Cəmiyyət / Karusel (15-10-2016, 21:16)
Abid Şərifovun türmə rəisi olan qohumundan şikayət
“Həbsdə olan qardaşımı görmək üçün 6-cı kalona getmişdim. İçəri buraxmaq üçün nəzarətçilər 2 manat istədilər. Mən də 1 manat verdim. Razılaşmadı və 1 manat da tələb etdi. Mən də bu olanları telefonla çəkdim. Bundan sonra aramızda mübahisə yarandı”.
Mediatv.az xəbər verir ki, bu sözləri musavat.com-a müraciətində hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mirsəlam Dünyamalıyevin qardaşı Aqil Dünyamalıyev deyib.
Aqil Dünyamalıyev iddia edir ki, videoçəkilişi silməsini tələb edən nəzarətçilər daha sonra onu görüş adı ilə içəri dəvət edərək hədə-qorxu gəliblər.
“Mənə dedilər ki, görüşə icazə verilir. İçəri keçəndən sonra bir neçə nəfərin əhatəsində olduğumu gördüm. Hədələyərək tələb etdilər ki, videogörüntüləri silim. Dedilər cibinə narkotik atıb, səni də tutarıq. Həm özümü, həm də həbsxanada olan qardaşımı düşünüb onlar deyənlə razılaşdım. Çıxandan sonra dedim ki, bu etdiklərinizə görə aidiyyatı qurumlara müraciət edəcəm”- deyə A.Dünyamalıyev müraciətində bildirib.
A.Dünyamalıyev əlavə edib ki, nəzarətçilərə olanlar haqda dövlət qurumlarına çatdıracağını dediyi halda belə onlar yenə də hədə-qorxu gəlməkdə davam etdiriblər: “Mən də bilirəm ki, kalona yeni rəis təyin olunub. Hər kəs də bilir ki, görüşə pul almadan girmək mümkün deyil. Mənə dedilər ki, yeni rəis baş nazirin müavini Abid Şərifovun yeznəsidir. Kimə şikayət edirsən, et. Onlar qorxsalar, bunu niyə desinlər?”.
A.Dünyamalıyevin sözlərinə görə, öz başına gələnlər bununla bitsə də növbəti hədəfə alınan həbsdəki qardaşı olub.
Onun iddiasına görə, videoçəkiliş apardıqdan sonra həmin gecə qardaşı təzyiqlərə məruz qalıb və döyülüb: “Xəbər tutdum ki, həmin gün qardaşım Mirsəlamı karsa salıblar. Döyüblər, işgəncə veriblər. Mənim etdiklərimin qisasını qardaşımdan alıblar. Mən də başqa çıxış yolu bilmirəm. Bu olanları ictimailəşdirib, baş verən qanunsuzluqları ölkə rəhbərliyinin, aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm. İndi qardaşımın taleyindən narahatam. Biz bilmirik ki, ona içəridə nə edirlər. Bələ indi də ona işgəncə verirlər. Buradan xahiş edirəm ki, bununla bağlı tədbir görülsün. Bu qədər özbaşınalığın qarşısı alınmalıdır”.