Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (10-03-2021, 09:43)
Üçtərəfli razılaşmada yerinə yetirilməyən 3 şərt - NƏ BAŞ VERİR?

Üçtərəfli razılaşmada yerinə yetirilməyən 3 şərt
Martın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış atəşkəs razılaşmasının 4 ayı tamam olur. 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli sənəd 44 günlük müharibənin dayandırılması ilə bərabər, bölgədə situasiyanı nizamlayan yeganə istinad mənbəyidir. Sənəd Rusiya sülhməramlı missiyasına hüquqi əsas təşkil etməklə yanaşı, münaqişənin yekun həlli üçün yol xəritəsi rolunu da oynayır.

Ötən dörd ayda 9 bəndlik sənəddə razılaşdırılan məsələlərə nə dərəcədə nail olunub, Azərbaycan mövcud status-kvodan razıdırmı?

Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Qarabağ ermənilərinə hər hansı status verilməyəcək. Bu səbəbdən Azərbaycan uzun müddət münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk Qrupunun yenidən aktiv fəaliyyətinə ciddi ehtiyac görmür.

Ermənistan isə əksinə, vasitəçilərin səylərinə ehtiyac olduğunu bəyan edir. Bu günlərdə baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bu məsələni qaldırıb və müsbət cavab alıb. Blinken ABŞ-ın vasitəçilik missiyasını aktivləşdirməyə hazır olduğunu bildirib.

Rusiyanın mövqeyinə gəldikdə, Kreml bu mərhələdə sanki Azərbaycana daha yaxın mövqedən çıxış edir. Əlbəttə, Rusiya münaqişənin tam həll olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini demir. Moskvanın mövqeyi belədir ki, Qarabağın statusu gələcəyin işidir, hazırda bölgədə sabitlik sülhməramlılar tərəfindən təmin edilir, beynəlxalq təşkilatlar isə yalnız humanitar əməliyyatlara cəlb oluna bilər.

Maraqlı paradoks yaranır: Rusiyanın strateji müttəfiqi Ermənistan beynəlxalq vasitəçilərin prosesə qoşulmasını istəyir, bununla Kremlin situasiyaya tam və birtərəfli nəzarətini arzulamadığını nümayiş etdirir. Azərbaycan isə əksinə, Moskvanın bölgədə əsas söz sahibi olmasını şərtləndirən hazırkı vəziyyətin davamından yana görünür. Rəsmi Bakı Dağlıq Qarabağın böyük bir hissəsinə, o cümlədən, bu istiqamətdə Ermənistanla dövlət sərhədlərinə nəzarət edə bilməsə də, indiki vəziyyətdən bəzi istisnalarla məmnundur. Halbuki 10 noyabr razılaşmasında Azərbaycan üçün prinsipial hesab edilən bir neçə bənd ya yerinə yetirilməyib, ya da Moskva onları öz maraqlarına uyğun şərh edərək, situasiyanı Bakının maraqları əleyhinə çevirib.

Məsələn, bölgədə bir neçə min silahlı erməni hərbçisi qalmaqda davam edir. Üçtərəfli sənəddə bu məsələni tənzimləyən bir-birinə zidd 2 bənd var. Maddənin birində bölgədəki erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq Rusiya sülhməramlıların yerləşdirilməsi qeyd olunsa da, digər bənddə atəşkəs imzalanan andan tərəflərin (hərbi qüvvələrin) öz mövqelərində dayanacağı göstərilib. Rusiya bu paradoksu öz istəyinə uyğun həll edib: erməni hərbçiləri ərazidə qalır, paralel olaraq onların təminatı, rotasiyası məslələrinin həlli ilə bağlı İrəvana təzyiq edilir. Xatırladaq ki, Ermənistanda Paşinyan hökumətinə qarşı tənqidlərdən biri hərbçilərin Dağlıq Qarabağda xidmətə davam etməsidir. Hökumət ictimai narazlığı əsas götürərək Qarabağa əsgər göndərilməsini dayandırsa da, ölkədə hərbi qiyam cəhdindən sonra yenidən bu proses davam etdi. Rusiya sülhməramlıları isə Laçın dəhlizindən onları maneəsiz keçirərək hərbi hissələrə yola saldı. Bu zaman Bakının narazılığı, etirazı nəzərə alınmadı.

