Cəmiyyət / Karusel (10-06-2014, 13:19)
“Oğlum həbsdədir, Allah ona kömək olsun...”- Mübariz Mədətov
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətov ilk dəfə olaraq oğlu Xalid Mədətovun törətdiyi qəzadan və vəzifədən çıxarılmasından danışıb.
"Mediatv.az" xəbər verir ki, M.Mədətov Publika.az-a açıqlamasında deyib ki, onun vəzifədən çıxarılması səbəbsiz olmayıb:
“Mənim vəzifədən çıxarılmağım doğru addım idi. Çünki səbəbsiz heç vaxt heç nə olmur”.
M.Mədətov hazırda oğlunun həbsdə cəzasını çəkdiyini söyləyib:
“Övladımın hərəkətinə görə çox təəssüflənirəm. Allah özü kömək olsun. Oğlum hazırda həbsdədir, cəzasını çəkir. Məhkəmənin qərarını gözləyirik. Allahın köməyi ilə hər şey öz qaydasına düşəcək. Ancaq əsas faciə qarşı tərəfdədir. Yoxsa, bizdə nə var ki? İndi oğlum səhvdir, edib və cəzasını da çəkir. Ancaq Allah onlara kömək olsun. Faciə onlardadır, onların dərdi böyükdür”.
Xatırladaq ki, bu il martın 15-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55" markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin olduğu və oğlunun idarə etdiyi ”VAZ-2106" markalı maşını vurub.
Nəticədə xalq artistinin həyat yoldaşı və azyaşlı nəvəsi dünyasını dəyişib. Məlum olub ki, sədr müavininin oğlu qəza zamanı içkili olub.
Bu hadisədən 2 gün sonra isə Prezidentin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.