Sosial / Slayd (8-03-2014, 16:13)
Rəbiyyət Aslanova nurçu məmurlar haqda məqalə yazdı
Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova son dövrlər Azərbaycanda bəzi məmurların və deputatların Fətullah Gülənlə bağlığına dair səslənən fikirlərlə bağlı müəllif yazısı ilə çıxış edib.
Həmin məqaləni təqdim edirik:
Azərbaycan xalqı bir neçə ay bundan əvvəl prezident seçkilərindən yekdilliklə, milli birlik və qələbə ilə çıxdı. Bu Azərbaycanın qarşıdakı illərdə ancaq irəliləməsi deməkdir. 2014-cü il Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinin həyata keçirildiyi ilk tarixi il, dönüş nöqtəsi olacaq. Azərbaycanı istəməyən qüvvələr dövlətimizin taleyinin ən etibarlı insanın əlində olacağını, burada qeyri-sabitlik yaratmaq cəhdlərinin bəri başdan iflasa uğradığını bilirlər. Bu bir çoxlarını qıcıqlandır. Müstəqillikdən üzü bəri həyata keçirilən milli maraqlar və milli birlik, iqtidardaxili həmrəylik və vətəndaş sülhü siyasəti bugünkü uğurlarımızın təməl şərtidir.
Onu təmin edən ulu öndərin adı bu gün milli birliyimizin rəmzinə çevrilib. Dövlətçiliyimizin uğurlarını görmək istəməyənlər tarixən də, bu gün də məhz bu birliyə qarşı çıxmışdır. Azərbaycanın qarşısında dayanan ən vacib məsələlər sırasında ümummilli lider Heydər Əliyev milli birliyi, həmrəyliyi xüsusi vurğulayırdı. Ulu öndərin rəhbərliyi dövründə müstəqilliyin taleyini sual altında qoyan səbəblərdən biri də elə vətəndaş qarşıdurması idi. Bu həmrəyliyə milli ehtiyacdan doğan bir tələbat idi və həmin tələbat həmişə olduğu kimi bu gün də aktualdır. Ancaq dövlətçiliyimizin uğurlarını görmək istəməyənlər bununla barışa bilmirlər.
Doğrudur, milli birlik nemətindən məhrum olan insanlar cəmiyyətin çox cüzi bir hissəsini təşkil edirlər. Xalqın böyül əksəriyyəti iqtidarın yanındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, bütün nitqlərində ölkə ictimaiyyətini antiazərbaycan mövqeyində dayanan daxili və xarici təşkilatlara qarşı prinsipial vətəndaş mövqeyi nümayiş etdirmək, milli birliyi pozmaq cəhdlərinə son qoymaq çağırışlarını edir. Ölkəmiz müharibə şəraitində yaşayır və onun bəlli, aşkar düşmənləri var. Xalqımızın düşmənlərinin kimliyi də dövlət başçımızın nitqində çox aydın şəkildə dəfələrlə vurğulanıb. Yeni Azərbaycan Partiyasının 20 illik yubileyində Azərbaycan dövlətinə düşmən olan qüvvələr – işğalçı Ermənistan, qlobal erməni lobbisi və islamofob mərkəzlər açıq-aşkar göstərildi.
Deməli, qüvvəmizi cəmləyib yönəltməli olduğumuz konkret ünvanlar var. Bu düşmənlər dura-dura, aramızda düşmən axtarmaq, qüvvələrimizi parçalamaq yolverilməzdir. Dövlət başçısının “Azərbaycanın Ümummilli problemi” adlandırdığı Dağlıq Qarabağ probleminin həllinə, ərazi bütövlüyünün bərpa edilməsinə aparan yollardan biri informasiya müharibəsində qalib gəlməkdir. Azərbaycan iqtidarı Ermənistanın işğalçılıq siyasətini yalnız milli birliklə dünyaya bəyan edə bilib, dövlətimiz ətrafında yaradılan informasiya blokadasının yarılmasına xalqın dəstəyi ilə nail olub. Bu missiyaya xidmət etməyən cüzi saylı adamlara cəmiyyət də, tarix də öz qiymətini onsuz da verir.
Belələri “iqtidardaxili düşmən axtarışları, ziddiyyətlər görüntüsü yaratmaq, çağırışını etmək, hay-küy salmaq üçün min cür bəhanə axtarırlar. Son günlərin ən diqqətçəkən hadisələrindən biri Azərbaycan cəmiyyətində, xüsusilə də iqtidar komandasında “düşmən axtarışı” görüntüsü yaratmaq, bir sıra tanınmış adamları, fəal ictimai xadimləri, bəzi siyasətçiləri, hətta millət vəkilləri ayrı-ayrı dini təriqətlərin üzvü kimi ölkənin mənafeyinin zidd olan fəaliyyətdə təqsirləndirmək cəhdləridir.
