Sosial / Slayd (8-07-2014, 23:43)
Gözəlliklər diyarı Qax yüksəliş dövrünü yaşayır
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi nəticəsində, respublikamızın bütün bölgələri kimi Qax rayonu da sürətlə inkişaf edərək, Azərbaycanın ən abad və gözəl rayonlarından birinə çevrilməkdədir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevin rəhbərliyi altında aparılan geniş abadlıq-quruculuq işləri gözəlliklər diyarı olan Qax rayonunu daha da cazibədar etmişdir.
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına şəhərin prospekt və küçələrində bərpa və abadlıq işləri aparılmış və hazırda da bu sahədə işlər davam etdirilir. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına şəhərdəki kommunal yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuş, şəhər və kəndlərdə yollara asfalt örtük salınmışdır.
Keçən il və bu ilin birinci yarısında makroiqtisadi göstəricilər - ümumi məhsul buraxılışı, əsas sahələr üzrə xidmətlərin həcmi, əsas kapitala yönələn investisiya artmışdır.
Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilmiş, abonentlərin elektrik enerejisinə, qaza, suya olan tələbatının tam ödənilməsi üçün tədbirlər həyata keçirilmişdir.
Dövlətin maliyyə siyasəti Qaxda uğurla həyata keçirilir
Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrüfatının idarə edilməsində, xüsusən bazar iqtisaliyyatı şəraitində maliyyə nəzarəti əsas məsələlərdən biridir. Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırmaq, maliyyə ehtiyatlarından xalq təsərrüfatının bütün sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür.
Mühüm bir məqamı da vurğulamağa dəyər ki, Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsi olduqca vacib məsələdir ki, bunun da öhdəsindən layiqincə gəlinir.Maliyyə mütəxəssisi Rasim Məmmədovun rəhbərlik etdiyi Qax Rayon Maliyyə İdarəsi maliyyə intizamına ciddi riayət edilməsini təmin edib. Rayon büdcəsinin gəlir və xərc proqnozları nəzərdə tutulduğu səviyyədə icra olunub. Xərclərin icrası zamanı vəsaitlər ilk növbədə müdafiə olunan xərc maddələrinin (əmək haqqı, əmək haqqı üstəliyi və onlara bərabər tutulan xərclər) icrasına yönəldilib. Bunun nəticəsidir ki, ötən il yerli büdcədən maliyyələşən təşkilatlar üzrə xərclər tam ödənilib. Rayonda uçot işləri təminata uyğun qurulub. İdarənin kollektivi daxil olmuş vəsaitin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilməklə təyinat üzrə səmərəli xərclənməsini təmin etmişdir».
Torpaqla bağlı məsələlərə həssaslıqla yanaşılır
Qax rayonunda torpaq və onunla bağlı münasibətlərin qanunla tənzimlənməsi məsələlərinə xüsusi diqqət yetirilir. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti güclüdür. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı ilə təsdiq olunmuş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında» Əsasnamənin tələbləri rəhbər tutularaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsinin əməkdaşları tərəfindən «Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi» qaydalarına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Müəyyən olunmuş torpaq qanunvericiliyinin pozulması hallarının bəziləri xəbərdarlıq edilməklə aradan qaldırılmış, bəzi hallarla bağlı protokol tərtib edilmiş, cərimə ilə bağlı sənədlər tədbirlər görülməsi üçün müvafiq məhkəmələrə göndərilir.
Torpaq məsələləri ilə əlaqədar vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmış, ərizə və şikayətlərə, o cümlədən təkrar müraciətlərə xüsusi nəzarətə alınmış şikayətlərə baxılaraq müvafiq tədbir görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında hər yerdə olduğu kimi DTXK rəhbərliyi tərəfindən Qax rayonunda da vətəndaşların qəbulu keçirilmiş və bu barədə hesabatlar təqdim edilmişdir. Qəbullar zamanı vətəndaşların torpaqla bağlı məsələlərinə aydınlıq gətirilmiş və komitənin səlahiyyətlərinə aid işlər qəbul zamanı qısa müddətə icra olunmuş, digər təşkilatlara aid məsələlərlə bağlı isə aidiyyati üzrə rəsmi məktublar göndərilmişdir.
