Sosial / Slayd (4-03-2015, 21:32)
“Ölü doğdu”, “evdə doğdu”, “pul vermədi…”
2015-ci ilin ilk təsirli xəbərlərindən biri də bu oldu ki, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq. Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək.
Bu o deməkdir ki, Bakının Sabunçu rayonundakı 3 saylı şəhər Klinik Xəstəxanasının Doğum Şöbəsində qiymətlər qalxacaq. İkinci qız uşağına hamilə qalan qadınlardan tələb olunan rüşvət kəlləçarxa çıxacaq. Doğrudur, bu, yaxın gələcəyin proqnozudur. Amma belə qənaətə gəlməyə əsas verən ciddi səbəb doktor Arzu Babayevanın rəhbərlik etdiyi bu şöbədə korrupsiyanın baş alıb getməsidir.
Şöbədə vüsət almaqda olan rüşvətxorluğla bağlı redaksiyamıza daxil olan məktubda Arzu Babayevanın şöbəsində qeyri-rəsmi aparılan “qara mühasibatlığa” nümunə sayıla biləcək qeydlər yer almışdır. Özü-özlüyündə həm də cədvələ oxşayan həmin vərəqlərdə qrafalar üzrə sütunlarda ilk öncə tarix, pasient qadınların adları, sonra onlara xidmət göstərmiş həkim ginekoloqların soyadları, ən nəhayət, qadın pasientlərdən alınan pulun kəmiyyəti yazılmışdır. Hətta akuşer-tibb bacılarına, xadimələrə də pay-püşk edilən pulların siyahısını əks etdirən həmin cədvəllərdə hər şey, hətta boşa çıxan, rüşvətalma cəhdləri də yer almışdır. Məsələn, belə uğursuz qrafaların birinin qarşısında “vermədi”, “evdə doğdu”, “ölü doğuldu” və s. bu kimi qeydlər aparılıb. Təsəvvür edin, rüşvətxorluq o qədər adiləşib ki, artıq bu müstəvidə peşə leksikonu formalaşıb,uşağın dünyaya gəlməsi rüşvət hesabına baş verir.
Bu həm də onu göstərir ki, Doğum Şöbəsində uşaq ölümü faktları gizlədilir. Çünki Arzu Babayevanın səhiyyə nazirliyində Aydın adlı müdafiəçisi var.Şöbə müdirinin rəvac verdiyi qanunsuzluqlar arasında başqa biri də şöbədə həkimlərin əməyini qarşılığını ödəmədən istismar etməsidir. Bildirilir ki, tibb bacılarına ayda 136 saat iş saatı yazılsa da, Arzu Babayeva onları 200 saat işlədir.Əmək məcəlləsini pozmağa,işçiləri təhqir etməyə görəsən ona kim icazə verib?Əlimizdə olan cədvələ baxanda istənilən işçinin 200 saat işlədiyini aydın görmək olar.
Əlimizdə olan “qara mühasibatlıq sənədləri” 2015-ci ilin əvvəlindən indiyədək ötən ay ərzində aparılan qeydlərdir. İsti izlərlə həmin rüşvətxorluğu ifşa etmək üçün redaksiyamızda əlaqədar qurumlara - Səhiyyə Nazirliyinə, hüqüq mühafizə orqanlarına eləcədə aidiyyatı təşkilatlara müraciət hazırlanır. Düşünürük ki, sözügedən xəstəxananın baş həkimi doktor Fikrət Zeynalovun da reaksiyası özünü çox ləngitməyəcək.