Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-10-2021, 17:13)
“28 mayı necə dövlət bayramı kimi qeyd ediriksə 18 oktyabrı da elə qeyd etməliyik” - ÇAĞIRIŞ

“28 mayı necə dövlət bayramı kimi qeyd ediriksə 18 oktyabrı da elə qeyd etməliyik”
Bu gün Milli Məclisin iclası keçirilib. İclasda iki məsələ müzakirəyə çıxarılıb - “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda) və Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.

İclasda ilk öncə deputatlar onları narahat edən məsələlər barədə çıxış ediblər. Spiker Sahibə Qafarova Slovakiyaya səfəri barədə məlumat verib. Bildirib ki, Slovakiyaya səfər çərçivəsində Ermənistanın təxribatları barədə bu ölkənin rəsmilərinə geniş məlumat verib: “Orada Slovakiya Parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirdim. Ümidvar olduğumu bildirdim ki, Slovakiya parlamenti də Xocalı soyqırımını tanımağa görə prosedurlara başlayacaq. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir”.

Deputat hamilə tələbələrdən vaksin tələb edilməsinə qarşı çıxdı

“Peyvəndlənmə ilə bağlı həm dünyada həm də ölkəmizdə çox mühüm işlər görülür”. Bu fikirləri həkim-deputat Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki, universitetlərdə hamilə və uşaq əmizdirən xanımlarla bağlı qarşılaşdığı məsələni müzakirəyə çıxarıb: “Koronavirusun yayılmasının qarşısının alınmasında peyvəndlənmə mütləqdir. Uşaq əmizdirən və hamilə xanımlardan universitetə, ya da təhsil müəssisələrinə daxil olarkən onlardan vaksin pasportu tələb olunur. Bir tələbə xanım öz istəyi ilə bunu qəbul etməyərək, universitetdə tələbə adından imtina edib”.

“Amma biz hamilə və uşaq əmizdirən xanımları məcbur edə bilmərik. Həmçinin əks göstəriş sertifikatı da istənməməlidir. Hesab edirəm ki, universitetlər və təhsil müəssisələri onların təhsil almaları üçün anlayış göstərməlidirlər”, - deyə deputat vurğulayıb.

“Ermənistanın törətdiyi əməllərinin cavabını alması üçün biz işi davam etdirməliyik”

Deputat Azay Quliyev Ermənistanın Vətən müharibəsi dövründəki əməllərinə adekvat cavab verilmədiyi məsələsinə toxunub. A.Quliyev ötən ilin bu günü Gəncənin ballistik raketlərdən atəşə tutulmasını xatırladıb. Deputat bildirib ki, Ermənistanın törətdiyi əməllərinin cavabını alması üçün biz işi davam etdirməliyik: “Eyni zamanda, parlament də Ermənistanın bu əməllərinin dünyaya çatdırılması üçün fəaliyyət göstərməlidir”.

“Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”

“Çox qəribədir ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”. Bu sözləri isə deputat Aqil Abbas bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı adlandırılması ilə bağlı sərəncam verib. Amma Şuşanın Mədəniyyət mərkəzi Sumqayıt şəhərinin nəzdinə veriblər: “Necə olur ki, Şuşanın Mədəniyyət mərkəzi Sumqayıtın tabeliyinə verilir?! Sumqayıtdan hələ bir tarzən çıxmayıb. Mədəniyyət Nazirliyinin Şuşa regional şöbəsi Sumqayıtdan ayrılmalıdır. Bu, şuşalıların tələbidir. Şuşa yenidən tikilir. Camaat da il yarıma Şuşaya qayıdacaq. Belə olanda onlar Şuşadan Sumqayıta gələcək?! Mədəniyyət Nazirliyindən bu məsələni nəzərə alınmasını təklif edirəm”.

Spiker S.Qafarova isə cavab olaraq artıq Şuşanın işğaldan azad olunduğu, bütün qurumların şəhərə qaytarılacağını xatırladıb: “Niyə düşünürsünüz ki, bu sadaladıqlarınız ayrılmayacaq?!".

Deputat Elman Məmmədov təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin Mərkəz isə Şuşada yerləşdirilsin".

“Hansısa İran generalının təhdidi Azərbaycanı qorxutmayacaq”

Deputat Aydın Mirzəzadə isə son vaxtlar İran tərəfindən Azərbaycan əleyhinə səsləndirilən fikirlərə toxunub.

“İranlı deputatlar, rəsmilər, hətta generalların Azərbaycana qarşı təhdidləri səngimək bilmir”, - deyə A.Mirzəzadə vurğulayıb.

Deputat bildirib ki, həmkarı Bəhruz Məhərrəmov İranla bağlı fikrini deyəndə deputatlar onu məzəmmət edib: “Amma bu gün İran Parlamentində Azərbaycanın müstəqilliyi şübhə altına alınır. Hansısa İran generalının təhdidi Azərbaycanı qorxutmayacaq. İranın etdikləri ilk növbədə özünə ziyandır”.