Suvarma sistemində istismar tədbirləri keyfiyyətlə həyata keçirilir
Soltan Camalovun rəhbərlik etdiyi Qax Suvarma Sistemləri İdarəsi meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanılmasını təmin edir. Cəmiyyət tərəfindən təsdiq edilmiş xərclər smetasına uyğun olaraq istismar və təmir-bərpa işlərini yerinə yetirir. Su istifadəçilərindən lazımi məlumatı alır, sudan istifadə pulunun planını tərkib edib razılaşdırmaq üçün baş idarəyə təqdim edir. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması və onların qəbulunu təmin edir.
Qax SSİ-nin hesabında ümumi uzunluğu 264,8 km olan suvarma şəbəkələri vardır. Rayonun suvarmaya yararlı torpaq sahələri 19750 hektardır. Qax rayonunun iqlimi yağmurludu. Rayonun özü əsasən dağlıq ərazidə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Rayon ərazisindən keçən Kürmük, Ləkit, Zərnə, Qum, Duruca və Qapı çaylarının suyundan yaz və payız aylarında suvarma məqsədi ilə istifadə olunur. Yay aylarında bu çayların bəziləri tamamilə quruduğundan, idarənin balansında olan iki kiçik su tutarından istifadə edilir.
SSİ istismar tədbirlərini - təsərrüfatdaxili və təsərrüfatlararası sistemlərdə, hidrotexniki qurğularda, hidrometrik postlarda, qoruyucu beton kanallarda təmir işlərini vaxtında və
keyfiyyətlə həyata keçirir. Sel sularının maneəsiz ötürülməsi üçün suvarma kanallarının lildən təmizlənməsi balansda olan texnikanın əsaslı təmiri, bəndlərin bərkidilməsi işləri də keyfiyyətlə yerinə yetirilir.
Təhsil bütün komponentləri üzrə artım tendensiyası müşahidə olunur
İyunun 23-də mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qax şəhərində növbəti qəbul keçirdi. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənildi.
Qəbuldan əvvəl TQDK-nın sədri Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşdur. Qəbulda vətəndaşların müraciətlərinə əsasən qəbul və buraxılış imtahanlarının məzmunu, ikinci ali təhsil almaq, TQDK tərəfindən nəşr olunan test kitabçalarının məzmunu, orta ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları və müəyyən metodiki məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. Digər müraciətlər, o cümlədən TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətlər ünvanına çatdırılması üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür. Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.
Ümumiyyətlə, Qax rayonunda təhsilin bütün komponentləri üzrə irəliləyiş əldə olunmuşdur. Ötən tədris ili ərzində rayonda 56 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 16 ümumi orta, 9 ibtidai məktəb fəaliyyət göstərmiş, 7973 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1272 nəfər müəllim məşğul olmuşdur. Onlardan 1093 nəfəri ali, 179 nəfəri orta ixtisas təhsillidir.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən «Ən yaxşı məktəb», «Ən yaxşı müəllim» respublika müsabiqəsində şəhər 4 nömrəli tam orta məktəb iştirak etmiş və müsabiqənin qalibi olmuşdur.
Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri rayon, zona, respublika, beynəlxalq səviyyəli tədbirlərdə uğurlu nəticələr əldə etmişlər.
Son iki ilin qəbul nəticələrinə görə müvafiq olaraq 154 və 160 nəfər tələbə adını qazanmışlar ki, bu da Qax məktəblilərinin məzunlarının ali məktəblərə qəbul göstəricilərində də artım tendensiyasından danışmağa imkan verir.
