıq edərək evdən qovub. O da kiminləsə dava edib. 3-4 dəfə həbsdə olub. Amma Tərlan məhz hansı səbəbdən tutulduğunu və neçə il yatdığını nədənsə ətraflı danışmır. Müsahibəyə razılıq verən Tərlan fotosunu çəkməməyi xahiş edir. Deyir ki, yaxınlarımın məni bu şəkildə görməsini istəmirəm...

“Biz heç kəsə lazım deyilik...”

Tərlandan icra hakimiyyəti, yaxud digər qurumlardan kimlərinsə onlarla maraqlanıb-maraqlanmadığını soruşuram. Belə deyir: “Yox, qardaş, bizi neynirlər ki, biz kimə lazımıq? Bircə Allahdan başqa heç kəsə lazım deyilik. Sülənirik də... Buna da şükür, yaşayırıq. Ətrafdakı qonşular-filan kömək edir, hərdən bir yemək-içmək, paltar verirlər. Polis idarəsindən gəlib maraqlanıblar bizimlə, bu yay da gəlmişdilər. İçəri girib soruşdular ki, burada nə edirsiz. Biz də həmin vaxt çörək yeyirdik. Dedik, ki, heç, çörək yeyirik, buyurun, siz də yeyin. Dedilər, sağ olun. Sonra da çıxıb getdilər. O vaxtdan gələn olmayıb...”.

Taleyindən danışır: “Atamla mübahisə etdim. Sonra davaya düşdüm, həbs edildim. Kaş mənim yerimə daş gələydi dünyaya. Yadımda deyil, atamla nə üstdə dalaşmışam. Nə edirəm, yadıma sala bilmirəm...

- Heç iş tapmağa cəhd etmisiz?
- Hə... Amma bizim bu vəziyyətdə yaşadığımızı, sənəd-sübutumuzun olmadığını biləndə, yəqin bizə etibar etmirlər. Hərdən yaxınlıqdakı “moyka”da, “vulkanizasiya”dakı tanış uşaqların yanına gedib, onlara kömək edirik. Onlar da, sağ olsunlar, üç-beş manat çörəkpulu, yemək-içmək verirlər. Orada isti xörək yeyirik, çay içirik, televizora baxırıq. Oranın böyüyü Ağa adında ağsaqqal adamdır. Mənə yalvarır ki, gəl burada qal, orada soyuqdan donarsan. Deyirəm, çox sağ ol. O kişi bir də görürsən, bizdən ötrü gedir Badamdardakı evinə yemək-içmək, pal-paltar gətirir. Sağ olsun, ondan yerdən-göyədək razıyam...”.

Açığı, gözləyirdim ki, illərlə yer altında yaşayan bu səfil, sərgərdan adamlar məni aqressiv qarşılayacaq. Biləndə ki, keçmiş məhbusdurlar, bir az da ehtiyatlandım. Amma yaşadıqları məhrumiyyətlərə rəğmən bu qaranlıq dünyanın hər iki sakininin mülayim bir xarakterə malik olduqları bilindi. Hətta Tərlanın – “məhlə uşağı”nın ibadət etdiyi də bəlli oldu.

“Təzəpir məscidində namaz qılıram...”

“Buradakı bəzi qonşular, xüsusən yaxınlıqdakı binada işləyən fəhlələr hərdən bizimlə maraqlanırlar, yemək-içmək gətirirlər, hətta bəzən pul da verirlər. Şükür Allaha ki, pislərlə yanaşı, yaxşılar da var. Belələrinin yeri cənnətdir. Özüm də 15-16 yaşımdan namaz qılıram. Təzəpir, bir də Bibiheybət məscidinə tez-tez gedirdim. İndi də Təzəpirə namaza gedirəm. Amma çox vaxt namazımı “vulkanizasiya”dakı uşaqların yanında qılıram. Onların arasında da namaz qılanlar var. Düzü, bir ara namazı atmışdım, qorxurdum belə vəziyyətdə yaşayıb namaz qılmağa. Amma Allah canını sağ eləsin, Ağa, onun yanında işləyən qardaşlar başa saldılar ki, sən namazını qıl, Yaradan özü çağırır bizi namaza. Və O, harada, nə vaxt məsləhətdir, sənə kömək olacaq. Biz kimik ki, Yaradan özü bilir kimi necə yaşatmaq, kimin ruzisini hansı yolla vermək lazımdır. Onun məsləhətinə şükür...”.

Tərlan bisavaddır. Deyir ki, 6-cı sinfədək məktəbə getmişəm, amma bisavadam, hərfləri də tanımıram. Taleyinə görə atasından bərk gileylidir:

“Atam faşistdir, gestapodur...”

