Siyasət (14-05-2014, 20:08)
"Ölkənin ən böyük avarası Elçibəy idi"- Ağabəy Əsgərov
YAP Siyasi Şurasının üzvü, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov virtualaz.org saytına müsahibə verib.
“Mediatv.az” xəbər verib ki, o müsahibəsi zamanı 90-cı illərin əvvəllərində Azərbaycanda olan vəziyyətdən danışıb. Həmin dövrün proseslərindən danışan A. Əsgərov eks-prezident Əbülfəz Elçibəy haqqında təhqiramiz ifadələr işlədib. A. Əsgərov müsahibəsində cəbhəçilərlə kommunistləri müqayisə üdib: “Bu adamlar mütəşəkkil, intizamlı, təşkilatçı adamlar idilər. Dövlət idarəetmə orqanları onların çiyinlərində idi. Onlar AXC funksionerlərindən fərqli olaraq hər gün üzlərini qırxır, kostyum və qalstukda gəzir, səhər tezdən durub işə gəlirdilər. Günortaya yaxın işə zorla gəlib çıxan İsa Qəmbər və ya Pənah Hüseynovdan fərqli olaraq onlar təhsilli və peşəkar dövlət aparatı işçiləri idilər. Bu sistemi bir anda necə dağıtmaq olardı? Bu təcrübəli funksionerlərin yerini Elmlər Akademiyasının kiçik elmi işçiləri tutdular. Mən də akademiyada işləyirdim. Bu sistemi yaxşı bilirəm. Ölkənin ən böyük işsiz-gücsüz avarası baş cəbhəçi Əbülfəz Əliyev (Elçibəy-red.) idi. Mən onunla eyni institutda işləyirdim. Əbülfəz Əliyev bizim şöbənin rəhbəri idi.
Deməyim odur ki, Mütəllibov özü-özünü sosial bazadan məhrum edib dəstəksiz qaldı. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdacağını, bunun qaçılmaz olduğunu yalnız axmaqlar, bir də bu böyük insana parlamentdə fit çalmaqla etiraz edən, ayaqlarını yerə döyüb çıxışını kəsməyə çalışan deputatlar və raykom katibləri görməyə bilərdi. Bu adamların ən böyük qüsuru şablon təfəkkür tərzinə malik olmaları idi”.