Bu məsələ Ermənistandan daha çox, Rusiyanın marağındadır. Çünki münaqişənin tam həll olunmaması və idarəolunan gərginlik Moskvaya lazımdır ki, sülhməramlı missiyanı və 5 ilin tamamında onun mandatının uzadılması zərurətini əsaslandıra bilsin. Rusiya Qarabağdakı hərbi birləşmələrdən həm də Paşinyan hökumətinə təzyiq üçün istifadə edir. Bu günlərdə Qarabağdakı hərbçilərin qiyamçı general Onik Qasparyana dəstək bəyanatı ilə çıxış etməsi bunun təzahürüdür.

Razılaşmanın başqa bəndlərinə nəzər yetirdikdə, görürük ki, hələlik köçkünlərin geri qaytarılması məsələsi birtərəfli qaydada həyata keçirilir. Rusiya Xankəndi və digər ərazilərdən qaçmış ermənilərin bir hissəsini geri qaytarıb, onların humanitar problemlərinin həlli istiqamətində səylər göstərir. Azərbaycanlı qaçqınların nə zaman geri qayıdacağına gəlincə, bu barədə heç bir məlumat verilmir. Nə Moskva, nə də Bakı bu barədə danışmağa həvəs göstərir. Sənəddə prosesə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının cəlb olunacağı yazılsa da, onun icrası açıq qalıb. Bu qurum hələlik regionda aktiv missiya həyata keçirmir.

Hərbi əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də cəsədlərin mübadiləsi ilə bağlı müəyyən problemlər var. Azərbaycan nəzarət etdiyi ərazidə sülhməramlıların və erməni tərəfinin axtarışlar aparmasına icazə verib. Amma atəşkəsdən sonra Xocavənddə saxlanılan hərbçiləri geri qaytarmaqdan imtina edir. Bakı bəyan edir ki, onlar hərbi əsirlər deyil, terrorçu qruplaşmadır. Yeri gəlmişkən, Paşinyan bu problemin həll olunması üçün ABŞ dövlət katibi Blinkendən dəstək istəyib. Rusiyanın bu məsələdə mövqeyi isə aydın deyil. Qeyd etdiyimiz kimi, tərəflər arasında bu tip gərginliklərin, həll olunmamış məsələlərin qalması Moskvanın maraqlarına uyğundur. Əvvəla, Paşinyan hökuməti bu məsələyə görə ictimai təzyiq altındadır. İkincisi, problemlər sülhməramlı missiyanın nə qədər vacib olduğunu nümayiş etdirir.

10 noyabr anlaşmasında bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması razılaşdırılıb. Belə ki, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Bu əlaqəyə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Kommunikasiyaların açılması ilə bağlı tərəflər arasında baş nazirlərin müavinləri səviyəsində işçi qrup yaradılıb və fəaliyyətə başlayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl yaranmış vəziyyəti “Press Klub”a şərh edərkən bildirdi ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin 72 faizinə nəzarət edə bilmir, orada Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlıları var. Onun sözlərinə görə, 10 noyabr razılaşmasında Azərbayanın xeyrinə olan 3 bəndin yerinə yetirilməməsi xüsusi gərginlik yaradır:

“Birincisi, Ermənistan silahlı qüvvələri ərazidən çıxarılmayıb. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının BMT nəzarəti altında geri qaytarılması üçün heç bir şərait yaradılmır. Üçüncüsü, bölgənin daxili yolları təhlükəsiz və işlək durumda deyil”.

İ. İsmayıl hesab edir ki, ən böyük problem Azərbaycanın Laçın dəhlizinə nəzarət edə bilməməsidir:

“Məsələ ondadır ki, Azərbaycana bütün təhlükələr Laçın dəhlizindən gəlir. Ermənistan əsgərlərini mülki geyimdə bizim ərazimizə keçirirlər, bunu amerikalı jurnalist də təsdiqlədi. Ermənistanın vəzifəli şəxsləri, ideoloqları bölgəyə qanunsuz səfərlər edib, təbliğatlarını aparırlar. Düzdür, böyük məğlubiyyətə uğrayıblar, amma biz onların iddialarına qarşı hələlik adekvat cavab verə bilmirik”.
 //PRESSKLUB.AZ//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024