Təbii ki, əsası olmayan böhtanlara kəskin və arqumentli cavablar verilməkdədir və hələ veriləcəkdir. İlk baxışda bu tanış ssenaridir, köhnə oyunlardır, ənənəvi gedişlərdir, artıq son bir neçə illərdir ki, bəlli mənbələrdən məlum ünvanlara yönəlir. Bu cizma-qaraların qeyri-ciddi, son illər haqq-hesab çürütməyin məkanına və alətinə çevrilən sosial şəbəkə – “internet-qeybət” səhifəsində yazılmasını əsas gətirməklə, ciddiyə almamaq da olardı. Lakin bəlli müxalifət qəzetlərinin onu düşünülmüş şəkildə tirajlayaraq yoxlanılmış mötəbər mənbə kimi yayması məsələyə ciddi yanaşmağı tələb edir.
Görünən odur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyənlər artıq cəmiyyətdə vətəndaş birliyinə, barış və tolerantlığa qəsd etmək naminə müxtəlif iyrənc vasitələrə əl atmağı hədəfə almışlar. Adları məqsədyönlü şəkildə hallandırılan, bütün fəaliyyəti göz önündə olan gənc, perspektivli, işgüzar, vətənpərvər insanların qətiyyən kiminsə müdafiəsinə ehtiyacları yoxdur. Çünki bu şəxslər Azərbaycan cəmiyyətində özlərini təsdiq etmiş insanlardır.
Adları çəkilən şəxslər istər mövcud hakimiyyət, istər hakim partiya, istərsə də dövlətimiz, cəmiyyətimiz üçün öz əməli fəaliyyətlərini ortaya qoymuş, bu yolda əzmlə davam edən insanlardır. Kimlərinsə belə insanlar haqqında əsassız iddialar, fikirlər söyləməsi böhtançıların əsl simasını açıb göstərir. İqtidar nümayəndələrinə, dövlət rəsmilərinə dair söylənilən hər kəlmə nəinki cəmiyyətdə, hətta uzaq ölkələrdə belə ciddi şəkildə izlənilir və bizi daha məsuliyyətli olmağa çağırır.
Biz iqtidar-xalq birliyini, Azərbaycanın dünyada müsbət imicini, nüfuzunu aşağı salmaq üçün heç bir fürsət və ümid yeri verməməliyik. Bəli, Azərbaycan haqda bu gün onsuz da qərəzli rəy və hesabatların ənənəvi hal alması hamımıza məlumdur. Təəssüflər olsun ki, KİV-lərin gündəmində ölkədə mövcud olan aktual məsələlərin müzakirəsi deyil, artıq illərlə dəyişməyən PR və sensasiya düşkünlüyü ön cərgədə durur, hətta artıq bu isterika səviyyəsinə çatmışdır.
Ən dözülməz hal həm də ondadır ki, xalqımız Xocalı faciəsini, Azərbaycanın müstəqilliyini heç cür həzm edə bilməyən qüvvələrin hiylə və təxribat tarixlərini bir daha üzərində düşündüyü günlərdə biz olduqca xoşagəlməz mənzərə ilə üzləşirik. Böhtanın girovuna çevrilənlərə, çirkaba batanlara bir sualımız var: Azərbaycana qarşı qlobal miqyasda aparılan ikili standartlar, qərəz, yalan siyasəti məgər azdırmı? Dövlətçiliyə xidmət edən insanların gözdənsalma və qaralama kampaniyası Azərbaycanın imicinə vurulan zərbə deyilsə, bəs nədir? Anonim mənbə kimi sosial şəbəkənin seçilməsi də təsadüfi sayılmamalıdır.
Bu gün qeyri-sabitliyin ixracına, qanuni hakimiyyətlərin devrilməsinə, vətəndaş müharibəsinə rəvac verilməsinə, hətta suveren ölkələrin bombalanmasına gətirib çıxaran olaylara da məhz sosial şəbəkələrdən start verilir. Bəlli mənbələrdən qüvvələrimizi və sıralarımızı parçalamağa hesablanan ürəkbulandırıcı iftiraları yaymaq üçün məhz bu zamanın hədəfə alınması çox düşündürücüdür. Çünki, bu adları hallandırılan insanlar dünyada Azərbaycan həqiqətlərini yaymaqla bütün gücünü səfərbər etdiyi vaxtda onlara qarşı iyrənc böhtan kampaniyasına start verilir. Bu olaylara əhəmiyyət verməmək də olar.
