Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-12-2018, 11:19)
Qarabağ müharibəsinin ilk ən qanlı döyüşü

  



 






       
                            Qarabağ müharibəsinin ilk ən qanlı döyüşü
1991-1994-cü illərdə Cəbrayıl polisi çətin və şərəfli bir döyüş yolu keçib, necə deyərlər, əsl qəhrəmanlıq  tarixi yazıb. Qarabağ müharibəsi tarixində miqyasına görə ilk ən böyük döyüş 1991-ci il noyabrın 15-də Hadrut rayonunun Şayaq yüksəkliyi uğrunda olub. Cəbrayıl polisi həmin döyüşdə 50-60 nəfərlə sayı 300-dən çox olan erməni-rus birləşməsinin qarşısını ala bilib. Həmin döyüşün qəhrəmanlarından biri Fazil Oruc oğlu Salmanov döyüş barədə xattirələrini bölüşür. 
... Şayaq postu çox böyük strateji əhəmiyyətə malik idi. Kəndin girişində rus qoşunlarının postu olsa da, əsas yüksəklikdə-teləqüllədə biz dayanırdıq. Ona görə də bütün üstünlüklər bizdə idi, baxmayaraq ki, ora gedib-gəlmək və orada dayanmaq çox təhlükəli idi. Bu yolda iki UAZ və bir avtobus erməni quldurlarının basdırdığı minaya düşmüş və 3 şəhid vermişdik. Moskvadan birbaşa güclü təziqlər edərək Şayaq yüksəkliyindən geri çəkilməyimizi tələb etsələr də, bu yüksəkliyin əhəmiyyətini başa düşən polis rəisi Rəşid Məmmədov öz mövqeyindən geri çəkilməmişdi. Ona görə də ruslar bizi cəzalandırmaq qərarına gəlmişdilər. Noyabrın 10-da həmin postda dayanan 20 nəfər OMON-çu oranı icasəsiz tərk edərək çıxmışdı. Onlar polis şöbəsinə gələrək çox soyuqqanlı şəkildə Bakıya çağrıldıqlarını bildirib rayonu tərk etmişdilər. Həmin günlərdə polis rəisi Rəşid Məmmədov məzuniyyətdə olduğu üçün rəis vəzifəsini Vaqif Məhərrəmov icra edirdi. Dərhal 1 nömrəli döyüş vəziyyəti elan edildi və şəxsi heyət toplandı. Vaqif Məhərrəmov UAZ-la öndə olmaqla biz QAZ 66 markalı maşında Şayaq postuna qalxmaq üçün Zamzur kəndinə gəldik. Yağış yağdığından yollar çox bərbad idi. Mən Vaqif Məhərrəmovun əmri ilə Şayaq postuna qalxan polisləri qorumaq üçün, mövqe seçib raketi qurdum. Vaqif Məhərrəmov və polis dəstəsi çətinliklə də olsa, Şayaq kəndinin girişindəki rus postuna çatdılar. Ruslar onlara çatacaq sovqatın müqabilində heç nə olmamış kimi polisləri BTR-lə yuxarı Teleqülləyə qaldırdılar. Əslində, ruslar oradakı OMON-çuları güclü hucum hazırlanması barədə xəbərdar etmişdilər. Səməd Əliyevin rəhbərliyi altında Teleqüllədə post bərpa olundu və 20 nəfərdən ibarət polis 3 gün posta dayandı. Üç gündən sonra Qəhrəman Həmidovun rəhbərliyi altında  Sabirabad, İmişli, Saatlı rayon polis şöbəsinin hərəsindən beş nəfər, Cəbrayıl RPŞ-dən yeddi nəfər olmaqla növbəni dəyişərək postda dayanmağa başladılar. Vəziyyət ağır olduğu üçün 1 nömrəli döyüş vəziyyəti və kazarma şəraiti elan olunmuşdu. Mən topçu olduğum üçün hər dəqiqə PŞ-də olurdum. Nəhayət, noyabrın 15-də gecədən başlayaraq erməni-rus qoşunları mövqe tutmaq üçün Zamzur kəndinə hücum etdilər. Qəhraman müəllim ratsiya ilə əlaqəyə girərək bildirdi ki, 300-dən çox qara paltarlı Zamzur kəndinə doğru irəliləyir. Dəhşətli mənzərə yaranmışdı.Onlar Şayaq postunu arxada qoyub Zamzur kəndinə hucuma keçmişdilər. Zamzur kəndindəki polis postunda Milli Qəhraman Kazım Məmmədovla bərabər, 5 nəfər polis xidmət aparırdı və onlar kömək istəyirdilər. Vaqif Məhərrəmovun rəhbərliyi ilə Dolanlar kəndində postda dayanan 20 nəfər OMON-çu,  15 nəfər polis və bir də mən raket qurğusu ilə ilk köməyə getdik.
