Siyasət (12-08-2014, 20:42)
İlqar Məmmədov məhkəmə zalından çıxarıldı
Bu gün Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” ilə bağlı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinin baxışı davam edib.
Mediatv.az Turan agentliyinə istinadən xəbər verir ki, Məhkəmə prosesində hakim vəkillərə mantiya geymədiklərini irad tutub. Bu zaman Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu məhkəmənin qərarına işarə edərək deyib ki, “məsələ mantiyada deyil. Təki hakimlər məhkəməyə şortiklə gəlsinlər amma ədalətli qərar qəbul etsinlər”.
Vəkillər prosesin audio və video çəkilişlərinin aparılması, əsas şahidlərin dindirilməsi və gizli yazılmış telefon danışıqlarının elan edilməsi barədə vəsatətlər qaldırıb.
Vəkil Fuad Ağayev ReAl Hərəkatının lideri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarını xatırladıb. Amma məhkəmə heyəti Avropa Məhkəməsinin qərarını qəbul etmir. Bu zaman İlqar Məmmədov məhkəməyə “siz özünüzü Avropada biabır edibsiniz”, deyə etiraz edib.
Prokuror bütün vəsatətlərin əleyhinə çıxış edib. Məhkəmə də vəsatətləri qəbul etməyib. Bununla yanaşı, bəzi şahidlərin məhkəmədə dindirilməsi gözlənilir.
Bu arada İlqar Məmmədovla hakimlər arasında kəskin tənqidi dialoq yaşanıb və bəzən təhqir notları da olub. Hakim İlqar Məmmədovun məhkəmə zalından çıxarılması ilə bağlı qərar qəbul edib.
Məhkəmə avqustun 13-də saat 10-da davam edəcək.
Xatırladaq ki, mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.