Sosial (25-11-2015, 17:50)
ADAU-da rəsm sərgisi- FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakultəsində dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərginin nümayişi olub. Sərgidə tamaşaçılara 14 tələbənin 50-dən artıq rəsm əsəri təqdim edilib.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə Mənsurə Hacıyevanın, Təranə Əsədovanın, Elvin Quliyevin, İlahə Məmmədovanın, Füruzə Tağıyevanın və digər gənc dizayner-rəssamların təqdim etdikləri müxtəlif janrlı əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sərginin açılışında ADAU-nun prorektorları Anar Hətəmov, Aidə Qasımova, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov, Aqrotexnologiya fakultəsinin dekanı Elman Mövsümov çıxış edib, tamaşaçılara təqdim olunan əsərləri tələbələrin hesabatı kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə bütün sahlərdə olduğu kimi milli-mənəvi dəyərlərimizin təbliğində də uğurlu addımlar atılır. Xüsusilə yaradıcı və istedadlı gənclər dövlət qayğısı ilə əhatə olunur, onlara geniş imkanlar yaradılır. Bu sahədə Heydər Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri yüksək dəyərləndirilib.
Sərgidə II kurs tələbəsi Mənsurə Hacıyeva 12 rəsm əsəri ilə iştirak edib. Onun müxtəlif fantaziya və düşüncələrinin məhsulu olan əsərlərini sərgi iştirakçıları maraqla qarşılayıb.
Özünün və tələbə yoldaşlarının fikirlərini ifadə edən Mənsurə Hacıyeva deyib ki, rəssam-dizayner olmaq onun çoxdankı arzusu olub və bu gün arzusu gerçəkləşdiyi üçün özünü xoşbəxt hesab edir.
Sonra iştirakçılar gənc rəssam Mənsurə Hacıyevanın qardaşı, 7-ci sinif şagirdi Emil Hacıyevin fleytada ifa etdiyi musiqi nömrələrinin müşaiyyəti ilə sərgidə nümayiş olunan rəsm əsərlərinə baxıblar.
Sonda gənc rəssamlara diplomlar təqdim edilib.
