Siyasət / Slayd (20-07-2014, 22:05)
Fazil Mustafa: "İslahat aparmamaq cəmiyyəti içindən çürüdür"
Artıq neçə müdətdir Milli Məclis üzvləri tətilə çıxıb. Ötən sessiyada bir sıra qanunlara əlavə və dəyişiklik-lər edilsə də, parlamentin fəaliyyətini məhsuldar saymaq olmaz. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə Milli Məclisin gücsüzlüyündən, siyasi hakimiyyətin iradəsindən kənar hər hansı mütərəqqi təşəbbüslə çıxış edə bilməməsindən narazıdır:
- Azərbaycan Milli Məclisi əvvəlki dönəmlərdən fərqli olaraq, qanunvericilik fəaliyyətindən daha çox, mövcud qanunlarda ortaya çıxan yeni ictimai münasibətlərin tənzimlənməsindəki dəyişikliklərlə məşğul olur. Yəni, müxtəlif qanunlara əlavə və dəyişikliklər edilir, yeni qanunların qəbulu operativ həyata keçirilmir. Çünki bu, bir az da tələskənliyə yol verilməməsi üçün nəzərdə tutulur. Məsələn, "Elm haqqında" Qanun və digərləri.
Bir qisim isə Milli Məclisin həll etməyə gücü çatmayn məsələlərdir. Rəqabət Məcəlləsindən tutmuş, tikinti və başqa sahələrlə bağlı qanunlardır. Bu da daha çox siyasi maneələrlə qarşılaşan fəaliyyətlər olduğuna görə, Milli Məclis hələ bu işə müdaxilə etmək imkanı qazanmayıb.
- Bəs, Milli Məclisin qanunvericilik sahəsində statusu ola-ola niyə bu qədər gücsüzdür?
- Bu gücsüzlük Azərbaycanın siyasi sitemi ilə bağlıdır. Ümumiyyətlə, prezident idarəçilik modelində Milli Məclisin statusu xeyli aşağıdır.
İkincisi, Milli Məclisin hansısa partiya rəqabəti əsasında formalaşmaması və bir partiyanın mütləq çoxluqla parlamenti idarə etməsində rol almasıdır. Müxalifətin də alternativ bir cinah olaraq hüquqi statusunun tanınmamasıdır və payının azlığıdır. Çünki büdcə layihəsi verilirsə, ortaya alternativ qoyulmur. Bazarda bir mal satılırsa, başqası olmursa, deməli, ondan yaxşısı yoxdur, hamı o malı tərifləməlidir. Əgər Milli Məclisə alternativ layihə verilmirsə, hətta təqdim olunan layihəyə alternativ fikir söləmək imkanları məhduddursa, onda keyfiyyətli sənədin ortaya çıxması hər zaman mümkün olmur. Bu imkanı Milli Məclisin özünün qazanmaq imkanları isə çox aşağıdır. Çünki siyasi sistemin özündə çox ciddi islahatlar aparılmalıdır.
- Konkrekt hansı sahədə islhatları nəzərdə tutursunuz?
- İslahatlar odur ki, hakimiyyətlər bölgüsü məsələsinə yenidən qayıdalaraq, yenidən baxılaraq, hər bir qurumun öz funksional fəaliyyətinə yönləndirilməsi vacibdir. Ќə qədər ki, bu istiqamətdə islahatlar aparılmayıb, mövcud vəziyyət davam edəcək.
- Fazil bəy, ən azı beş ildir ki, islahat paketi hazırlayıb Milli Məclisə və digər aidiyyatı instansiyalara təqdim eləmisiniz, amma...
- Bəli. Təəssüf ki, qarşı tərəf bu yöndə olan təkliflərimizi nəzərə almır.
- Məsələ ondadır ki, ölkədə islahatdan qorxmaq əhval-ruhiyyəsi var. Bəziləri iddia edir ki, islahatın möv-cud hakimiyyəti çökdürmək təhlükəsi olduğundan hakimiyyətdəkilər dəyişikliyə getmirlər. Bu barədə nə düşünürsünüz?
