Cəmiyyət / Slayd (3-06-2024, 12:32)
Bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf etdi
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev əvvəl prokurorun suallarını cavablamaqdan imtina edib.
Təqsirləndirilən şəxs etirazını zərərçəkmiş tərəfin prosesdə iştirak etməməsi, dəymiş ziyanın nədən ibarət olduğunu bilməməsi ilə əlaqələndirib: “Heç bir dövlət qurumu mənim fəaliyyətimdən narazı qalmayıb. Həmçinin mən özümü təqsirli bilmirəm. Məni işə salıblar. Zərərçəkmiş gəlsin ifadə versin, desin görək, onlara nə ziyan dəyib”.
Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin etirazının əsassız olduğunu deyib. Prokuror izah edib ki, bu işdə zərərçəkmiş yox, zərərçəkmiş qurumun nümayəndəsi var, qanun da onu dindirməyə icazə vermir.
Təqsirləndirilən şəxs və vəkilləri prokurorun izahına baxmayaraq, etiraza davam ediblər. Müdafiə və ittiham tərəfi arasındakı sözlü mübahisəyə məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov nöqtə qoyub.
Fotoda: Çingiz Mehdiyev
Hakim qarşısındakı Cinayət-Prosessual Məcəlləsindən məhkəmə istintaqının aparılması ilə bağlı qaydanı oxuyub, müdafiə tərəfini prosesin gedişinə maneə yaratmamağa çağırıb: “Qanun deyir ki, belədir. Harada görülüb ki, qanunu dəyişək?! Biz sizə hörmətlə yanaşırıq, siz də məhkəməyə elə yanaşın”.
Bundan sonra müdafiə tərəfi etirazı dayandırıb, prokuror sual-cavaba başlayıb.
Prokuror təqsirləndirilən şəxsdən Seyşel adalarında qurulan şirkətin kimə məxsus olduğunu və faktiki olaraq kim tərəfindən idarə edildiyini soruşub.
Çingiz Mehdiyev deyib ki, “Dayton” şirkətini faktiki olaraq anası idarə edib, amma onun da adına etibarnəmə olub: “Dayton” alış-satış və digər fəaliyyətlərlə məşğul idi. “Formula 1” başlamazdan əvvəl mənə tapşırıq verildi ki, avadanlıqların alınması üçün etibarlı şirkət tapım. Mən də qohumlarıma müraciət etdim. Bu işləri ölkədə ancaq mən bilirdim. “Dayton” da bizim maraqlarımıza uyğun idi. Həmin şirkət bizə heç bir şirkətin etməyəcəyi güzəşti etdi. İki ay ödəniş etmədik, amma yenə də əməkdaşlığı davam etdirdi”.
Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova Çingiz Mehdiyevdən tapşırıqları kimdən aldığını soruşub. Mehdiyev sualdan yayınmaq istəsə də, hakimin təkidindən sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun adını çəkib.
Fotoda: Arif Rəhimov
Məlumat üçün deyək ki, daha əvvəl Arif Rəhimov Bakı Şəhər Əməliyyat Halqasının rəhbəri olub.
Çingiz Mehdiyev bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf edib.
Təqsirləndirilən şəxsin prokurorun suallarına yarı rus, yarı Azərbaycan dilində, həmçinin dolaşıq cavablar verməsi prokuroru yenidən özündən çıxarıb: “Baxıram ki, siz rus dilindən Azərbaycan dilinə tərcümələr etmisiniz. Amma burada deyirsiniz ki, Ana dilində danışa bilmirəm. Bundan əlavə, mən başqa şey soruşuram, siz başqa şey deyirsiniz. Belə olmaz”.
Prokurorun müvəkkilinə münasibətdə dediklərinə müttəhimin vəkili “kiməsə dərs keçməyə ehtiyac yoxdur”, - deyərək etiraz edib. “Görünür ki, ehtiyac var”, -deyə prokuror cavab verib.
Sədrlik edən hakimin müdaxiləsindən sonra zalda səssizlik yaranıb. Hakim özü də təqsirləndirilən şəxsdən suallara mahiyyəti üzrə cavab verməsini tələb edib.
Bundan sonra proses iyunun 10-na kimi təxirə salınıb.
Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.