Siyasət (6-03-2018, 21:29)
Baş nazirin müavini: Ermənistan dünyada lazımsız dövlətə çevrilir
Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqının həll olunmamış yeganə bir problemi var ki, o da Qarabağ münaqişəsidir.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu baş naziri müavini Əli Həsənov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən deyib.
Onun sözlərinə görə, 30 ilə yaxındır ki, bu problemlə üz-üzəyik:
“Bizi bu problemə düçar ediblər. Bunu yaradan dairələr Ermənistana şərait yaratdılar ki, Azərbaycan torpaqlarını işğal etsin. 25 ildən də çoxdur ki, torpaqlarımızın beşdə biri işğal altındadır.
O zaman Azərbaycan əhalisinin sayı yeddi milyondan bir az artıq olardı. Yəni, Azərbaycanda hər yeddi insandan biri öz vətənində qaçqın-köçkün vəziyyətinə düşdü və 25 ildən çoxdur ki, bu acı taleyi yaşayır. Ötən illər ərzində Qarabağ münaqişəsinin həli ilə bağlı bir sıra beynəlxalq sənədlər qəbul olunub.
Bu yöndə təkcə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. 1996-cı ildə Lissabon sammitində bəyanat verib. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası 14/16 saylı qətnamə qəbul edib.
İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər beynəlxalq qurumların da müxtəlif zamanlarda bu münaqişə ilə bağlı sənədləri qəbul edilib. Lakin bu günədək münaqişə həll olunmamış, qəbul edilmiş qətnamə və qərarlar icra olunmamış, yerinə yetirilməmiş vəziyyətdə qalır. Biz, axı, kimə nə etmişik? Biz kimin torpağına göz dikmişik, kimin bostanına daş atmışıq? Əlbəttə, heç kimin.
Bizim kiminsə torpağında gözümüz yoxdur. Bu sualların cavabı olsa da, illərdir verilmir. Cavabı yaxşı bilirik. Bu, dünyadakı ədalətsizlikdən və özbaşınalıqdan irəli gəlir. Bu gün dünyada bizə qarşı ədalətsizlik, ikili standartlar hökm sürür”.
Baş nazirin müavini qeyd edib ki, bu gün Ermənistan dünyada lazımsız bir dövlətə çevrilib:
“Ermənistandan bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa çalışılır, faşist və cinayətkar Ermənistan rəhbərliyinin qeyri-kostruktiv addımları ilə münaqişənin həllinə imkan verilmir.
Bu gün insan hüquqları bir sıra dövlətlərin və onların təsiri altında olan beynəlxalq təşkilatların əlində təzyiq, təhdid vasitəsinə çevrilib. Həmin dairələr hər yerdə insan hüquqlarından, onlara əməl olunmasından dəm vururlar. Amma bizə gələndə gözləri yumulur sanki.
Adi bir məsələni şişirtməyə, onu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışan həmin dairələr və təşkilatlar ancaq torpaqlarımızın işğal altında olmasını, bir milyondan artıq insanımızın qaçqın-köçkün vəziyyətində qalmasını görməzdən gəlirlər.
Üzr üstəyirəm, bunlar insan deyil? Onların da insan hüquqları yoxdur? Onların da hüquqları təmin olunmamalıdır? Bizə hüquqdan dərs keçməyə çalışırlar, özlərinə hüquq dərsi keçsinlər”.
Ə.Həsənov dünyanın bir sıra müsəlmanlar yaşayan dövlətlərində beynəlxalq güclər tərəfindən münaqişə ocaqlarının yaradıldığını söyləyib:
“Özünüz də şahidsiniz ki, 50 ildir Əfqanıstanda qan su yerinə axıdılır. Hər gün orada silah, partlama səsləri eşidilir, insanlar dinclik nədir, bilmir. Götürək İraqı. Az qala 30 ildir ki, bu ölkəni cəhənnəmə çeviriblər.
Deyirdilər ki, Səddam diktatordur, orada diktatura rejimi var, ona görə getməlidir. Bəli, Səddam diktator idi və getməli idi, bəs onun yerinə nə gətirdilər, iraqlılara nə bəxş etdilər? Qan-qada, dağıntı, uçurum...
