Sosial (4-12-2017, 16:00)
Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı
"2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb".
Mediatv.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
"Onlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. 5 mindən yuxarı isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - deyə, Mərkəz rəsmisi əlavə edib.
V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: "Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır".
