Sosial (4-05-2014, 09:20)
Gül bayramında hansı tədbirlər keçiriləcək? SİYAHI
Azərbaycanda keçiriləcək Gül bayramına bir həftə qalıb. Ölkənin üçüncü prezidenti mərhum Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə baş tutacaq bu ilki bayramda keçiriləcək bir neçə tədbir müəyyən edilib.
Hafta.az-ın məlumatına görə, artıq bir neçə həftədir ki, Respublika Sarayının qarşısındakı Heydər Əliyev parkı bu məqsədlə sakinlər üçün bağlanıb və hazırlıq işləri yekunlaşmaq üzrədir. Gül bayramı mayın 10-da saat 12:00-da məhz bu parkda açıq elan ediləcək.
Digər illərdən fərqli olaraq, bu il gül kompozisiyaları “Basin”də salınmış Qış bulvarında da təqdim olunacaq.
Bundan başqa, 10 may tədbirləri Dənizkənarı Milli Parkda Saat qülləsi yanında saat 21:00-da bayram konserti və atəşfəşanlıqla davam etdiriləcək.
Mətbuatda gedən məlumatlara görə, 2014-cü ilin Gül bayramına Türkiyənin məşhur müğənnisi Hadisə də qatılacaq. Amma sənətçi mayın 7- i bu münasibətlə paytaxta yox, Gəncəyə üz tutacaq. Bu barədə prodüser Tarix Əliyev (Tolik) şəxsi İnstaqram səhifəsində xəbər yayıb.
Məlumat üçün deyək ki, keçiriləcək tədbirlərlə əlaqədar, həmin gün Bakıda nəqliyyatın hərəkətində bir sıra problemlər yaranacaq. Belə ki, səhər 8:00-dan etibarən M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq, Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
![](http://tedbirler.az/ted1-660.gif)