Cəmiyyət / Slayd (2-09-2014, 20:51)
Təfəkkür Universitetinin rektoruna ŞOK İTTİHAM
Riyad Əliyev Müşfiq Atakişiyevdən 4 milyon manat pulunu və 1 milyon manatlıq mülkünü geri istəyir
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Təfəkkür Universitetinə tələbə köçürmələrilə bağlı 2011-ci ildə həbs olunmuş alim, təhsil ocağının məsul işçisi Riyad Əliyevin Hüquqlarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib.
Qaynar.info-nun məlumatına görə, komitənin rəhbəri, vəkil Dilqəm Ağayev bildirib ki, mətbuat konfransını keçirməkdə məqsəd Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev və yaxınları tərəfindən R.Əliyevin mənimsənilən əmlaklarını geri almaqdır: "Müşfiq Atakişiyev Təfəkkür Univeristetinin müəyyən hissəsini pay vermək üçün 2011-ci ildə Riyad Əliyevi Universitetə dəvət edib. Riyad Əliyev payçı olmaq üçün pul və əmlaklarını Müşfiq Atakişiyev və onun yaxınlarının adına keçirib. Bunu təsdiqləyən şahidlər, sənədlər var. Rəhimov Nəsib Gəray oğlu, Əliyev Amil Xaliqverdi oğlu, Abbasov Əsəd Yəhyabala oğlu və digər şəxslər Riyad Əliyevin rektora pul və əmlaklar verdiyini təsdiqləyə bilər. Müşfiq Atakişiyev Riyad Əliyevin əmlakını ələ keçirəndən universitetin keçmiş prorektoru Rövşən Məmmədovla əlbir olaraq onun həbsini təşkil edib. Riyad Əliyevi Universitetdə payçı etmək üçün bütün sənədlərini alıblar. Əmlakını və sənədlərini alandan sonra onun həbsi təşkil olunub".
Komitə rəhbəri qeyd etdi ki, 2011-ci ildə Təfəkkür Universitetində prorektor Tariyel Əhmədov müəmmalı şəkildə ölüb: "Başından aldığı ağır zədələr üzündən kəllə sümüyü sınan Tariyel Əhmədovun qətlə yetirildiyi bildirilir. Universitetin başqa bir məsul işçisi Korrupsiyaya Qarşa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunsa da, az sonra rektorun köməkliyi ilə azadlığa buraxılıb.
Qanunsuz tələbə köçürülməsi adı altında dələduzluq ittihamı ilə həbs olunmuş R.Əliyev 2005-2011-ci illərdə minlərlə tələbəni Təfəkkür Universitetinə köçürüb: "Riyad Əliyev, rektorun yaxını olan Rövşən Məmmədov və sürücü kafedə söhbət edərkən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib onları həbs ediblər. Riyad Əliyev və Rövşən Məmmədovun üzərində köçürmələrlə bağlı sənədlər tapılıb. Sonradan sürücü və Rövşən Məmmədov buraxılıb. Riyad Əliyev isə dələduzluq maddəsi ilə həbs edilib. Bir neçə ildən sonra azadlığa buraxılan Riyad Əliyev universitetin rektorundan əmlaklarını və pulunu geri istəsə də, rektor "yox" cavabı verib".
Vəkil qeyd etdi ki, R.Əliyev rektora 4 avtomobil, 5 daşınmaz əmlak, və 4 milyona manata yaxın pul verib: "4 milyon manat pul bəlkə də sizlərə gülməli gəlir. İstintaq vaxtı Riyad Əliyev deyəndə ki, rektor onun 4 milyon manat pulunu mənimsəyib, müstəntiqlər sual verdilər ki, bu qədər pul səndə hardandır. 4 milyon manat pulu daşımaq üçün yük maşını lazımdır. Amma 2005-2011-ci illərdə köçürmələrin siyahısnı müstəntiqə təqdim edəndə onlar da buna inandılar. Minlərlə gənc Təfəkkür Universitetinə köçürülmüşdü. Aydın məsələdir ki, Riyad Əliyev bu köçürmələrə görə valideynlərdən pul alıb, qazanc götürüb və bu pullardan Universitet rəhbərliyinə də çatıb. Köçürülmə qanuni aparılıb, amma Universitetə köçürüləndən sonra Təhsil Nazirliyi tələbələri qeydiyyata almayıb. Belə olan halda valideynlər Riyad Əliyevdən pullarını tələb ediblər. Bu tələblər hələ də davam edir. Riyad Əliyev hazırda çox pis vəziyyətdədir. Rektordan pulunu, əmlakını ala biılmir ki, valideynlərin pullarını özlərinə qaytarsın. Əmlak və pullarının qaytarılması üçün bir neçə gün öncə hüquq mühafizə orqanlarına müraciət etmişik".
