Siyasət (25-06-2018, 22:04)
"AŞPA bəyanat və qərarlarla çox ehtiyatlı olmalıdır"
Avropa Şurası Parlament Assambleyası (AŞPA) bəyanat və qərarlarla çox ehtiyatlı olmalıdır.
Mediatv.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Strasburqda (Fransa) AŞPA-nın yay sessiyasında çıxış edərkən deyib.
Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri barədə danışan S.Fətəliyeva qeyd edib ki, Azərbaycan müşahidəçilərə və seçicilərə seçkilərin şəffaflığı və açıqlığını təmin etmək üçün əlindən gələni edib:
"Mən müşahidəçilərlə görüşdüm. Bütün namizədlər bərabər hüquqlara, televiziyaya bərabər çıxışlara malik idi".
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı öz iradəsini çox açıq şəkildə ifadə edib:
"Xalqın iradəsinə hörmət etmək siyasi oyun oynamaqdan daha vacibdir. AŞPA bəyanatlar və qərarlarla çox ehtiyatlı və qiymətləndirmələrində obyektiv olmalıdır. Çünki gec-tez həqiqət ortaya çıxacaq".
Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 29-dək davam edəcək.
