Yanacağın qiymətinin artımı, koronanın tüğyan etməsi və dünya çapındakı vaksinləşmə prosesi Qarabağ və Vətən müharibəsi mövzularını gündəmdən çıxarmadı. Görünən budur ki, Azərbaycan cəmiyyətinin hələ uzun müddət mövzusu Qarabağ, Şəhidlər və Qazilər olacaq. Dövlətin əlaqədar qurumları bu təbəqələr üçün mövcud dəstək mexanizmlərini işə salıblar. Eyni zamanda mediada ən önəmli, ən oxunaqlı-baxımlı mövzular müharibə hekayələri, qəhrəmanlıq fraqmentləridir.
Azərbaycan dövləti Vətən müharibəsində qələbə qazanmaqla həm də çiyinlərinə 30 il ərzində vəhşicəsinə dağıdılmış əraziləri bərpa etmək kimi ağır bir yükü alıb. Bir tərəfdən müharibədə şəhid, qazi olan vətənpərvər oğulların ailələri və özlərinin ən yüksək səviyyədə təminatı, digər tərəfdən azad olunmuş ərazilərdə bərpa işləri çox böyük maliyyə vəsaitləri tələb edir. Birinci vəzifə daha çox dövlət vəsaiti hesabına yerinə yetiriləcək, bu, aydındır. Lakin ikinci və çoxmilyardlı xərclər tələb edən vəzifənin yalnız dövlət hesabına yerinə yetirilməsi mümkün deyil. Buna görə də həm dost ölkələrin, həm də beynəlxalq qurumların dəstəyindən istifadə olunma zərurətdir.
Bu zərurəti nəzərə almaqla Prezident İlham Əliyev yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda dövlət başçısının 4 yanvar tarixli sərəncamına əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov , ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Milli Məclisin deputatı Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və Xalq artisti Alim Qasımov şuranın üzvləri təyin olunublar.
Yanvarın 5-də Müşahidə Şurasının ilk iclası keçirilib. İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, iclasda qeyd olunub ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığı, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönələcək. Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. Vurğulanıb ki, işğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçiriləcək. Proqramın qısa müddət ərzində hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.
Müşahidə Şurasının üzvləri fondun fəaliyyətinin şəffaflıq, ictimai açıqlıq, habelə özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq prinsipləri əsasında qurulmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, fond özəl sektorun işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini, layihə və təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, onlara bütün zəruri hüquqi-təşkilati dəstək göstərəcək. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə xarici investorların və beynəlxalq donor qurumlarının cəlb olunması xüsusi diqqətdə saxlanılacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki Günay Quliyeva bildirir ki, beynəlxalq təcrübədə post-konflikt bərpa fondları münaqişə nəticəsində dəymiş ziyanın təhlili, post-konflikt ərazilərinin minalardan təmizlənməsi, infrastrukturun bərpası, səhiyyə və təhsil kimi xidmətlərinin bərpası, məcburi köçkün icmalarının evlərinə qaytarılması, iqtisadi bərpa kimi bir çox məsələləri əhatə edir. “Qarabağ Dirçəliş Fondu” bütün bu məsələləri əhatə etməklə geniş funksionallığa malikdir: “Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Bu baxımdan, indiki mərhələdə iqtisadi güclərin birləşdirilməsi bu prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Postkonflikt dövründə dövlət və özəl əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl institutların bu prosesə cəlb olunması iqtisadi bərpa prosesini həm tezləşdirə və eyni zamanda qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini artıra bilər”.
Ekspert xatırladır ki, 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək: “Məlum olduğu kimi, erməni vandallarının 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edərək dağıtması, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini məhv etməsi, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin ərazilərə yenidən həyatın və iqtisadi inkişafın qayıtması böyük vəsait tələb edir. Dövlət büdcəsinin resurslarının məhdud olduğunu nəzərə alsaq, bu prosesdə büdcədən kənar vəsaitlərin də cəlb olunması Qarabağa qayıdışımızı sürətləndirəcək. Qarabağın yenidən qurma proqramı beynəlxalq maliyyə qurumlarının, yerli və xarici investorların, kommersiya banklarının vəsaitlərinin bu prosesə cəlb olunmasını tələb edir”.
G.Quliyevanın sözlərinə görə, bir çox beynəlxalq maliyyə qurumlarının postkonflikt bərpa dövrü ilə bağlı proqramları var: “Maraqlı məsələlərdən biri də budur ki, bu maliyyə qurumlarının dəstək paketləri hər biri özünənməxsus sahələri əhatə edir. Qarabağın bərpa prosesi də çoxşahəli olduğu üçün biz müxtəlif qurumların maliyyə dəstəyini dəyərləndirə bilərik. Məsələn, Beynəlxalq Valyuta Fondu daha çox postkonflikt ölkələrində iqtisadi artımın təmini və yoxsulluqla mübarizə proqramları həyata keçirdiyi halda, Dünya Bankı infrastruktur layihələrinə, təhsil və səhiyyə sahəsinin bərpasına daha çox fokuslanır. Avropa Yenidənqurma və İnkişaf Bankı daha çox nəqliyyat, bank sektoru və kiçik sahibkarlığa maliyyə dəstəyi verir. Asiya İnkişaf Bankı isə məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması, postkonflikt ərazilərində səhiyyə məsələləri və yoxsulluqla mübarizə proqramlarının əsas maliyyələşmə mənbəyi kimi çıxış edə bilər”.
