Sosial / Slayd (9-08-2016, 15:46)
“Azsığorta” pulumu ödəmir...” - Qəzaya düşən sürücü narazıdır
Masallı rayon sakini Mahmud Ağayev “Azsığorta” şirkətindən şikayətçidir.
Mediatv.az xəbər verir ki, o bununla bağlı “Qafqazinfo”ya müraciət edib. Şikayətçi bildirib ki, iyun ayının 22-də 10-GP-440 markalı maşınıyla hərəkətdə olarkən VAZ 2107 markalı maşının qaydası pozması nəticəsində toqquşma hadisəsi baş verib: “ Şahidlərin və sürücünün etirafından sonra istintaq təyin edildi. Qərar verildi ki, VAZ 2107 markalı maşının sürücüsü təqsirkardır. Maşınıma dəymiş ziyanın ödənilməsi üçün sənədləri toplayıb “Azsığorta” şirkətinə təqdim etdim. “Sığorta haqqında” qanuna əsasən dəymiş ziyan 7 iş günü müddətində ödənilməli olsa da, iki aydır ki pul ödənilmir. Deyirlər ki, özümüz ekspertiza təyin etmişik. Hər iki maşının sürücüsündə də günah olub. Ona görə yarı-yarı ödəyəcəyik. Bu şirkət dövlətin istintaq orqanının çıxardığı qərara məhəl qoymur. Nə istəyirlər, onu da edirlər”. “Qafqazinfo” məsələ ilə əlaqədar sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, Mahmud Ağayev ekspertizanın rəyini öyrənmək üçün şirkətə gəlməlidir: “Hər iki maşının sürücüsündə də günah olub. Ona görə də dəymiş ziyana yarıya bölünərək ödəniləcək. M. Ağayev gəlib sənədləri imzalasa, ziyanı ödəyərik. Əgər narazıdırsa, məhkəməyə müraciət edə bilər”.