Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-01-2015, 22:47)
Himayədar ailə mexanizmi təkmilləşdiriləcək

Ekspertlər hesab edirlər ki, bu addımın atılması kimsəsiz uşaqların daha sağlam mühitdə inkişafına şərait yaradacaq

Azərbaycanda şimayədar ailə mexanizminin yaradılması və ölkə üzrə geniş şəkildə tətbiqi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2014-2025-ci illər ərzində birgə fəaliyyət proqramı həyata keçirməlidirlər. Qeyd edək ki, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramında öz əksini tapıb.

Yeri gəlmişkən, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək himayədar ailələrə əməkhaqqı, aylıq və birdəlik müavinət verilə bilər.Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, hökumətə himayədar ailələrə uşağın sayından asılı olmayaraq, minimum əməkhaqqı səviyyəsində aylıq əməkhaqqının, hər uşağa görə yaşayış minimumu həddində aylıq müavinətin və hər uşağa görə yaşayış minimumunun 2 misli həddində birdəfəlik müavinətin verilməsi təklif edilib. Sağlamlıq imkanları məhdud, kimsəsiz uşaqlara görə müavinətlərin isə 2 dəfə artırılması təklif olunub. Nazirlik rəsmisinin sözlərinə görə, 2010-cu ildə Ailə Məcəlləsi təsdiq olunarkən orada himayədar ailə haqqında əsasnamənin təsdiq edilməsi məsələsi qoyulmuşdu, lakin bu günə kimi Azərbaycanda himayədar ailə institutu təşəkkül tapmayıb.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Eyni zamanda, 2013-cü ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq övladlığa verilib. Hazırda 4 uşağın övladlığa götürülməsi ilə bağlı məsələyə aidiyyəti üzrə rayon məhkəmələrində baxılır.

Azərbaycanda sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə ümumilikdə 589, 2014-cü ildə isə 15 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Təhsil Nazirliyindən verilən məlumata görə, bu tədbirlər Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində reallaşıb.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9903 şagird təlim-tərbiyə alır. Onlardan 3548 nəfər həmin müəssisələrdə gecələyir.

2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub.

Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası, 18 nəfər isə 400-500 arası bal toplayıblar.

Mövzu ilə bağlı fikirlərini «Həftə içi» ilə bölüşən Uşaq hüquqları üzrə QHT Alyansının sədri Nazir Quliyev deyib ki, himayədar ailə mexanizminin təkmilləşdirilməsi və uşaqları övladlığa götürmək istəyən ailələrə dəstək verilməsi xüsusi amildir: “Yəni onları bu işə həvəsləndirmək lazımdır. Kimsəsiz uşaqlara dövlət müəyyən xərclər çəkir. O xərcin ailələrə sərf olunması da mümkündür. Təki uşaqlar ailə mühitində böyüyə bilsinlər”.

Bioloji ailə övladına sahib çıxa bilmirsə…

Nazir Quliyevin sözlərinə görə, ən böyük problem ailələrin, əsasən, azyaşlı uşaqları övladlığa götürmək istəmələridir: “Övladsız ailələrin marağı ancaq 3 yaşınadək uşaqlaradır. Məsələn, 3 yaşına kimi 50 uşaq varsa, bu yaşda uşaqları övladlığa götürmək istəyənlərin sayı 200-dən çoxdur. Yəni tələb çox olduqda bəzən subyektiv amillər, problemlər ortaya çıxır. Yaxşı olardı ki, böyük yaşda uşaqların övladlığa götürülməsi üzrə həvəsləndirilmə işləri aparılsın ki, 9-10 yaşlı uşaqları da himayəyə almaq istəyən tapılsın”.