Suriyada, Liviyada, Yəməndə yaşananlar göz önündədir. Demokratiya deyə-deyə bu ölkələri, bu dövlətləri əsl çəhnnəmə, xarabazara çevirdilər. Artıq bu ölkələrdə insanların ölümü, qətlə yetirilməsi adi hal kimi qarşılanır, heç kimə təsir etmir.
Hər gün eşidir, mətbuatdan oxuyuruq ki, orada 100 adam öldürüldü, burada 50 adam məhv edildi. Amma heç kimdən, xüsusilə də, özlərini güclü və aparıcı, “dünyanın ağası” hesab edən dövlətlərdən səs çıxmır.
Sanki belə də olmalıdır, olmalı imiş. Bu, dəhşətli bir vəziyyətdir, dəhşətli bir mənzərədir!
Bu gün bir milyondan artıq miqrantın Avropada başına gətirilənlər insanlıqdankənar addımlardır, o, oradan qovur, bu, buradan qovur.
550 milyonluq Avropa bir milyonluq miqrantı yola vermir, vermək istəmir. Amma ərazi və əhalicə kiçik olan Azərbaycan dövləti 25 ildən çoxdur ki, bir milyondan artıq insana hər cür qayğı və diqqət göstərir. Əslində, dünyada dövlətlərin böyüyü-kiçiyi olmur, sadəcə, əhali və ərazicə böyük və kiçik dövlətlər olur.
Biz bu baxımdan kiçik dövlətik. Amma biz dünyada bu cür haqsızlıqlar, ədalətsizliklər, iqtisadi-siyasi-hərbi kataklizmlər yaşanarkən dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməyi bacarmışıq.
Bu gün Azərbaycan inkişaf səviyyəsinə görə dünyada 33-cü yerdə qərar tutub. Sürətlə inkişaf edən ölkələr sırasında neçənci yerdə olsaq, yaxşıdır, 3-cü yerdə, MDB məkanında isə birinci yerdə. Bunlar asanlıqla başa gəlməyib. Azərbaycanın düz yolda olması, Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik hesabına başa gəlib.
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinin keçirildiyi bir məkana çevrilib. Azərbaycana gəlib-gedən insanlar, dövlət və hökumət rəsmiləri, siyasilər, turistlər öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan haqqında ağızdolusu danışırlar. Bildirirlər ki, dünyada Azərbaycan kimi sabit, inkişaf edən bir ölkə var.
Təbii ki, bunlar müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun siyasətinin layiqli davaçmısı İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, xidmətləri sayəsində Azərbaycan dünyada tanınıb. Mehriban xanım bir ildir ki, birinci vitse-prezident kimi fəaliyyət göstərir, amma onun fəaliyyəti təkcə bu bir ili əhatə etmir.
O, hələ 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərinin dünyada yayılması istqimətində böyük işlər görüb və bu gün də bu fəaliyyətini yorulmadan davam etdirməkdədir. Dünyaya Azərbaycan xanımlarının xanımlığını tanıdıb. Tanıdıb ki, bəli, buyurun, görün, Azərbaycan xanımları necə olur...
Müsəlman qadınları deyərkən, bəzən dünyada göz önünə çarşablı, çadralı qadınlar gəlir. Amma Mehriban xanımın xidmətləri sayəsində bu yanlış təsəvvür aradan qaldırılıb, yəni, Azərbaycan qadının timsalında mütərəqqi, ziyalı müsəlman xanımlarının olduğu dünyaya nümayiş etdirilib.
Bu gün Azərbaycanda xalq-iqtidar monolitliyi, vəhdəti var. Bu monolitliyin təməlində Heydər Əliyev və İlham Əliyev siyasəti dayanır. Heç şübhəsiz, bu siyasət Azərbaycan xalqından qaynaqlanır. Ona görə hesab edirəm ki, dünyada heç bir dövlət, heç bir kəşfiyyat orqanı bu monolitliyi sarsıda, məhv edə bilməz və bilməyəcək”.