Sosial (14-10-2015, 10:29)
Şərəfə layiq insan
Dəmiryolçuların peşə bayramında fəxri ad alan əməkdar dəmiryolçu Sabir Məhərrəmov ölkə başçısına və yol rəhbərliyinə minnətdarlığılnı bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olunub. Dəmiryolçular həmin günü hər il böyük təntənə ilə qeyd edirlər. Bu il oktyabrın 12-də Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə bir qrup şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib. Bu şərəfə layiq görülənlərdən biri də QSC-nin əsaslı Tikinti və Texniki Nəızarət İdarəsinin direktoru Məhərrəmov Sabir Tulu oğludur. Saytımızın tribunasından istifadə etmək fürsətini dəyərləndirərək, ona göstərilən yüksək etimada görə möhtərəm prezidentimiz İlHam Əliyevə və dəmiryol rəhbərliyinə dərin minnətdarlığını bildirən Sabir Məhərrəmov deyir ki, Azərbaycan dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır: “ Məhz onun diqqət və qayğısı sayəsində iyirminci əsrin sonlarında dəmiryolu öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də Sovet İttifaqında hökumətdə rəhbər vəzifədə çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Ümummilli liderimizin rəhbərliyi altında o zamanki Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri və bir çox stansiyalar inşa edilərək istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində, digər sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 1300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir”. Əməkdar dəmiryolçunun sözlərinə görə, Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır: “ Ölkəmiz beynəlxalq və regional layihələrin, o cümlədən "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşması prosesində fəal iştirak edir. Azərbaycanda son illər dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyev 20 iyul 2009-cu il tarixdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da dəmir yolunun tarixində yeni dövr başlanmışdır. Ölkə başçısı 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010- 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi bir sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapmışdı. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin öz əksini tapdığı Dövlət Proqramının icrası uğurla həyata keçirilmişdir”. Dəmiryolçuların problemləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasında aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri də nəqliyyatın bütün sahələrində, o cümlədən dəmir yolunda aparılan məqsədyönlü texniki-iqtisadi və sosial tədbirlərin həyata keçirilməsidir. Sonda çox hörmətli Sabir müəllimi “əməkdar mühəndis” fəxri adınalayiq görülməsi münasibətilə, onun şəxsində polad magistralın bugünkü tarixini yaradan və yaşadan bütün insanları peşə bayramı münasibətilə təbrik edir, vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətlərində uğurlar arzulayırıq.