«Səhiyyə sektorunda islahatlar» layihəsi Qaxda da uğurla reallaşdırılır
Qax rayon əhalisinə 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi Gigiyena və Emidemiologiya Mərkəzi tərəfindən xidmət göstərilir. Rayon Mərkəzi Xəstəxanasında 125 nəfər həkim, 418 nəfər orta tibb işçisi çalışır. Hər 10 min nəfərə 22 həkim, 74 orta tibb işçisi düşür.
Rayonda diabetli xəstə, onkoloji xəstələrə, bunlardan başqa ruhi, narkomaniyalı, talassemiyalı və hemofiliyalı, xroniki böyrək çatışmazlığı olan xəstələr, həmçinin imtiyazlı, aztəminatlı xəstələrə il boyu pulsuz dərmanla təmin olunurlar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Səhiyyə sektorunda islahatlar» layihəsi çərçivəsində bu ilin fevralında Qax rayonunun Qıpçaq kəndində yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən məqsədyönlü tədbirlərdən bəhs olunmuş, ucqar kəndlərdə müasir standartlara uyğun belə səhiyyə obyektlərinin istifadə verilməsi ölkə rəhbərliyinin insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsi kimi qeyd
olunmuşdur. Yeni məntəqə «Səhiyyə sektorunda islahatlar» layihəsi çərçivəsində rayonda istifadəyə verilən sayca üçüncü tibb müəssisəsidir. Ötən ilin sentyabrında Güllük və Əlibəyli kəndlərində də belə səhiyyə ocaqları tikilib əhalinin istifadəsinə verilmişdir. Onu da qeyd edək ki, müasir standartlara uyğun inşa edilən, zəruri tibbi avadanlığı təchiz olunan yeni həkim məntəqəsi Qıpçaq kəndi ilə yanaşı, bu ərazidə yerləşən digər kəndlərin əhalisinə də xidmət göstərməkdədir.
Qaxa istirahətə gələn turistlərin sayı artmışdır
Nəzir Omarovun rəhbərlik etdiyi Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsində 96 müəssisə və 1 abidə mühafizəçiləri qrupu fəaliyyət göstərir, 49 kitabxana, 23 mədəniyyət evi, 17 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix Diyarşünaslıq muzeyi, İ.Dağıstanlı xatirə muzeyi), İlisu Tarix Mədəniyyət Qoruğu, Rəsm Qalereyası və İncəsənət Məktəbində ümumilikdə 500 nəfərdən çox mədəniyyət işçisi çalışır.
Rayonda 2 mehmanxana, «Şəfa» istirahət və müalicə pansionatı, İlisu pansionatı, «Yaşıl park», «Ulu», «İmproteks», «Ulu dağ» turizm və istirahət mərkəzləri və «Eden» Park Hotel, «Səngər qala» istirahət mərkəzi, «El Resort» beş ulduzlu otel turistlərə xidmət işini həyata keçirir. İstirahətə gələn yerli və xarici turistlərin sayı ildən-ilə artmaqdadır.
Bu gün Qax şəhəri yerli əhali tərəfindən «İçəribazar» adlandırılan «Qax qalası»nın yerləşdiyi ərazi daxilindən və həmçinin XVIII əsrə (Hicri-1202) aid «Qaxmuğan» məscidinin əhatəsindən genişlənərək müasir görkəmini almışdır. İçəribazar XIX əsrin sonları XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirmişdir. Bu gün İçəribazar tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayılır. Hazırda bu abidə özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətlərindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək dükanlar tikilmiş, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir.
***
Qətiyyətlə demək olar ki, Qax bu gün ölkəmizin ən çox inkişaf etmiş və etməkdə olan rayonlarından biridir. Bu rayonun son illərdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq deyə bilərik ki. Qax yüksəliş illərini yaşayır. Bu inkişaf yolunda rayon rəhbərliyinə və bütün tərəqqipərvər Qax vətəndaşlarına müvəffəqiyyətlər arzulayırıq.