Lakin artıq bütün mümkün etik-mənəvi hədlər keçilmiş, yüksək vəzifəli dövlət məmurlarına çirkab atılması kampaniyasına başlanmışdır. Bunlar isə “təhlükəli presedent” formalaşdırır. Dövlət orqanlarının, məmurunun imicinə xələl gətirməyə hesablanmış iftira diqqətdən kənarda qalmamalıdır.
Azərbaycan demokratik ölkədir və hər kəs öz fikrini söyləməkdə sərbəstdir. Senzuranın olmadığı şəraitdə istənilən mətbu nəşrində əxlaqi-mənəvi senzuranın tətbiq edildiyi bir hədd olmalıdır. İnsaniyyət və qeyri-insanlığın arasındakı hüdudu aşmağa, dövlətçiliyə sadiq insanlara çirkab atmağa, təhqir etməyə, Azərbaycan cəmiyyətini və iqtidar komandasını məhz bu şəkildə təqdim etməyə heç kimin haqqı yoxdur. Bu da demokratiyanın mühüm meyarıdır. İqtidar komandasını, dövlət başçısının kadr siyasətini hədəfə alan bu hadisələr dərin təhlil edilməlidir. Müdrik bir deyimə görə “böhtan, iftira acizlərin və zəiflərin nəsibidir”.
Lakin burada xalqımızın, cəmiyyətimizin diqqətə alacağı mesajlar var. Biz bilməliyik ki, bu kimlərinsə ucuz şou yaratmaq, PR xatirinə ləyaqətli insanlara böhtan atmaq cəhdləridirmi? Bu sahəyə cavabdeh olan aidiyyətli dövlət qurumları nə tədbirləri görür və görməlidir? Eyni zamanda qədim latınların deyimi ilə “bu kimin üçün sərfəlidir? (“Quiprodest?”) sualına da cavab axtarmaq lazım gəlir”. Gündəmdə bu gün KİV və milli maraqlar mövzusu durmalıdır. KİV-lər də mənəvi dəyər oriyentasiyalarına malik olmalıdır, yoxsa olmamalıdır? Nədənsə milli maraqlar deyil, kütləvi iğtişaşlara, vətəndaş itaətsizliyinə çağırışlar kimi mövzular, antiazərbaycançı qüvvələrlə sosial şəbəkələrdə sövdələşmələr aparmaq üstün tutulur.
Beləliklə də bəzi üzdəniraq KİV-lər getdikcə özləri çirkab və böhtanın mənbəyinə, totalitar təriqətə çevrilib, öz buyuruqçularına sözsüz itaət quluna dönürlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrimizə səfəri zamanı bu mövzuya toxunaraq qeyd etmişdir: “Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun. Eyni zamanda çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar.
Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir”. Xalqımız artıq yaxşı bilir ki, zaman-zaman antiazərbaycançı qüvvələr fəallaşır, geosiyasi maraqların kölgəsi görünür. Həm də bu zaman əsas vurğu cəmiyyətdə aktual problemlərin həllinə yönəlik alternativ ideya və təşəbbüslərə deyil, mövcud uğurlara kölgə salmağa, həssas mövzuların emosiyalara hesablanmış qərəzli sui-istifadəsinə hesablanır.
Xaricdən antiazərbaycançı mənbələrin buyuruqları üzərindən Azərbaycan hakimiyyətinə qarşı təhdidlərə rəvac verənlər gərginliyi yaratmaq uçun bütün vasitələrə əl atırlar. Buna görə də birbaşa bəyan etmək istərdik: baş verənlər KİV qanununa, mənəviyyatımıza, milli maraqlara, milli birliyə, dövlətimizin tolerantlıq modelinə, xaricdə müsbət imicinə, daxildə dövlət orqanlarının nüfuzuna, dövlətimizin humanizm siyasətinə, iqtidar daxili konsolodasiyaya ziddir. Azərbaycan dövlətinin xaricdə müsbət imicinin formalaşması onun milli maraqların təminatının əsas prinsiplərindəndir. Biz dünyəvi, demokratik və hüquqi dövlətdə yaşayırıq. Bu o deməkdir ki, burada şər-böhtan ritorikası kimin inkar etməsindən asılı olmayaraq, hüquq müstəvisinə aiddir. Hüquqi dövlətdə törədilən konkret əməllər var, qanunlar və onlara müvafiq cəzalar var.
