Sosial / Slayd (13-10-2015, 23:16)
DEPUTAT, NAZİRƏ YAXIN SAYTDA TƏHQİR OLUNDU – Məmmədovlar Adil Əliyevdən qisas alır?
“Yalan və iftiraya görə cinayət məsuliyyətinə cəlb olunacaqsınız!”
Mediatv.az-ın məlumatına görə, mətbu və siyasi çevrələrdə nəqliyyat naziri Ziya Məmmədovun yaxın ətrafından maliyyələşdirildiyi haqda söhbətlər gəzən bir sayt, oktyabrın 12-də dərc etdiyi məqalədə deputat Adil Əliyevə qarşı olmazın ittihamlar irəli sürüb, onu açıq mətnlə təhqir edib. AzPolitika.info-nun məlumatına görə, A.Əliyevin ağır cinayətlərdə ittiham olunduğu yazı “1-ci hissə” kimi təqdim olunub və sonunda növbəti hissəyə dair anonslar verilib.
Bu gün Adil Əliyev “Feysbuk” üzərindən həmin yazı ilə bağlı açıqlama paylaşaraq, məhkəmə olacağını elan edib, “sifarişçinin” kimliyini bildiyini qeyd edib. Həmin açıqlamanı təqdim edirik:
“Seçki təbliğatının qızğın dövrünü yaşayıram. Bütün günü qərargahdayam, mitinqlərimi, seçicilərlə görüşlərimi planlaşdırıram, qərargah üzvlərinə gündəlik tapşırıqlarımı verirəm. Media strukturları və jurnalistlər sağ olsunlar işimizi geniş şəkildə işıqlandırırlar. Ancaq həmişəki kimi bulanıq suda balıq tutmaq istəyənlər peyda olub.
Bu gün dostlardan biri söylədi ki, adını ilk dəfə eşitdiyim saytlardan biri əleyhimə nəsə cızmaqara yazıb. Mən tənqidə dözümlüyəm, fikir müxtəlifliyinə də normal yanaşıram. Ancaq şantaja, yalana, iftiraya dözümsüzəm. Yenə də deyirəm, hazırda başım seçki təbliğatına qarışıb. Ancaq şərəf və ləyaqətə toxunanları və onlara iftira yazını sifariş verənləri (kim olduqları haqqında məlumatım var) buradan bir daha xəbərdar edirəm: Yalan və iftiraya görə cinayət məsuliyyətinə cəlb olunacaqsınız! Hazırda vəkilimlə məsləhətləşirəm. Adını çəkməyi lüzum bilmədiyim reket saytın rəhbərliyi və onlara bu yazını sifariş verənlər haqqında məhkəmə iddiası qaldırmaq hüququnu özümdə saxlayıram. Və buradan onu da demək istəyirəm ki, məhkəməyə müraciət etsəm, kimsə qapıma gəlib, məndən xahiş, minnət etməsin. Neçə dəfə yalançıları, iftiraçıları məhkəmə vermək istəmişəm, qohumlarını, dostlarını üstümə göndəriblər ki, “Sən Allah bağışla” onları. Mən də bağışlamışam. Bu dəfə bağışlamayacam! Azad sözə və həqiqi mətbuat nümayəndələrinə hörmətim sonsuzdur, ancaq reket jurnalistlərlə və saytlarla mübarizənin bir yolu var: Məhkəmə! Bir daha sizi xəbərdar edirəm, özünüzü yığışdırın!”
Qeyd edək ki, seçki kampaniyaları dövründə bu tipli yazılara rast gəlinməsi təbiidir. Lakin bir daha qeyd edirik ki, sözügedən məqalədə bütün əndazələr aşılıb və deputat ən ağır cinayətlərdə suçlanıb, açıq mətnlə təhqir olunub. Bu onu göstərir ki, kimsə A.Əliyevi qəsdən, qisasçılıq zəminində təhqir etdirib. Sifarişçinin A.Əliyevin seçkidəki rəqiblərindən biri olduğu istisnadır. Elə isə sual olunur: Ziya Məmmədovun yaxınlarına məxsus sayt, A.Əliyevdən nəyin qisasını alır?
Məsələ ondadır ki, Adil Əliyevlə Ziya Məmmədovun qardaşı uşaqları Aynar və Elnur Məmmədovlar arasında problemlər olduğu haqda ötən il də KİV-lərdə məlumatlar getmişdi. Belə ki, ötən il fevralın 23-də
Bakıda – “Sərhədçi” İdman Kompleksində Məmmədov qardaşlarının təşkilatçılığı ilə “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsi keçirilərkən, Azərbaycan Kinqboks Federasiyasının prezidenti olan Adil Əliyev bu yarışı qanunsuz adlandırmış, sərt etirazını bildirmişdi.
“Təşkilatçılar özbaşınalıq edirlər. Yəqin bunun da səbəbləri var, əmi-dayı, pul səbəbləri… Yarış belə baş tutur da, zor gücünə”, deyə, həmin vaxt Adil Əliyev AzPolitika-ya açıqlamasında bildirmişdi.
Lakin istisna deyil ki, Məmmədovları qəzəbləndirən başqa bir məsələ də var. Məsələn, ola bilsin ki, nazirin yaxınları Adil Əliyevin elə oktyabrın 12-də səhər saatlarında saytlarda yayımlanmış müsahibəsindəki bir cümləyə bu yazı ilə qarşılıq veriblər. Həmin müsahibədə Anar Məmmədovun ayıkəsdirmə əhvalatına toxunulur. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə Adil Əliyevin söhbətinin həmin hissəsini təqdim edirik:
- Yəni deyirsiniz ki, zəngin adamların heç də hamısı əliəyriliklə zənginləşməyib də… Bunu təbii yollarla edənlər də var…
– Bəli… Özü də bu gün Azərbaycanda o dərəcədə zəngin adamlar yoxdur ki, özəl təyyarə minsinlər, böyük pula ayı kəsdirib yesinlər, ya da tamam başqa işlərlə məşğul olsunlar. Mən tək o dərəcədə də zəngin adamları demirəm.
- Adil müəllim, yəni deyirsiniz ki, böyük pula ayı kəsdirib yeyənlər var?
– (Gülür…) Mətbuatdan oxuyuruq ki, belə şeylər olub da…
- Siz içəridən bilərsiniz, belə bir xəbər varmı?
– Yox, mənim içəridən xəbərim yoxdur, vallah, görməmişəm. Mən də hamı kimi, mətbuatdan oxuyuram…
Maraqlıdır, Məmmədovları bunlar qəzəbləndirib, yoxsa bilmədiyimiz başqa məsələlər də var?…
(Azpolitika.info)