Siyasət / Slayd (11-12-2014, 18:35)
Onlar satqın, şərəfsizdirlər" - Deputat qəzəbləndi
“Bu adamlar başqa ölkənin marağı üçün çalışan insanlardır və vətənini satan bu şərəfsizlərlə hər zaman mübarizə aparıram. Onlara qarşı hüquqi mübarizə aparacağıq, amma ilk olaraq bu şərəfsizlərə deyirik ki, bura türk torpağıdır”.
Mediatv.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanda iranpərəst şiələrin simalarından olan Namiq Haşimzadənin youtube-dakı videomüraciətində cavabında bildirib.
F.Mustafa vurğulayıb ki, onlar bütövlükdə Azərbaycanı satmağa hazır olan zombiləşmiş şəxslərdir:
“Diqqət edin, o, öz çıxışında “Azərbaycan şiə toprağıdır” deyir. İran toprağıdır deyə bilmir, şiə torpağıdır deyir. Namiq Həşimzadə də psixi pozuntusu olan və başqa ölkədən idarə olunan adamdır. Biz torpaqlarımızı heç bir ölkənin marağına qurban vermək fikrində deyilik. Vaxtilə ermənilər də Qarabağın Ermənistan torpağı olduğunu deyəndə gülüb müşahidə edirdik, bir gün gəldi onu reallaşdırdılar. Bu gün də özlərini dini inanc arxasında gizlədənlər bunu təkrar etmək istəyir. Bu Azərbaycanın gələcəyinə təhdiddir”.
Millət vəkili hesab edir ki, Azərbaycanı şiə torpağı kimi təqdim edən Namiq Həşimzadə və onunla həmfikir olanlarla bağlı lazımi tədbir görülmür:
“Nə hüquq-mühafizə, nə də təhülkəsizlik orqanları buna yetəri qədər reaksiya vermir. Azərbaycan şiə torpağıdır deməklə onlar bu ölkəni təhqir edir. Cəmiyyət özü də Azərbaycana qarşı belə təhqirə münasibət göstərməlidir. Biz hər hansısa dini inancla yox, vətənini satanlara qarşı mübarizə aparırıq. Minlərlə insan var ki, istər şiə olsun, istər sünni vətənini heç vaxt satmaz. Amma zombiləşmiş insanlar bunu din pərdəsi altında edər”.
Deputatın ictimaiyyət nümayəndələrinə müraciət edərək Azərbaycanı İran təhlükəsindən qorumağa çağırıb:
“Onların bizə qarşı aqressiv olması da təbiidir, çünki biz vətənimizi onlara verən deyilik. Vətənimizi qorumalıyıq və bunu birinci ziyalılar etməlidir. Hamı qınına çəkilib oturub. Özü başqa ölkədən idarə olunduğunu etiraf edən adam sabah hansısa ayətullahın fətvası ilə şəhərdə partlayış törətsə, onda nə edəcəksiz?” – deyə millət vəkili bildirib.