Əməlləri dövlətçilik anlamına zidd olanlara gəldikdə isə, yenə də qeyd etmək istəyirəm ki, onlara yalnız hüquqi qiymət verilməlidir. Siyasətçilərin, dövlətçiliyə xidmət edən insanların öz ictimai-siyasi fəaliyyəti və şəxsi həyatı ilə bağlı yerli-yersiz məlumatların tirajlanmasına emosional deyil, soyuqqanlı və məsuliyyətlə yanaşmaq kimi yazılmamış öhdəliyi var. Uzun illərdir ki, iqtidar komandasında olan həmkarlarımla bunu müşahidə etmişəm. Artıq alnıaçıq şəkildə dövlətçiliyə sadiq olduğumuzu sübut edən əhəmiyyətli zaman yaşamışıq. Heç nəyə baxmayaraq, yalnız əqidəmizə sadiq olmuşuq. Lakin bu gün bunlara kölgə salmaq istəyənlərin cəhdləri əvvəlcədən uğursuzluğa düçardır.
Bu qərəzlərin mənbəyini bilmək üçün təkcə sövq-təbii duyuma ehtiyac yoxdur. Azərbaycan media məkanı o qədər də nəhəng deyil. Hamı hansı qəzetin, internet səhifədən haradan yönəldiyini bilir, yaxud ən azı ehtimal edilir. Son 10 ildə olduğu kimi, hazırkı dövrdə iqtidarın yanında olan hər kəs üçün ən məsuliyyətli ildir. İqtidar olaraq bütün qüvvələrimiz konkret işlərə, yeni uğurlara və qələbələrə yönəldilməlidir. Bu həm də Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi deməkdir. Bu günə qədər qazanılan uğurlarımızın təməlində xalq-iqtidar birliyi, bundan az əhəmiyyətə malik olmayan iqtidardaxili konsolidasiya durub.
Xalqımız bu iqtidara ilk növbədə milli birliyi və vəhdəti təmin edə bildiyinə görə, bu tarixi uğura isə məhz öz daxilində sarsılmaz birliyi təmin etdiyinə görə etimad edir. Ona altenativ görmür. Azərbaycan vətəndaşı bu illərdə müxalifət olduqları deyilən, lakin iki nəfərin bir ortaq məxrəcə gələ bilmədiyi qüvvələrin müttəfiqliyinə də buna görə heç vaxt etibar etməyib, onları qınayıb. Onların miili birliyi təmin edəcəyinə bir saat da olsun inanmayıb. Son dövrdə ölkədə məmur-vətəndaş münasibətləri dövlət başçısının həsas diqqətində və gündəmdədir.
Dövlət başçısı bu məsələ ilə bağlı qəti mövqeyini bildirmiş, yeniləşə bilməyən, mütərəqqi fəaliyyət potensialı tükənən məmurların aqibəti artıq bəllidir. Kimə xidmət etməsi məlum olmayan bəzi insanlar potensial və yaradıcılığının tükənməsini hiss edir. Prezidentin başladığı möhtəşəm islahatların sürəti ilə ayaqlaşa bilmədiyini dərk edir. On illərlə oturub, heç nəyə cavabdeh olmadan, heç bir əziyyət çəkmədən, xalq üçün heç nə etmədən fəallıq görüntüsü yaradanlar da var. Bununla onlar diqqəti başqalarının üzərinə yönəltməklə cəmiyyətdə yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar. Bu gün məhz təriqət mövzusunu bəzi qüvvələr öz çirkin siyasətinə alət edənlər sırasında onlar da var.
Politologiyada “milli populizm” anlayışı var və milli-mənəvi hisslərin siyasi rəqabətdə qeyri-səmimi istifadə edilməsi deməkdir. Milli populizm dedikdə, siyasi mübarizədə real işlərə deyil, xalqın milli hisslərini istismar və istifadə etməyə, qıcıqlandırmağa əsaslanmış fəaliyyət başa düşülür. Bunu perspektivdən məhrum niyyət olduğunun fərqində olmalıdırlar. Otto fon Bismark yazırdı: “Bir var yalan, bir var böhtan, bir də var statistika”. Gəlin internetdə bədnam siyahıda olanların adlarını axtarış verək və ermənilərin onların yerli əlaltılarının onlar haqda yazdıqlarını müqayisə edək!
Adi statistikaya nəzərə salmaq kifayət edər ki, həmin gənc kadrların erməni saytlarında ən çox hədəfə məruz qalanlar olmasına şahid olasan. Nəticə doğrudan da heyrətləndiricidir. Ermənilər də ən çox bu insanları hədəfə alır, böhtan çirkab atır, anonim saytlar da! Hüquqi dövlətdə hər bir əməlin normativ-hüquqi sənədlərlə tənzimlənən formaları var. Təbii ki, buna uyğun olaraq KİV-lərdə əksini tapan hər ifadə ölçüb-biçilməli, böhtanlar xalqı, cəmiyyəti bölməməlidir.
KİV-lərin gündəmi dəyişməlidir, ictimai rəyin ənənəvi manipulyasiya siyasətinin süqutu və yenilənmə zərurəti göz önündədir. İctimai rəydə nüfuzdan məhrum olan, oxucu cəlb edə bilməyən bəzi KİV-lər uydurma sensasiyalar – ssenarilər icad etmək məcbiriyyətindədir. Baş verənlərdə qərəz, birtərəflik, iki qardaş dövlətlərarası münasibətlərin tarixən formalaşmış etikasına və fəlsəfəsinə həssas yanaşılmalıdır. Heç bir əsası olmayan sərsəm sensasiyalar digər tərəfdən, qanunazidd, ləyaqəti alçaldan hərəkətlər olub, Azərbaycanın tolerantlıq ünvanı kimi imicinə zərbə vurur.
Azərbaycan dünyada etiraf edilən tolerantlıq məkanıdır. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın tolerantlıq təcrübəsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna, deməli, milli maraqlara xidmət edir. Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri humanizmdir. Ümummilli lider hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması və s. vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuş, rəhbərliyi ilə qəbul olunmuş ilk müstəqil Konstitusiyada bu məsələ önə çəkilmişdir.
Mən Azərbaycanın milli maraqlarını, iqtidarın sıralarının sarsılmaz birliyini, dövlətimizin və cəmiyyətin bütövlüyünü hər şeydən üstün tutan hər kəsə üz tuturam. Biz müstəqil və sabit əmin-aman dövlət olmaq üçün qanlı-qadalı faciələrdən keçmişik.
Bunların hamısından məhz təxribat və böhtanı həqiqətdən, ağı qaradan ayıra bilən müdrik xalqımızın dəstəyi və birliyi sayəsində qalib çıxa bilmişik. Bu gün Azərbaycanın yaxın və uzaq əhatəsindəki ölkələrdə insanlar xaos və vətəndaş qırğını ilə üzləşdiyi halda Azərbaycanın, dövlət başçısının dediyi kimi “sabitlik adası” olması xəbis ürəkləri sancılan qılıncdır. Hətta artıq ərəb ölkələrini və Ukrayna ilə xatircəm olub, indi də Azərbaycanla haqq-hesab çürütmək istəyən qüvvələr səfərbər olub.
Belə bir vaxtda qeyd edilən böhtanlar düşmən dəyirmanına su tökməkdən başqa heç nə deyil. Qanunazidd və kriminal mənbələrdən yönəldilməsinə heç bir şübhə yeri olmayan sifarişli yazıların hədəfi-ictimai rəyi aktual və gərəzli mövzulardan yayındırmaq, böhtan və qarayaxmanı normaya çevirmək deməkdir. Çünki atalar sözündə deyildiyi kimi: “Sayıqlığı itirmək silahı itirməkdən betərdir”.
“Parçala və hökm sür” bütün dövrlərdə olduğundan aktualdır. Bu səbəbdən daxildə onlara alət olanların üzə çıxması çox vacibdir. Dövlət başçısının kadr siyasətinə kölgə salmaq istəyənlər, qabiliyyətli və təşəbbüskar siyasi rəqiblərin çirkin metodlarla – iftira, böhtan və qarayaxma ilə zərərsizləşdirilməsinə ümid edənlərin ifşası çox vacib məsələdir.
Bu gün-iqtidar heç vaxt olmadığı qədər güclüdür. Regionun və dünyanın ən sabit məkanı olan Azərbaycanda həm də dünyadaən peşəkar və mükəmməl hüquq-mühafizə orqanlarımız var. Böhtan atılan ləyaqətli insanların adından sosial şəbəkə adlanan iftira mənbəyinin gün işığına çıxarılması, kimin-kim olmasını aşkar etməsi onların missiyası və uğurla başardığı işdir. Qoy xalqımız kimin kim olduğunu görsün, milli birliyə qəsd etmək, ara qarışdırmaq istəyənləri tanısın