- Bu məsələ Azərbaycanın mövcud geosiyasi vəziyyəti ilə bağlıdır. İslahat həm də bir tələtüm, bir çaxnaşma, cəmiyyətdə bir yeniləşmədir. Bu yeniləşmə, çalxalanma nəzarətdən çıxdığı halda, ölkənin sabit düzəninin dəyişməsi mənasına gəlir. Bəlkə bunu daha rahat vaxtlarda etmək mümkündür. Ancaq rahat vaxtlar deyəndə, bizdə elə düşünürlər ki, 5-10 il qabaq Rusiya Krımı işğal eləməmişdi, yaxud dünya düzənində müəyyən məsələlər var idi ki, bu fürsəti həyata keçirmək olardı. Amma zaman göstərdi ki, bi-zim güclü hesab elədiyimiz qurumlar belə, Rusiyanın yaratdığı problemlər qarşısında aciz vəziyyətə düşürlər. ABŞ Rusiyanın işğalını pisləyir, amma dünən İsraili tərifləyir. Sadəcə, deyir ki, Qəzzaya girəndə bir qədər az adam öldür. Yəni, prinsipsiz dünyada mövcud olduğumuzu nəzərə almalıyıq. Mənə elə gəlir ki, hakimiyyət də bu prizmadan yanaşır. Düşünür ki, islahata başlasaq, nə baş verə bilər? Azərbaycanda təkcə kənardan yönləndirilən siyasi müxalifət anlayışı yoxdur, həm də kənardan yönləndirilən dini qruplaşmalar, etnik separatizm var.
- Bəs, bunların hamısı birlikdə hara gətirib çıxara bilər?
- Bunu proqnozlaşdırmaq bir qədər çətindir. Amma bunu proqnozlaşdırmayanda da ətalət, statik sistemə davam etmə cəmiyyəti çürütməyə başlayır. İslahat aparmamaq ölkədə sabitliyi qoruyur, amma islahat aparmamaq həm də cəmiyyəti içindən çürüdür. Çünki insanlar ən azı elementar vitrin dəyişikliyi görməyəndə, bu, müəyyən problemlərin yaşanmasına səbəb olur.
Mən, sonuncu dəfə mən AMEA-dakı seçkilərlə bağlı fizika aliminin müraciətini oxudum. Yəni, artıq elə bir situasiya yaranıb ki, bir nəfər də hansısa bir həddi aşıb haqq elədiyi yerə gələ bilmir. Sovet dövründə heç olmasa, on faiz mövcud mexanizmin içində öz biliyi ilə müəyyən yerə gedib çıxa bilirdi. İndi artıq həmin on faiz üçün də yerlər nəzərdə tutulmur. Bu da cəmiyyətin daha ölgün, daha statik vəziyyətə düşməsinə gətirib çıxarır. Düşünürəm ki, ölkəni bu vəziyyətdən çıxarmaq vacibdir.
Gürcüstan nümunəsini gətirim. İslahatlar aparıldı, ümumilikdə cəmiyyətdə xeyli dəyişikliklər oldu. Amma ümumi aurada Gürcüstanın Qərbdən çox Rusiyaya meyllənməsi ortaya çıxdı. Çünki gücün qarşısında cəmiyyət sınmağa başladı. Azərbaycan cəmiyyəti də bu sınma prosesini yaşayır. Cəmiyyət təlatümlər keçirməsə də, uzun illər Qarabağ sindromunun davam etməsi, onun psixoloji basqısı, Qərbin ikili standartları, problemin çözümünün Rusiyada olması ilə bağlı obıvatel düşüncəsinin daha üstünlük qazandığını görürük. Mənə elə gəlir ki, problemlərə bu baxımdan yanaşılmalıdır. Amma Rusiya da hansısa proble-mi həll edən deyil. Çünki onun özü dalana dirənmiş, hara gedəcəyini bilməyən bir gəmiyə bənzəyir. Bu gün kiçik qayıqlar onunla toqquşub problem yaşamaq istəmir, amma bu gəmi mütləq nə vaxtsa qayalığa çırpılacaq. Bunları nəzərə alaraq, biz daha yeni siyasət istehsal eləməyə çalışmalıyıq ki, vəziyyətdən çıxaq.