R.Əliyev məhkəmədə etiraf edib ki, onun Təfəkkür Universitetinə köçürdüyü tələbələrin qeydiyyatı Təhsil Nazirliyində aparılmayıb. Bunun məsuliyyəıtini Təfəkkür Universiteti daşıyır. Əgər köçürmələr qanunsuz olubsa, nə üçün Təfəkkür Universiteti onları qəbul edirdi? Təfəkkür Universiteti köçürülən tələbələrin sənədlərini Təhsil Nazirliyində qeydiyyatdan keçiməyib.
Səhhətində problemlər olduğu üçün mətbuat konfransına qatıla bilməyən R.Əliyev telefon açıqlamasında bildirdi ki, M.Atakişiyev ondan 4 milyon manat pul və 1 milyon manatlıq əmlak alıb: "Mənə Universitetdən pay təklif etdi, əvəzində qeyd olunan məbləğdə məndən pul və əmlak aldı. Məni mərhum prorektor Tariyel Əhmədovun yerinə işə götürmək istəyirdi. Tariyel Əhmədov müəmmalı şəkildə ölmüşdü. Guya ayaqyolunda yıxılıb ölüb. Sonradan mənə pay vermək əvəzinə həbsimi təşkil etdilər. Həbsdə olanda mənə söz verdi ki, pul və əmlaklarım özümə qaytarılacaq. Amma bu günə qədər mənə heç nə verməyib. Bu adam məni çox pis vəziyyətdə qoyub. Həbsdə xəstəlik tapdım".
R.Əliyev qeyd etdi ki, əmlakları Müşfiq Atakişiyevin qohumlarının adına keçirib: "Bununla bağlı sənədlərim, şahidlər var. Nərimanov rayonunda üç otaqlı evi Müşfiq Atakişiyevin həyat yoladşının adına keçirmişəm. 4 avtomobilimi rektorun bacısı uşaqlarının adlarına keçirmişəm. Digər mülküm onun qaynının adına rəsmiləşdirilib. Anamın adına olan torpaq sahələrini rektorun bibisi oğluna vermişəm. Sual olunur, bir milyonluq əmlakı nə üçün rektorun qohumlarının adına keçirməli idim? Bu söhbətlərin, əmlak köçürmələrinin şahidləri, səsyazıları var. Sənədlər Baş Prokurorluğa təqdim olunub. Müşfiq Atakişiyev məni Tariyel Əhmədov kimi aradan götürmək istəyirdi. Amma sonradan fikirini dəyişdi. O, yaxını Rövşən Məmmədovun əli ilə məni kafeyə dəvət edib həbsimi təşkil etdi. Müşfiq Atakişiyevin qanunsuz köçürmələrinə dair məndə sənədlər var, onları mətbuata təqdim etməyə hazıram. Müşfiq Atakişiyev hər yerdə deyir ki, onun arxasında Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərov durur. Deyir, bütün hüquq mühafizə oraqanlarında sözü keçir, istəsə məni aradan götürər".
R.Əliyev bildirdi ki, Təfəkkür Universitetinə bu gün də qanunsuz köçürmələr var: "Hazırda da köçürmələr davam edir. Yoxlama aparılsa məlum olar ki, adları TQDK və Təhsil Nazirliyinin siyahısında olmayanlar burada təhsil alırlar. Əgər Baş Prokurorluq mənim müraciətim əsasında araşdırma aparmasa, Müşfiq Atakişiyevə aid bütün səsyazmaları internetdə paylaşacam.
Müdafiə Komitəsinin üzvləri Cahil Abbasov, Zaur Məmmədov, Arzuman Əliyev, İlham Şükürov, Famil Rüstəmov R.Əliyevin hüquqlarını sona qədər müdafiə edəcəklərini bildirib.
Komitə üzvləri Təfəkkür Universitetinin rektorunun əməllərindən prezident İlham Əliyevə müraciət edəcəklərini bildirib.