Biz Daşbaşı kəndinə qaxanda artıq hava işıqlanırdı, Zamzur kəndi açiq görünürdü. Polis qərargahı ermənilər tərəfindən üzük qaşı kimi mühasirəyə alınmışdı. Şiddətli  döyüş gedirdi, mən dərhal kəndin mərkəzinə ermənilərin mövqeyinə 3 raket atdım, atəş səsləri kəsildi. Biz birbaşa Zamzur kəndinə hücuma keçdik. Lakin bilmirdik ki, qarşıda qayalıqda ermənilər pülomiyyotla bizi gözləyir. Ora çatanda bizi güclü atəşə tutdular, döyüş başladı, artiq qarşımızdakı bütün təpələrin üstünün ermənilər tərəfindən tutulduğunu və bizdən 5 qat çox olduqlarını gördük. Bu zaman Vaqif Məhərrəmov ruslardan gizli saxladığımız topu Daşbaşı kəndinə tuşlayaraq ermənilərin mövqelərini vurmağı əmr etdi. Mən dərhal rayon mərkəzinə gedib topu K700-lə Daşbaşı kəndinə qaldırdım və qısa müddətdə dəqiq atəşlərlə erməni-rus birləşmələrinin mövqelərini darmadağın etdim. Zamzur kəndindəki polislərin təslim olmadığını görən ermənilər evə od vurmuşdular. Evi alov bürüsə də, atəş davam edirdi. Oradakı QAZ 53 markalı maşının bortuna ermənilər öz meyitlərini və yaralılarını, bir də kənddə məskunlaşmış qadınları doldurub, Şayaq istiqamətinə gedirdilər. Mən maşını vurmaq istədim, lakin bildirdilər ki, oradakılar bizimkilərdir, girov götürülüblər. Gündüz saat 12 radələrində Zamzur kəndinin yarısını ermənilərdən təmizləmişdik. Saat 12-də  Şayaq postuna hücum oldu və post ələ keçdi. Mən Şayaq postunda uzun müddət xidmət etdiyim üçün oranı yaxşı tanıyırdım,  ona görə də topla Teleqüllənin ətrafını vurmağa başladım. Bilirdim ki, oradakılar ancaq teleqüllənin daxilində mövqe qura bilərlər, ona görə də qüllənin yaxın ətrafını top atəşinə tutdum və bu da qüllədəkilərə üstün mövqe qazanmağa imkan vermişdi. Ən qəribəsi isə buna Şayaq postunun 300 metrliyindəki rusların və Hadrut rayonunda yerləşən rus ordusunun laqeyd qalması idi. Mən qəsdən ondan çox top mərmisini Hadrut rayonunun ərazisinə atdım ki, ruslar işə qarışsın, ən azından Şayaq postundakı polisləri sağ-salamat oradan çıxarsınlar. Lakin bu baş vermədi, axşam saat 9-dək dayanmadan qanlı döyüş getdi. Artıq taqətdən düşmüşdük, rayon əhalisi ov tüfəngi, yaba, balta ilə köməyə gəlmişdi. Mən topu qabağa Zamzur kəndinin girişinə çəkdim. Zamzur kəndinin yuxarı hissəsində ikimərtəbəli məktəb binasında ermənilər yüksək musiqi səsi aitında şadyanalıq edirdilər, mən topla dəqiq atəş açaraq onları məhv elədim. Gecə saat 10 radələriydi, rayonun o zamankı KQB-sinin rəisi Aydın Şəmiyev rus ordusunun komandiri ilə çətinliklə də olsa əlaqə yaratdı və dərhal vəziyyəti nəzarətə götürüb Teləqüllədəki polislərin oradan sağ-salat çıxarılmasını tələb etdi. Qəribəydi ki, rus komendant bütün bunlardan xəbərsiz olduğunu, hətta heç bir atəş səsi eşitmədiyini bildirdi. Halbuki mən Hadruta  10-dan çox mərmi atmışdım. Təxminən 15 dəqiqədən sonra rus komendant  ratsiya ilə əlaqəyə çıxdı və bildirdi ki, partizanlar (o erməni quldurlarını partizan adlandırırdı) yalnız silahlar təhvil veriləcəyi halda onları salamat buraxacaqlarını deyirlər. Sonra Qəhrəman müəllim danışdı və dedi ki, artıq sursatları bitir, həlak olanlar, yaralılar, itkin düşənlər var. Bundan sonra Aydın müəllim komendatla danışdı və bir daha kəskin şəkildə bildirdi ki, mən onlara silahı sizə təhvil vermələrini əmr edəcəm, sən onlara başınla cavabdehsən. Aydın müəllim Qəhrəman müəllimə ratsiya ilə bildirdi ki, silahları təhvil verin, qoxmayın sizi oradan sağ-salamat çıxaracaqlar. Artıq cecə saat 12 radələri idi. Biz Zamzur kəndinin girişində rusları gözləyirdik, əslində, bizə ən yaxın məsafə bura idi. Bu zaman Şayaq istiqamətindən  bir maşın işığı göründü, səsindən NİVA olduğu bilinirdi. Mən maşının işığını nişangahda saxladım. Maşın dayandı, bir neçə saniyədən sonra atəş səsləri gəldi. Bu zaman mən topdan atəş açdım və maşının işıqları söndü, atəş də kəsildi. Orada nə baş verdiyini sabahı günü öyrəndik, bu barədə bir azdan yazacam.
