Aktual (19-10-2020, 16:34)
RUSLARIN “BAYRAKTAR” TƏLAŞI
Qarabağ müharibəsində Azərbaycan tərəfinin istifadə etdiyi və ordumuza böyük üstünlüklər qazandıran Türkiyənin “Bayraktar” döyüş dronları Rusiya mətbuatında geniş müzakirə olunmağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” dərgisində “Türkiyə-Ukrayna dronlarını Qarabağ, Krım və Donbas üçün hazırlayırlar” başlıqlı məqalə dərc olunub.
Yazıda ilk olaraq, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən söz açılır. Qeyd olunur ki, səfər çərçivəsində əldə olunmuş razılıqda Kiyevlə Ankaranın hərbi inteqrasiyası, birgə silah istehsalı kimi məsələlər yer alıb. Məqalədə xüsusi vurğulanır ki, Zelenski Ankarada Türkiyə ilə havadan müdafiə sistemləri, gəmi və PUA istehsalı üzrə birgə fəaliyyəti nəzərdən keçirdiklərini deyib. “Nezavisimaya qazeta” bu sırada ən önəmli yerin PUA istehsalına aid olduğunu bildirir: “Zərbə PUA-larının birgə istehsalı hərbi-texniki tərəfdaşlığın ən mühüm istiqamətidir. Azərbaycan tərəfinin Qarabağ cəbhəsində istifadə etdiyi Türkiyənin “Bayraktar TB2” dronları öz böyük effektivliyini göstərdi. Ukrayna siyasətçiləri hesab edirlər ki, onlar Donbasda və Krımda ölkənin ərazi bütövlüyünün təmin edilməsilə bağlı əməliyyatlarda istifadə oluna bilərlər. Ukrayna Radasının eks-deputatı Yevgeni Dobryak hesab edir ki, əgər Türkiyə-Ukrayna işbirliyi dronların tədarükünə qədər genişlənsə, həmin dronları Donbas səmasında görmək olar”.
Yazıda qeyd edilir ki, artıq 2019-cu ildə ölkələr arasındakı razılaşma əsasında Ukrayna Türkiyədən “Bayraktar TB2” dronlarını alıb və onların sınağını uğurla həyata keçirib. Lakin hələlik bu silahdan Donbasda istifadə etməyib. Buna baxmayaraq, rəsmi Kiyev daha 48 ədəd belə hərbi dron almaq və onun Ukraynada birgə istehsalını təşkil etmək fikrindədir.
“Nezavisimaya qazeta” bir məsələyə də önəm verir ki, artıq bu dronlar Suriya və Liviyada Rusiya hərbi varlığına qarşı uğurla istifadə edilib. Yazıda Türkiyənin yeni “Bayraktar Akıncı” dronunun texniki xarakteristikaları vurğulanır və qeyd olunur ki, bu dronların mühərrikləri Ukrayna istehsalıdır. “Onlar “Bayraktar TB2”-dən daha üstün imkanlara malikdir. Yeni dronların yükdaşıma qabiliyyəti iki dəfə artıqdır, onlar bir sutka havada qala bilir və 12 kilometr hündürlüyədək qalxa bilirlər ki, bu da “Bayraktar Akıncı”-nı taktiki havadan müdafiə sistemləri üçün əlçatmaz edir. Bu dronlar artıq strateji PUA-lar sayılır və Ankara onların istehsalında çox maraqlıdır.”
Qəzetə açıqlama verən hərbi ekspert, polkovnik Vladimir Popov isə təəssüflə qeyd edir ki, Rusiya anoloji silaha malik deyil: “Rusiyada da strateji və operativ-taktiki zərbə PUA-larının hazırlanması üzərində iş gedir. Lakin onların kütləvi istehsalı və tətbiqi müşahidə olunmur.”
Hərbi ekspert Rəcəb Tayyib Ərdoğanın Zelenski ilə görüşdə Ukraynanın ərazi bütövlüyü, Krımın onun tərkib hissəsi olması və bu ölkə ilə strateji tərəfdaşlıq, hərbi sahədə sıx əməkdaşlıq barədə dediklərinin anti-Rusiya xarakterli olduğunu qeyd edib. Və xatırladıb ki, Türkiyənin “Bayraktar” dronları təkcə son Qarabağ döyüşlərində deyil, Suriya və Liviyada da uğurla istifadə olunub. V.Popov xüsusi vurğulayıb ki, həmin münaqişələrdə bu silah Rusiyanın maraqlarına ciddi zərbələr vurub.
Ekspert açıqlamasında narahatlığını gizlətməyib və qeyd edib ki, Ukrayna ilə Türkiyənin birgə bu cür güclü silah istehsal etməsi gələcəkdə Ukrayna ərazisindəki məlum münaqişədə Rusiyanın maraqlarına və hərbi gücünə böyük ziyan vura bilər.