Sosial (20-08-2015, 11:13)
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çin Xalq Respublikasında keçirilən növbəti seminarda iştirak ediblər
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Heydər Quliyev, Ələkbər Ələkbərov, Rövşən Quliyev, Ramin Abbasov, Zöhrab Babayev 2015-ci ilin 28 iyul - 17 avqust tarixlərində Çin Xalq Respublikasında "İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının mexanikləşdirilməsi" mövzusunda keçirilən seminarda iştirak ediblər. Seminar müddətində müvafiq sahələrin professorlarının mühazirələri dinlənilmiş, iştirakçılar kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olan müəssisələrdə, Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Elmlər Akademiyasında (CAAMS) olmuşlar. Akademiyada sıfır becərmə texnologiyaları, kənd təsərrüfatı məhsullarının emalı, aqrar siyasət, məhsul yığımında texnikanın tətbiqi, kənd təsərrüfatının mexanikləşdirilməsi üzrə milli siyasət, suvarmada suya qənaət texnologiyası, kənd təsərrüfatında internetin tətbiqinə dair mühazirələri dinlənilib, müzakirələr aparılıb. Həmçinin, seminar iştirakçıları Çinin aparıcı şirkətlərdən biri olan YTO Qrupunun istehsal etdiyi traktor yığımı zavodunda, Şanxay kənd təsərrüfatının mexanikləşdirilməsi xidməti mərkəzində, Qlobal tədqiqat və inkişaf mərkəzində, kənd təsərrüfatı məhsullarının istehsalı və qablaşdırılması şirkəti olan Yakultda olublar. Dünyanın 17 ölkəsini təmsil edən nümayəndələrə ADAU əməkdaşları tərəfindən Azərbaycanın tarixi, bugünü, sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, aqrar təhsil barədə verilmiş təqdimat böyük maraqla qarşılanıb. Seminarın sonunda iştirakçılara sertifikatlar verilib.