Ekspertə görə, Qarabağın bərpası prosesində bir çox ölkələrdə tətbiq olunan diaspora-investisiya modelindən də istifadə oluna bilər: “Vətən müharibəsi zamanı diaspor üzvlərinin informasiya müharibəsində verdiyi dəstəyin davamı olaraq, xaricdə yaşayan azərbaycanlılar Qarabağın bərpasında da yaxından iştirak etmək istəyirlər. ”Qarabağ Dirçəliş Fondu" bu dəstəyə mərkəzləşmiş, koordinasiyalı və şəffaf formada idarəetməni həyata keçirəcək.
Fondun maliyyə mənbələrindən biri də yaxın dövrdə dövlət təminatı ilə dövriyyəyə buraxılması nəzərdə tutulan Qarabağ istiqrazları ola bilər. Xalq üçün mənəvi dəyərini də nəzərə alsaq, istiqrazların tədavüldə uğurlu olacağı gözləniləndir. Qarabağ istiqrazlarının satışından əldə olunan vəsait bərpa prosesində əhəmiyyətli rol oynaya bilər".
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Qarabağın bərpası çox böyük layhədir və onun icrasına da böyük vəsaitlər tələb olunacaq: “Bunun üçün bütün mənbələrdən istifadə olunması təmin edilməlidir. Beynəlxalq təşkilatların dəstək proqramlarından, müxtəlif fondların layihələrindən yararlanılmalıdır. Eyni zamanda biznes bu prosesə aktiv cəlb olunmalıdır, bunun yolları tapılmalıdır. Burada biznes-dövlət əməkdaşlığına aparıcı yer verilməlidir, nəinki biznesin ianələrinə. Bütün dünyada yaşayan azərbaycanlılar Qarabağın azad olunmasını həsrətlə gözləyirdilər. Bu baxımdan, "Qarabağ Dirçəliş Fondu" onların mümkün ianələrini mərkəzləşmiş formada bərpa prosesinə yönəltməkdə ciddi rol oynaya bilər”.
Ekspert qeyd edir ki, fonda dövlət qurumlarının vəsait köçürməsinə ehtiyac yoxdur: “Ümumiyyətlə, bu fonda kampaniya şəklində ianələrin köçürülməsindənsə, daha çox xaricdə yaşayan soydaşlarımızın yardımlarının cəlb olunmasına üstünlük verilməlidir. Yerli və xarici biznesin fonda ianə etməsi deyil, bilavasitə azad olunmuş ərazilərə vəsait yatırıb, burada iqtisadi aktivliyi bərpa etməsinə nail olmaq lazımdır. Bunun üçün də dövlət şəffaf və aydın mexanizmlər müəyyənləşdirməli, azad olunmuş ərazilərdə biznes quranlara yönəlik ciddi təşviqedici addımlar atılmalıdır”.
R.Həsənovun sözlərinə görə, büdcədən ayrılan 2,2 milyard manat kifayət qədər iri vəsaitdir: “Bu vəsaitlərlə ilkin infrastruktur işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Eyni zamanda mədəni obyektlərin bərpası, təhsil, səhiyyə sistemlərinin yaradılması kimi işlər var. Yəni bu, çox genişmiqyaslı prosesdir. Bir sıra ərazilərdə - Şuşa, Hadrut, Xocavənd və digər yerlərdə bərpa işlərinin nisbətən tez başa çatması, məskunlaşmaya başlanması mümkündür. Lakin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam ərazilərindəki dağıntılar o qədər böyükdür ki, buralarda ilkin infrastrukturun bərpası belə bir neçə il çəkə bilər. Bu prosesi sürətləndirmək üçün çox böyük maliyyə vəsaitlərinin cəlb olunması lazımdır. ANAMA bir müddət əvvəl açıqlama vermişdi ki, azad olunmuş ərazilərin minalardan tam təmizlənməsi 10 il vaxt tələb edir. Azərbaycan bərpa işlərinə tez başlamaq üçün bu prosesi də sürətləndirməlidir. Hansı ki, əsasən dövlət hesabına həyata keçiriləcək prosesdir. Buna görə də Qarabağa böyük qayıdışın nə zaman başlayacağını söyləmək çətindir. Hər şey bərpa prosesinə cəlb olunacaq vəsaitlərin həcmindən, həm də və daha çox isə o vəsaitlərin nə qədər şəffaf və təyinatı üzrə xərclənməsindən asılı olacaq”.
“Yeni Müsavat”
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024