Siyasət (12-03-2018, 17:30)
Azərbaycan Respublikaçılar Partiyası üzvlərini fəallığı artırmağa çağırıb
12 mart 2018-ci il tarixdə Azərbaycan Respublikaçılar Partiyasının İdarə heyətinin toplantısı keçirilib. Yığıncaq aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərinə həsr olunub.
ARP-nin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov çıxışında bildirib ki, Azərbaycanda aprelin 11-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikası Konstitusiyasına və beynəlxalq öhdəliklərə tam uyğundur. O qeyd edib ki, ölkəmizin sürətli iqtisadi inkişafı, Dağlıq Qarabağ probleminin həllinin yaxınlaşması və 2018-ci ildə bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsinin nəzərdə tutulması seçkilərin vaxtının dəyişdirilməsini zəruri edib.
İdarə heyətinin iclasında Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyi yekdilliklə bəyənilərək partiya üzvləri tərəfindən dəstəklənib. ARP İdarə Heyətinin qərarı ilə seçki qərargahı yaradılıb.
Partiyanın sədri Kamil Seyidov qərargahın sədri, partiyanın sədr müavini Tərahim Abbasov isə qərargahın sədr müavini seçiliblər. Partiya rəhbərliyi ARP üzvlərinə seçkilərdə fəal iştirak etmək və partiyanın dəstəklədiyi namizədə səs vermək barədə göstəriş və tapşırıqlar verib.
ARP Mətbuat Xidməti