Ekspert qeyd edib ki, övladlığa götürmə prosesinə qədər himayədar ailə modelinin inkişafı mütləqdir: “Çətin həyat şəraiti keçirən ailələr var. Tənzimlənmə elə aparılmalıdır ki, o ailələr övladlarını dövlət müəssisələrinə verməyə məcbur qalmasınlar. Bioloji ailə öz övladına sahib çıxa bilmirsə, həmin uşaq da hansısa dövlət müəssisəsində olmaqdansa, himayədarlıqda olması daha məqbuldur. Uşaq götürən ailələr həm də hüquqi dəstəyə ehtiyac duyurlar. Ailələrin psixoloji durumu nəzərə alınmalıdır. Məlum olmalıdır ki, ailənin hüquqi vəziyyəti övladlığa götürməyə nə dərəcədə imkan verir. Digər tərəfdən uşaqlar övladlığa verilərkən onlara uyğun ailə seçilmir, bu da bir problemdir. Uşaqların marağının nəzərə alınmaması ciddi məsələdir. Bundan başqa uşaqlarla işləmə mexanizmi də dəyişməlidir. Övladlığa götürməyə daha peşəkar yanaşma gərəkdir. Himayədar ailələr yaradılmalı, keçid mərhələsinin müddəti müəyyənləşdirilməlidir. Bizdə uşağın müəssisəyə verilməsi ilə övladlığa götürülmə prosesi arasında keçid mərhələsi olmur. Bununla da uşaq ya ailədə qalır, hüququ pozulur, ya da dövlət müəssisəsinə verilir ".

Stimullaşdırıcı tədbirlərə ehtiyac var

Məsələyə münasibət bildirən Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə bizimlə söhbətində deyib ki, valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmək məsuliyyətli, eyni zamanda xeyirxah əməldir. Onun sözlərinə görə, əgər dövlət stimullaşdırıcı addımlar atıb daha çox uşağı övladlıq götürməyə sövq etsə, onda özünün yükü də azalmış olar: "Bu gün valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanması, böyüdülməsi dövlətin üzərinə düşən ən əsas məsuliyyətlərdən biridir. Biz vətəndaş cəmiyyəti olaraq çalışmalıyıq ki, dövlətin yükünü azaldaq. Əgər dövlət müəyyən stimullaşdırıcı addımlar atsa və həmin valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmək istəyən ailələrə kömək məqsədilə hansısa proseduru yüngülləşdirsə, sosial müavinət verilsə, ya hansısa formada sosial siyasətinə bu məsələləri əlavə eləsə, sözün həqiqi mənasında, uşaq evlərindəki balacaların da sayı, dövlətin də qayğısı xeyli azalar. Bundan sonra dövlətin imkanı olar ki, əqli, fiziki qüsurlu uşaqlara daha çox diqqət ayırsın. Çünki insanlar adətən sağlam uşaqları övladlığa götürürlər. Ailələr bilsələr ki, dövlət onlara prosesdə dəstək olacaq, onlar daha ürəkli olarlar”.

Ekspert deyib ki, stimullaşdırıcı tədbirlərin hazırlanmasında beynəlxalq təcrübədən də istifadə oluna bilər: "Xarici vətəndaşlar ona görə daha çox uşaq himayəyə götürürlər ki, dövlət onlara şərait yaradır, hüquqlar verir. Bizdə isə belə güzəşt, stimullaşdırma proqramları yoxdur. Bəzən xəstə uşaqlara valideynlər özləri belə baxmır. Nə də qohum-əqrəba sahib çıxır. Gətirib internat evlərinə atırlar, bəzən də ölümə təhrik edirlər. Əgər dövlət stimullaşdırıcı addımlar atsa, insanları uşaqları daha çox himayəyə götürməyə həvəsləndirmək olar. Nəticədə internat evlərindəki uşaqlar da azalar. Bu baxımdan Azərbaycanda himayədar ailə institutunun formalaşması olduqca vacibdir. Güman edirəm ki, yaxın gələcəkdə bu mexanizmin təkmilləşdirilməsi kimsəsiz uşaqların daha sağlam mühitdə inkişafına şərait yaradacaq».

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025