Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-02-2015, 22:44)
Şəriət prinsiplərinə uyğun ipotekaya maraq artır

Əli Məsimli: «İslam bankçılığının inkişafı ənənəvi maliyyə təşkilatları arasında rəqabətin yaranmasına səbəb ola bilər»

«İslam maliyyəsi yastıq altındakı pulların iqtisadiyyata cəlb edilməsi üçün ən yaxşı yollardan biridir».

“Həftə içi”nin məlumatına görə, bunu dünən Bakıda keçirilən “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” adlı beynəlxalq konfransda Türk Əməkdşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polad bildirib. Onun sözlərinə görə, Azərbaycan islam ölkəsi olduğundan bir çox əhali faizə pis baxır: «Bu səbəbdən əhali pullarının bir hissəsini yastıq altında saxlayır. İslam maliyyəsi faiz olmadığından həmin pulların iqtisadiyyata cəlb edilməsində mühüm rol oynaya bilər”.

Tədbirdə çıxış edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə bildirib ki, islam maliyyəsi bu gün 1,3 trilyon dollar həcmində dövriyyəyə malik olmaqla dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatı tərəfindən idarə olunur: «Azərbaycanda 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı tərəfindən İslam maliyyəsi üzrə işlər aparılır. Azərbaycanda islam maliyyəsinin dövriyyəsi 400 milyon manat civarındadır və 2015-ci ilin sonunda bu sahədə dövriyyənin 500 milyon manata çatacağı gözlənilir.

Konfransda iştirak edən AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov deyib ki, tədbiri keçirməkdə məqsəd islam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai alimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr təşkil edərək təkliflər toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün islam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.

Azərbaycan Mərkəzi Bankının Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov isə bildirib ki, Azərbaycanda islam bankçılığı artıq intellektual mübadilə mərhələsinə daxil olub. Onun sözlərinə görə, hazırda ölkədə İslam İnkişaf Bankı ilə islam maliyyələşməsinə dair əməkdaşlıq edən 8 bank mövcuddur.

Şaiq Adıgözəlov qeyd edib ki, islam bankçılığı qlobal maliyyə böhranından üzüağ çıxa bilib və ənənəvi bankçılıqda geriləmə qeydə alındığı halda bu sahədə 15 faiz artım qeydə alınıb. Hazırda islam bankçılığı üzrə qlobal aktivlərin həcmi 1 trilyion dollardan çoxdur.

Mərkəzi Bankın nümayəndəsi həmçinin İslam bankçılğı üçün ən münbit şəraitin Britaniyada, Almaniyada, İsveçdə və Belçikada olduğunu da deyib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə deyib ki, Azərbaycanda İslam bankçılığının payı ümumi bankçılıqda heç 1 faiz də deyil. Bununla belə, onun sözlərinə görə, bu göstərici İslam bankçılığının yeni tətbiq olunduğu ölkə üçün pis deyil.

Əli Məsimli qeyd edib ki, hazırda bir sıra banklar Azərbaycan parlamentindən İslam bankçılığı haqqında qanunun qəbulun gözləyir və tezliklə, bu baş tutacaq. Onun sözlərinə görə, indi Azərbaycanda 8 bank islam qaydalarına uyğun müəyyən məhsullar təklif edir. Amma islam maliyyəsinin dövriyyəsi ümumi bank sektorunda 1 faizdən çox deyil. Halbuki qeyri-islam ölkələrində vəziyyət daha yaxşıdır:

“Çünki dünya iqtisadiyyatında yaşanan gərginlik, xüsusilə neft ölkələrinin gəlirlərinin azalması ilə yaranan böhran bank sektorunun diqqətini islam maliyyəsinə yönəldib. 2008-ci il böhranından ziyansız çıxmış islam maliyyələsinin Azərbaycanda da fəaliyyətinin genişlənməsi vacibdir. Amma buna əngəl olan bəzi səbəblər var. İlk növbədə islam bankçılığını qanuniləşdirən hüquqi baza hazırlanmalıdır. Milli Məclisdə islam bankçılığı ilə bağlı qanun layihəsinin müzakirəsi gözlənilir. Qanun qəbul olunarsa, İslam banklarının yolu açılar, bu isə onlarla ənənəvi maliyyə təşkilatarı arasında rəqabətin yaranmasına, faizlərin enməsinə səbəb ola bilər. Hətta şəriət prinsiplərinə uyğun ipoteka sisteminin yaradılması da mümkündür. Çünki müsəlman bankçılığının əsas üstünlüyü gecikmələrə görə, əlavə faizlərin hesablanmamasıdır. Həmçinin belə banklar içki, tütün kimi sahələrə pul ayırmır. Kredit verərkən faiz əvəzinə gələn gəlirdən pay götürür. Bir növ islam krediti pulun-pul qazanması yox, pulun istehsalda artmasına hesablanıb».

Tədbirdə Mərkəzi Bank nümayəndəsinin Azərbaycanda görülməli olan işlər barədə ətraflı danışmaması millət vəkillərinin etirazına səbəb olub. Hətta deputat Vahid Əhmədov qurumu İslam bankçılığının inkişafı üçün lazımi qədər fəaliyyət göstərməməkdə ittiham edib. Amma millət vəkilinin bu iradına heç bir reaksiya verilməyib.

Vahid Əhmədov həmçinin deyib ki, Azərbaycanda bank sisteminin ciddi problemləri var. Onun sözlərinə görə, ölkədə 4 ildir ki, ardıcıl olaraq islam maliyyələşməsinə dair beynəlxalq tədbirlər keçirilsə də, bu istiqamətdə ciddi inkişaf yoxdur: “Bank sistemi elə bir bir çətin vəziyyətdədir ki, islam bankçılığı barədə düşünə bilmir. Halbuki, bu sahənin inkişafı üçün banklarda şəffaflıq olmalıdır, bu da Azərbaycanda problemdir”.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə deyib ki, «islam maliyyəsi” termininin “müsəlman ölkələrinin maliyyə sistemi” termini ilə əvəz edilməsinə ehtiyac var.

Akademik qeyd edib ki, bu gün İslama qarşı artan əsassız qorxu islam maliyyəsinin genişlənməsinin qarşısını alır və bu maliyyə sisteminə inamı aşağı salır: “Dünyada əhalisinin təxminən 95 faizdən çoxu müsəlman olan 20 ölkə var. Baxaq görək, bu ölkələrin iqtisadiyyatları dünya iqtisadiyyatlarında nə qədər yer tutur? Bu gün müsəlman ölkələri inkişaf səviyyələrinə görə geri qalırlar, çox təəssüf ki, geriləmə prosesi davam edir. Mənim yanaşmama görə, islam maliyyəsi adı müəyyən mənada mücərrəd xarakter daşıyır. Biz burda müəyyən fikirlər olduğundan dini əsas götürməməliyik. Fikirləşməliyik, bəlkə müsəlman ölkələrinin maliyyə sistemi adlandıraq? Dinimizə qarşı sıxıntılar olduğu bir şəraitdə, bəlkə bunu din adı altında birləşdirməyək”.

Sevinc

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025