Sosial / Slayd (25-06-2015, 17:35)
Səttar Mehbalıyevin "orman qanunları"... - İTTİHAM VAR
Nabranda yerləşən "Orman” İstirahət Mərkəzi ilə bağlı Arqument.az-a sensasion məlumat daxil olub
Məlumatda bildirilir ki, sözügedən istirahət mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyevə məxsusdur. Hazırda "Orman”ı Mehbalıyevin yaxın qohumlarından biri idarə edir.
Mənbə bildirir ki, Mehbalıyevin onlarla belə istirahət mərkəzi var və bu mərkəzlər üzərindən maxinasiyaya yol verərək külli miqdarda pul mənimsəyir. Belə ki, Həmkarlar İttifaqında yığılan pullar "Orman” və digər obyektlərdə silinir. Həmkarlar İttifaqını öz mülkiyyəti kimi idarə edən millət vəkili "putyovka” – yollayışların da çoxunu öz istirahət mərkəzlərinə və sanatoriyalarına yönləndirir. Bununla da yollayışlardan gələn pullar yenə dolayısı ilə özünə qayıdır. Bir sözlə, Mehbalıyev "özüm satıb, özüm alıram” prinsipi ilə fəaliyyət göstərir.
Məlumatda o da vurğulanır ki, "Orman”da iki şəxsin gündəlik nağd ödənişi 50 AZN olduğu halda, yollayışlar zamanı bu rəqəm 100-150 manat civarında dəyişir. Bu həm də istirahət mərkəzindəki daha yaxşı, komfort otaqların səviyyəsinə görə müəyyən edilir. Bu da Mehbalıyevin maliyyə vəsaitlərini necə ələ keçirdiyindən xəbər verir.
Güzəştlərlə bağlı məsələyə gəlincə, mənbə bildirir ki, bu istirahət mərkəzi özəl qaydalarla işləyir, amma qanuna görə işləyən vətəndaşlar - məcburi dövlət sosial sığortasına cəlb olunanlar yalnız yollayışların dəyərinin 15 faizini ödəməlidir. Tutaq ki, 400 manat dəyərində yollayış alınırsa, işçi onun ancaq 60 manatını ödəyir. Qalanı Həmkarlar İttifaqı xətti ilə Dövlət Sosial Müdafiə Fondundan ayrılmış vəsait hesabına ödənilir. Əgər yollayış sosial sığortaya cəlb olunmayan şəxslərə verilirsə, onlar yollayışların 10 faizində güzəşt edilir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Həmkarlar İttifaqı Konfederasiyasının birgə işləyib hazırladığı qaydalar mövcuddur. həmin qaydalara görə qaçqın və məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələləri üçün ilk növbədə fond yaradılıb. Onlar pulsuz yollayışlarla təmin olunmalıdırlar. Amma sözügedən istirahət mərkəzində xidmətlər zamanı vətəndaşlardan hər gün müəyyən məbləğdə pul alınır.
İstirahət mərkəzində qiymətlərin bahalığına gəlincə isə kurortlarla bağlı qiymətləri də məhz Həmkarlar İttifaqı Konfedersiyası müəyyənləşdirir. Bir sözlə, Mehbalıyev əlindəki obyektləri Həmkarlar İttifaqını vasitəsilə biznes şəbəkəsinə çevirir.
S.Mehbalıyevin biznesinə gəldikdə isə bu, qanunvericilikdə yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasında millət vəkilinin bizneslə məşğul olması birmənalı olaraq qadağan olunur. Amma böyük bir şəbəkə - biznesmen deputatlar qanunvericiliyin tələblərini, xüsusən də Ana Yasada təsbit olunan maddələri kobud şəkildə pozurlar. Hər halda ekspertlər də deputatın bizneslə məşğul olmasını kobud qanun pozuntusu hesab edir. Əlimizdə isə Mehbalıyevin biznes obyektləri ilə bağlı bir çox məlumatlar var. Bununla bağlı araşdırmalarımız davam edir.
Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc edəcəyik.