Sahibə Qafarova qeyd edib ki, B.Məhərrəmova parlamentin reaksiyası Azərbaycanın dostluq, humanitar siyasətinin davamı idi.

“Biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdik. Əsl müstəqillik tariximiz isə 1918-ci ildən başlayır”

Bundan sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verilib.

Müzakirə zamanı hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlu deyib ki, sözügedən qanun layihəsi həm dövlətçilik tariximizin keçmişi, həm də bundan sonrakı gələcəyilə bağlı olduqca əhəmiyyətlidir: “Ona görə ki, dövlətçilik tariximizlə bağlı əlamətdar günlər və onun necə adlandırılması milli tarixi yaddaşımızın düzgün əsaslarda formalaşması, gələcək nəsillərə də düzgün ötürülməsini zəruri edir. Ona görə də biz 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə qanun layihəsinin müzakirə edərkən bir sıra mühüm nüanslara diqqətlə nəzər yetirməli, bu dəyişikliyi zəruri edən şərtləri də əsaslandırılmış şəkildə şərh etməliyik”.

H.Babaoğlu qeyd edib ki, təqdim olunan qanun layihəsi hüquqi, siyasi baxımdan olduğu kimi, dil, üslub və terminalogiya baxımından da Azərbaycan dilinin qanunauyğunluqlarına adekvat şəkildə düzgün şərh edilməlidir: “Qanun layihəsində əks olunan dəyişikliyin hüquqi tərəflərilə bağlı layihənin giriş hissəsində xüsusi şərh verilib. Bu kifayət qədər əsaslandırılmış və obyektiv şərhdir. Biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdik. Əsl müstəqillik tariximiz isə 1918-ci ildən başlayır. Bunlar isə tamamilə fərqli şeylərdir, çünki birinci halda müstəqillik tariximiz təqribən 30 illik, ikinci halda isə 103 illik keçmişlə əlaqələndirilmiş olur. Əslində yeni qanun layihəsini olduğu kimi qəbul etmək üçün elə bu izahat kifayətdir”.

Deputat deyib ki, Ali Baş Komandan 7 iyulda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaratmaqla süni yaradılmış bölgüləri silib: “Müstəqil Azərbaycanın suverenliyini bərpa edib. Belə olan halda biz hazırkı çağırışları düzgün qiymətləndirməklə, tarixi günlərimizin düzgün, dəqiq və məzmunlu ifadə olunması üçün əlamətdar günlərimizi də düzgün adlandırmalıyıq. Mən bu qanun layihəsinə böyük məmnuniyyətlə səs verəcəm. Bu vacib layihəni təqdim edən qanunvericilik subyektinə və onun hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm”.

“18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik”

“Azərbaycanda 18 Oktyabr qeyri-iş günü kimi qeyd edilməlidir”. Bunu isə deputatı Əli Məsimli səsləndirib. Millət vəkili qeyd edib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün və 28 May - Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır. Deputat vurğulayıb ki, hazırkı qanunvericilik aktlarına görə, 18 Oktyabr iş günü, 28 May qeyri-iş günü kimi qeyd olunur: “Bu bayramlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Bunu bərpa etməliyik və 18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik".

“Bu zalda 43 nəfər SSRİ nin saxlanılmaması əleyhinə səs verdi. Sonradan hansı mövqeni tutdularsa, bu məni maraqlandırmır”

Deputat Vahid Əhmədov təkliflə çıxış edərək bildirib ki, 28 may gününü necə dövlət bayramı kimi qeyd ediriksə, 18 oktyabrı da elə qeyd etməliyik: “18 oktyabr da qeyri-iş günü olmalıdır. Azərbaycan 1918-ci ildə müstəqil dövlət kimi fəaliyyətə başlayıb. Hökumət, diplomatik əlaqələr formalaşıb. Təəssüf 23 ay yaşaya bilib. 1991- ci ildə Müstəqillik Günü haqqında Konstutusiya Aktı kimi qeyd edilib. Bunda o vaxtkı millət vəkillərinin böyük rolu olmuşdu. Azərbaycan niyə gec müstəqilliyini bərpa etdi? Çünki o vaxt Kommunsit Partiyası qəbul etmirdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz. İstiqlalçı millət vəkillərindən söhbət getdi”.

Deputat indi bütün bunlardan danışmağın rahat olduğunu vurğulayıb: “O vaxt Azərbaycan 20 Yanvar faciəsini görmüşdü. Bu zalda 43 nəfər SSRİ nin saxlanılmaması əleyhinə səs verdi. Sonradan hansı mövqeni tutdularsa, bu məni maraqlandırmır. İstəyirəm ki, iki məsələni cənab Prezident nəzərə alsın. Qanun layihəsinin adlarını müsbət qarşılayıram. Amma 28 mayı necə dövlət bayramı kimi qeyd ediriksə 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır. Müstəqillik yolunda hər şeydən məhrum olan insanlar bunun bəhrəsini görməlidir. 1991-ci ilin müstəqilliyə səs verən deputatlar müəyyən qədər öz töhfələrini almalıdırlar. Həmin insanların da mükafatını vermək lazımdır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024