Siyasət / Slayd (20-05-2015, 14:59)
“Avropa Oyunlarından sonra Azərbaycan haqqında təsəvvürlər dəyişəcək”
“İlk Avropa Oyunları gənc müstəqil Azərbaycan dövləti üçün vacib əhəmiyyət daşıyır”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov bildirib.
Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan dövlətinə iqtisadi baxımdan da faydalar verəcək. Ə.Ömərov deyib ki, Avropa Oyunları həm də Azərbaycanın tanınması üçün yaxşı imkanlar yaradır: “Çünki Avropa ölkələrindən gələcək insanlarda Azərbaycan haqqında geniş təsəvvür yaranacaq, hətta, onların Azərbaycanda haqqında indiyədək olan təsəvvürləri də dəyişəcək”.
“Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına da toxunan Ə.Ömərov onların bu cür hərəkətlərini qınayıb: “Mən Avropa Oyunlarına qarşı çıxanların hərəkətlərini başa düşə bilmirəm. Görünür, həmin adamlar Azərbaycana fayda və xeyr gəlməsini qətiyyən istəmirlər. Mən anlaya bilmirəm ki, o adamlar nə üçün Avropa Oyunlarına kölgə salmaq istəyirlər? Axı Avropa Oyunları Azərbaycanın dünyada tanınması üçün böyük fürsətdir. Hətta, Qarabağ münaqişəsi və ərazi bütövlüyümüz haqqında da məlumatsız adamlarda geniş təsəvvür yaranacaq. Onlar Azərbaycanda gedən inkişafın səviyyəsini, xalqımızın mədəniyyətini, intellektual səviyyəsini və sairə görəcəklər. Bununla da Azərbaycan haqqında təsəvvürlər dəyişəcək”.
Sabiq baş prokuror qeyd edib ki, “Bakı 2015” Avropa Oyunları Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək: “Bu oyunların Azərbaycan iqtisadiyyatına çox böyük faydası olacaq. Çünki Azərbaycana gələcək adamlar bir aya yaxın burada qalacaqlar, pul xərcləyəcəklər. Ona görə birmənalı olaraq deyirəm ki, “Bakı 2015” Avropa Oyunları Azərbaycana gəlir də gətirəcək. Yəqin ki, bu oyunlardan sonra Azərbaycan dünyada daha da tanınacaq, dövlətimiz haqqında yeni müsbət fikirlər çoxalacaq”.