Siyasət / İqtisadiyyat (14-06-2018, 15:00)
"TANAP regionun ən strateji layihələrindən biridir"
Transanadolu qaz kəmərinin (TANAP) açılışı ilə Türkiyə bölgənin enerji mərkəzinə çevrildi.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun qardaş ölkə tərəfdən rəhbəri Necdet Ünüvar bildirib.
N.Ünüvar qeyd edib ki, TANAP regionun ən strateji layihələrindən biridir:
"TANAP-ın açılışı keçirilən Əskişəhər şəhəri ən böyük tarixi hadisəyə şahidlik etdi".
O bildirib ki, Transanadolu qaz kəməri layhəsinin heç bir alternativi yoxdur.
Qeyd edək ki, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.