Siyasət / Slayd (1-06-2015, 13:25)
Arif Rəhimzadə: “Rusiya Azərbaycandan hər hansı mənfi addım gözləyə bilməz”
“Mətbuatda Rusiyanın Azərbaycanın düşməni olması barədə söylənilən fikirlər tamamilə yalandır və heç bir əsası yoxdur”.
Mediatv.az-ın məlumata görə, bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Rusiya Parlamenrlərarası İşçi Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib.
Onun sözlərinə görə, Rusiya ictimaiyyətində Azərbaycan haqqında çox müsbət fikirlər mövcuddur. A.Rəhimzadə deyib ki, Rusiyada Azərbaycana qarşı birmənalı və müsbət fikirlər var: “Azərbaycanın dayanıqlı mövqeyi və balanslaşdırılmış siyasəti Rusiyada da müsbət qiymətləndirilir. Rusiyada Azərbaycanın bu cür mövqeyi çox yaxşı qiymət verilir. Hazırda Azərbaycan və Rusiya münasibətləri yüksək səviyyədə davam edir. Bu siyasətin də əsası odur ki, Azərbaycanın Rusiyaya qarşı olan siyasəti aydın, birmənalı, sabit, məqsədyönlü və müsbətdir. Mən bunu hər zaman demişəm və indi də deyirəm. Ola bilər ki, bizim hər hansı siyasətimiz Rusiyanın xoşuna gəlmir. Ancaq Azərbaycanın siyasəti oynaq və tez-tez dəyişən deyil, sabitdir. Ona görə də bizim bu cür siyasətimizə etimad hissi yaranıb. Azərbaycanın siyasəti dəyişmədiyi üçün Rusiya rəsmi Bakıdan hər hansı mənfi addım gözləyə bilməz. Ona görə də bu cür siyasətimiz Rusiyanı razı sala bilir və onlar bizə hörmət hissi ilə yanaşırlar”.
A.Rəhimzadə əlavə edib ki, Azərbaycandan fərqli olaraq işğalçı Ermənistanın siyasəti tez-tez dəyişəndir.