“Atamla düşmən kimiyik. Heç kişinin vecinə də deyil, ölmüşəm, qalmışam. Atam məni görəndə elə bil, gürzə ilan görür. Deyirəm ki, mənim günahım nədir, nədirsə, cəzasını çəkim. Deyir ki, səni görməyə gözüm yoxdur, mənə yaxın gəlmə... Anamın ürəyi mənim yanımdadır. Gizlincə görüşürük, mənə pul-zad verir. Amma atamın qorxusundan məni evə apara bilmir. Atam faşistdir, “gestapo”dur... Sürücü işləyir. Üç bacım var. Qardaşım yoxdur. Böyük bacım evlidir. Heç bir qohum-filan maraqlanmır. Amma Allaha min şükür, qar-yağış, soyuq da olsa, O, bizi çəkib öz qanadının altına saxlayır...

“Kiminsə yanında alçalmaq istəmirəm...”

Soruşuram ki, kiməsə, icra hakimiyyətinə-filana kömək üçün müraciət etmisiz. “Yox” deyir: “Mən belə işlərdə “pas”, qardaş. Mən heç kimə ağız açmıram və bunu istəmirəm. Kiminsə yanında gözükölgəli olmaq, alçaqlaşmaq istəmirəm. Belə şeylər ləzzət eləmir. Qurban olum Allaha, özü yetirir. Biz heç dilənmirik də. Gedib ya zibillikdə çörək, yemək tapıb yeyirik, ya da zibilxanalardan dəmir-dümür, butulka yığıb satırıq, çörəkpulu çıxardırıq...”.

Rusla azərbaycanlı yer altında dostluq edirlər...

İkinci “bomj” -Tərlanın “mağara” yoldaşı Denis lap qəribə adamdır. Danışmaqdan tam imtina etdi. Yalnız zorla adını, Bakıda doğulduğunu və hər iki valideyninin rus olduğunu öyrənə bildim. Bir də bildim ki, Tərlandan fərqli olaraq Denis savadlıdır... Azərbaycanca da təmiz danışır. Bəlkə bu da Allahın bir ibrət dərsidir. Qurani-Kərimə görə, Axirət günü heç kəsə irqinə, milliyyətinə vəzifəsinə görə ayrı-seçkilik edilməyəcək. Hər kəs yalnız törətdiyi əməllərə, günahlarına görə hesab verəcək. 1920-ci ildə, 1990-cı ilin yanvarında Bakıya qoşun yeridən ruslara bəzən düşmən kimi baxırıq. Kreml indi də bizə üstdən aşağı, keçmiş müstəmləkəsi kimi baxır. Fəqət, Axirətdə Allahdan savayı kimsə heç kəsə hegemonluq edə bilməyəcək... İbrətamiz haldır: bu gün Bakının mərkəzində yerin altında rus azərbaycanlı ilə dostluq edir, bərabər şəraitdə yaşayırlar. Tapdıqları bir tikə çörəyi qardaş kimi bölüşürlər. Hətta azərbaycanlı xəstələnəndə rus onun qulluğunda durur, hamama aparıb çimizdirir. Tərlanın öz dilindən eşidək:

“Allah Denisin canını sağ eləsin. Burada düz bir ay xəstə yatmışam. Qızdırmadan az qala ölürdüm. Amma Denis bir an başımın üstdən çəkilmədi. Gecələr mənə keşik çəkib, yatmayıb. Hərəkət etməyə halım olmayanda aşağıdakı 8 saylı hamama aparıb özü məni çimizdirib...”.

Yeraltı səfillərlə maraqlanan tapılacaqmı?

Yeraltı “dünya” sakinlərini ziyarətimin sonunda məni mehribanlıqla, xeyir-dua ilə yola salan Tərlan “bayırda” rastlaşsa, pulu olsa, mənə bir kafedə qonaqlıq verəcəyinə də söz verir... Öz-özümə düşünürəm ki, bəlkə, bu yazı işıq üzü görəndən sonra rəsmi və ictimai qurumlardan, imkanlı şəxslərdən bu iki cavanla maraqlananlar tapılacaq. Kim bilir, bəlkə də bu keçmiş dustaqların reabilitasiyası, normal həyata qayıdışı ilə məşğul olunsa, onlar çoxlarından da gözəl ailə başçısı, dəyərli vətəndaş ola bilərlər...

Yenə taxta nərdivanla aşağı enib “işıqlı dünyaya” çıxanda gözümə divarlardakı faşist rəmzi olan xaç işarələri sataşdı. O dəm yadıma Tərlanın “atam gestapodur” sözləri düşdü... Allah hər kəsə bir tale yazır. Elə Tərlanla Denisin də taleyini O yazıb. Ancaq onların “nəzarət etdiyi” məkanın ətrafındakı sirli söz, işarə və rəmzlərin kimlərin yazdığını hələ ki, bilmirik. “Bomj”lar da deyir ki, xəbərimiz yoxdur...

Sözügedən yazıların hansı sektaya mənsubluğu və bayaqdan bəhs etdiyimiz məkanın dəqiq ünvanını növbəti yazılarımızda açıqlayacağıq...

Sultan Laçın

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024