- Fazil bəy, islahatların getməməsi, siyasi institutların sıxışdırılması, dini qruplaşmaların boşluğu doldurmasına zəmin yaradıb. Son aylar ölkədə dini zəmində baş verənlər də bunu deməyə əsas verir. Azərbaycanda siyasi İslamın, dini qruplaşmaların daha da ayaqlanması, ciddi problemlərə yol açması imkanları nə dərəcədədir?
- Ukrayna hadisələrində bir amil müşahidə olundu ki, hərbiçi üçün nə lazım idisə, siyasətçi onu eləməyə başladı. Hərbiçi üçün qısa müddətli plan, bir yağmalama, müharibə şəraitində patron satma, müəyyən prosesləri irəli aparma düşüncəsi və gəlir əldə etmək əsas məqsəddir. Krımın işğalının 10 il sonra Rusiyaya nə verəcəyini düşünmək hərbiçinin işi deyil. Bu, filosofların, politoloqların, siyasətçilərin işidir. Azərbaycan mühiti də təqribən buna bənzəyir. Hamı qısamüddətli proseslərdən necə gəlir götürəcəyini düşünür. İş adamı da, bankir də, siyasətçi də, ölkəni idarə edən bürokrat da "qısa müddətə nəyi götürə bildim" anlayışı ilə məsələyə yanaşır. Ona görə də heç kim faydalı alternativlər yaratmaq barədə düşün-mür. Ən gözəl bir təhlükə uydurmaq, yaxud da hansısa məsələni qabartmaqdır, ondan sonra həmin təhlükəyə qarşı mübarizə apararaq, bu prosesdə nəyisə qazanmaqdır. Əslində, bu gün Azərbaycanda bu tendensiya gedir.
- Belə çıxır ki, dini zəmində baş verənlər də ya şişirdilir, ya da hansısa mənbələr tərəfindən körüklənir...
- Azərbaycanda İslamın siyasiləşməsinin yanlış dini siyasətə bağlandığı heç kimdə şübhə doğurmur. Biz bunu dəfələrlə dilə gətiririk. Din elə bir sferadır ki, burada ağıllı alternativlər ortaya qoymaq lazımdır. Azərbaycan hökumətinin siyasətində ağıllı alternativlər görünmək əvəzinə, ənənə alternativləri ortaya qoyulmağa başladı. Yəni, gələn dini anlayışlar pisdir, ənənəvi dini anlayış yaxşıdır. Amma ənənəvi anlayış Azərbaycan cəmiyyətinin cəhalətinin əsas səbəblərindən biridir. Gələn dini anlayışlar da bu boşluqdan istifadə edərək gəlir və özlərinə yer edə bilirlər. Azərbaycanda sağlam ənənə olsaydı, Səudiyyə Ərəbistanından, Türkiyədən yeni dini təzahürlər gəlməzdi. İrançı zehniyyətə sahib din anlayışın ən bariz nümunəsi Şeyx Nəsrullah, Molla Sadıqdır. Bu din anlayışının alternativini cəmiyyət mütləq axtarmalı idi. Gələnlərin içərisində də Azərbaycanda daha mütrəqqi, yenilik, ənənə yaratmasına imkan verilməliydi. Bu imkan da qapadılanda, bu zaman da kimin pulu çoxdursa, kim daha çox vəsait paylaya bilirsə, o, öz icmasını, qruplaşmasını daha çox qabartmağa müvəffəq olur. Bu prosesdə fond ölkələr də Səudiyyə Ərəbistanı, Türkiyə, İran və başqalarıdır. Hərəsi öz tendensiyasına uyğun din anlayışını Azərbaycan cəmiyyətində inkişaf etdirməyə başladılar. Artıq dövlət bu sahəyə ancaq hüquq-mühafizə orqanlarının əliylə müdaxilə eləmək şansına sahibdir. Başqa bir alternativ istehsal eləmək, ortaya faydalı alternativ-lər qoymaq əvəzinə, faydalı olacaq amilləri də kimlərinsə xüsusi istiqamətləndirməsi ilə ortadan qaldırırlar. Məsələn, tendensiyalar daha çox nəyə yönəlməli idi, məktəblərin açılmasına, təhsilə, dini maarifçiliyə, məktəblərdə, universitetlərdə insanların sağlam dini bilgiyə sahib olmasına yönəlməli idi ki, bunların heç biri baş vermədi. Ramazan ayında telekanallarda maarifçi bir təbliğat aparıla bilərdi. Düzgün maarifləndirmə olsaydı, insanlar daha sağlam anlayışla tanış olardı. Böyük əksəriyyət dini şəxsi həyatında yaşamaq istəyir, onu siyasiləşdirməkdə maraqlı deyil. Dini siyasiləşdirən qüvvələrə qarşıda ən yaxşı alternativlərin stimullaşdırılmasına ehtiyac var idi. İndi hüquq-mühafizə orqanlarını çətin vəziyyətə qoyublar, onlar axtarışdadırlar ki, kim harda təxribat elədi, hansı addımı atdı və s. Yəni, doğru alternativlərin olma-ması bugünkü vəziyyəti doğurdu. Gedişat isə vəziyyətin pisə doğru irəlilədiyini göstərir.
- Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində ictimai-siyasi həyatda hansısa dəyişikliklər proqnozlaşdırırsınız?
- Heç bir dəyişikliklər gözləmirəm. Çünki xarici siyasətdə baş verənlər, Azərbaycandakı durğunluq daha çox faydamıza olduğunu diqtə edir. Hər hansı hərəkətlilik də problemdir, hər hansı şəkildə təşəbbüs də, daxili çalxalanma da sabitliyin pozulmasına gətirib çıxara bilər. Artıq dünya düzənində yeni prinsiplərin bərpası dövrü başlayır. Əgər Rusiya mülki təyyarəni rahatlıqla vurursa və bədəlini ödəmirsə, ABŞ-ı prinsipsiz hakimiyyət idarə edirsə, bu, çox ağır bir dönəmi yaşadığımızın sübutudur.
- Yəni, Azərbaycan hələ kimə arxalanaraq siyasət yürütməsini müyyənləşdirməyib?
- Məsələ ondadır ki, arxalanacaq qüvvə yoxdur. Bu, Avropa Birliyidirsə, Ukraynanı saldığı bəladan qurtara bilmir. Arxalanacaq qüvvə Amerikadırsa, Misiri, Suriyanı, Ukraynnı saldığı vəziyyətdən çıxarsın də. Onların hansı prinsiplərlə davrandığı bizim üçün bəlli deyil, hər hansı bir seçim də bütün hallarda bizim əeyhimizə olacaq. İŞİD kimi bir terrorçu dəstənin silahlandırıb illər uzunu İraqda qalmağının nəticəsi kimi ortaya qoyursansansa, deməli, səndən müsbət nəsə gözləmək doğru deyil. Deməli, illər uzunu İraqda demokratiya yox, İŞİD yetişdirmisən. Bu, çox acınacaqlıdır. Bəlkə sabah Azərbaycanda da bir İŞİD yetişdirəcək? Ona görə də bizim arxalanacağımız beynəlxalq prinsiplər yoxdur ki, təşəbbüslə çıxış edək. Bunlar olmayanda, anlayışla qarşılamaq lazımdır ki, Azərbaycanı idarə edənlərin seçim etmək variantı çox deyil. Rusiyanın kabadayı yanaşmasının qarşısında ancaq müəyyən sükunət halında vəziyyətin durulmasını gözləməkdən başqa bir çıxış yolu qalmır. Məsələyə bu prizmadan yanaşılanda, gələn ilə də heç bir dəyişiklik, ciddi islahatların aparılması gözlənilmir.