Komendant Şayaq postundakıları əvvəlcə kuzovlu UAZ-a mindirərək Hadrut rayonunun içərisi ilə açıq şəkildə gətirir, hətta bir neçə yerdə UAZ-ın qarşısını kəsmək istəyiblər. Bundan sonra BTR-lə Füzuli istiqamətinə Köşbək məntəqəsinə gətirib, öz maraqları təmin olunandan sonra təhvil vermişdilər. Bundan sonra biz şöbəyə qayıtdıq. Şöbədə  Qəhrəman müəllimi, Elşəni, Nadiri, Vüqarı, Qəşəmi gördüm, sağ olduqlarına sevindim. Səhəri günü səhər saat 7 radələrində Zamzur kəndinə girdik, ermənilər Şayaq yüksəkliyindən bizə atəş açırdılar. Biz yanan polis qərargahının binasına yaxınlaşdıq, bina yanıb külə dönmüşdü, ancaq hələ də tüstüləyirdi. Binanın qarşısında iki meyid vardı. Bunlar orada məskunlaşan Akif və Yolçunun meyidləri idi. Onları qəddarcasına qətlə yetirmişdilər. Binanın yanan qalıqlarının altından sona qədər qəhramancasına döyüşərək şəhid olmuş polislərin yanmış cəsədlərini çıxartdıq. Biz orda olan zaman qarşıdakı binadan bir nəfər “atəş açmayın, bu mənəm” deyərək bizə tərəf gəldi. Bu,  bizə ezamiyyətə gələnlərdən idi. Yanğınsöndürmə bölməsinin baş leytinantıydı. O da Şayaq postunda duranlardan biriydi. Şayaqda döyüş başlayanda  İmişli və Saatlı RPŞ əməkdaşlarınin bir neçəsi meşəyə qaçmış və ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdilər. Xoşbəxtlikdən baş leytenant gizlənməyə müvəffəq olmuşdu. Qaranlıq düşənə qədər gizləndiyi yerdən çıxmır, qaranlıqda Zamzur istiqamətinə gələrkən yolda qarşısına həmin NİVA çıxır. Nabələd olduğundan NİVA-nı saxladır, əynindəki forma rus hərbi formasına oxşadığı üçün və özü də sarışın olduğu üçün ermənilər onu onlarla birlikdə döyüşən rus hərbiçisi sanırlar. Əli avtomatın tətiyində hazır vəziyyətdə Cəbrayıla qədər onu da aparmaqlarını istəyir. Bu zaman maşındakı erməni yanındakı erməniyə “ara, torkdu hərif, gəl ataq”, deyir. Baş leytenant dərhal maşındakılara atəş açır, həmin vaxt mənim də topdan açdığım atəş NİVA-nın iki adımlığına düşür, o da qaçıb gizlənə bilir.
Bu hadisələrdən dərhal sonra Rəşid Məmmədov məzuniyyətini yarımçıq qoyub işə qayıtdı. Gecə saat 9-da iclas edərək ermənilərin əlində olan bizim polislərin meyitlərini erməni qulduru Samvelin meydi ilə dəyişmək istədiyini bildirdi. Samvelin meyidinin isə Zamzur kəndində körpünün altında, çayda olduğunu bilirdik. Kənddə isə onun ermənilərin olub-olmadığını heç kim bilmirdi. Rəşid müəllim əli ilə məni, Şikarı, Əliyarı, Rəhmanı və Vəlyəddini göstərərək sabah saat 8-dək meyidi oradan çıxarıb gətirmək əmrini verdi. Biz gecə yarısı iki qrupa bölünərək Zamzur kəndinə girdik, meyidi oradan götürüb çıxdıq. Biz rayon xəstəxanasının ölüxanasına çatanda saat 8 radələri idi, Rəşid müəllim gəlib meyidi gətirdiyimiz üçün bizə təşəkkürünü bildirdi. Şayaq postu gedəndən sonra rayonun müdafiəsini təmin etmək üçün dərhal Sirik, Tatar və Əfəndilər kəndinin yüksəkliyində topları qurduq. Mən verilən tapşırığı yerinə yetirib, məruzə etmək üçün Rəşid müəllimin otağına girəndə, o,  telefonla danışırdı. Mən mane olmamaq üçün çıxmaq istəyəndə, əli ilə dayanmaq işarəsi verdi. Mən dayandım. Rəşid müəllim əsəbi halda rus dilində qarşı tərəfdəkini  tənqid, hətta sərt sözlərlə təhqir edirdi. Telefonla danışıb qurtarandan sonra mənə dedi ki, bu əclaf rus komendatıydı, deyir ki, Şayaq-Zamzur döyüşündə onun 25 əsgəri həlak olub, əksəriyyətini də sənin atdığın top mərmisi məhv edib. Rəşid müəllim mənim əlimi sıxaraq kövrəldi və “sənə halal olsun”,- dedi.
    Bu döyüşdə erməni-rus birləşməsinin  itkiləri bizimkindən ikiqat çox idi.
                                                                                          Çapa hazırladı: İbrahim Quliyevшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025