Siyasət (17-05-2015, 13:42)
Azərbaycanda mədəniyyət sahəsinə monitorinq tətbiq ediləcək
Nazirlər Kabineti “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib. Mediatv.az baş nazir Artur Rasizadənin imzaladığı qaydaları təqdim edir:
Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən hazırlanmışdır və mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir. Bu məqsədlə dövlət tərəfindən “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində dövlət monitorinqi aparılır.
2. Mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədi
2.1. Mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət mədəniyyət siyasəti istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsidir.
3. Mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirən subyektlər
3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra – Nazirlik), “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) tərəfindən həyata keçirilir.
3.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədi ilə Nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə dövlət monitorinqinin həyata keçirilməsi məqsədi ilə İdarənin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiya yaradılır. Mədəniyyət sahəsində dövlət monitorinqinin müşahidələrindən asılı olaraq komissiyanın tərkibində zərurət yarandıqda müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının, o cümlədən yaradıcılıq birliklərinin nümayəndələrindən ibarət yardımçı işçi qrupu yaradıla bilər. Yardımçı işçi qrupunun üzvlərinin əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
4. Mədəniyyət sahəsində dövlət monitorinqinin müşahidələri
4.1. Mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının, milli azlıqların, mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir.
5. Mədəni sərvətlərin istifadəsinin və mövcud vəziyyətinin müşahidəsi
5.1. Mədəni sərvətlərin istifadəsinin və mövcud vəziyyətinin müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir:
5.1.1. daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar;
5.1.2. mədəni sərvətlərin toplandığı yerlər;
5.1.3. daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi, çıxarılması;
5.1.4. dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin mülkiyyətində və ya istifadəsində olan mədəni sərvətlərin vəziyyəti, saxlanılması, istifadə proqramına riayət olunması və mühafizəsi;
5.1.5. mühafizə məqsədi ilə mədəni sərvətlərə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələrinin tətbiq edilməsi;
5.1.6. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 43.0.7-ci və 43.0.8-ci maddələrinin tələblərinə riayət olunması.
6. Mədəniyyət sənayesinin vəziyyətinin müşahidəsi
6.1. Mədəniyyət sənayesinin vəziyyətinin müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir:
6.1.1. mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətədavamlılığının dəstəklənməsi;
6.1.2. mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi;
6.1.3. mədəniyyət sənayesinin inkişafına yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsi və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə həmin investisiyaların qoyuluşuna əlverişli mühitin yaradılması;
6.1.4. kinematoqrafiya, nəşriyyat, o cümlədən elektron nəşriyyat işi, memarlıq və dizayn, multimedia, kulinariya və reklam.
7. Mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyəti və keyfiyyətinin müşahidəsi
7.1. Mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyəti və keyfiyyətinin müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir:
7.1.1. mədəniyyət sahəsində məhsulların və xidmətlərin uyğunluğunun təmin olunması;
7.1.2. mədəniyyət məhsullarının və xidmətlərinin əldə edilməsi, istifadəsi və barəsində sərəncam verilməsinin “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə uyğun olaraq tənzimlənməsi;
7.1.3. milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yaradılması;
7.1.4. muzeylərin, muzey tipli müəssisələrin, sərgi salonlarının, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti.
8. Maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının müşahidəsi
8.1. Maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir:
8.1.1. maddi və qeyri-maddi mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə təminatların verilməsi;
8.1.2. maddi və qeyri-maddi mədəni irs obyektlərinin mühafizəsinin mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilməsi;
8.1.3. nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan maddi və qeyri-maddi mədəni irs obyektlərinin müəyyən edilməsi və qorunması.
9. Mədəniyyət sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin müşahidəsi
9.1. Mədəniyyət sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir:
9.1.1. mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması;
9.1.2. mədəniyyət müəssisələrinin bərpası, maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının bilik və bacarıqlarının artırılması məqsədi ilə layihələrin maliyyələşdirilməsinin həyata keçirilməsi;
9.1.3. mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfələrə görə mədəniyyət işçilərinin və yaradıcı şəxslərin həvəsləndirilməsi tədbirlərinin təşkili;
9.1.4. mədəniyyət sahəsinin idarə olunmasında yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi;
9.1.5. mədəniyyət sahəsində çalışan kadrların ixtisasının tutduğu vəzifəyə uyğunluğunun araşdırılması.
10. Mədəniyyət sahəsində elm və təhsil müəssisələrində tədqiqat işinin təşkili, təhsil prosesinin və tədris proqramlarının müşahidəsi
10.1. Mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidəsi zamanı aşağıdakılar qiymətləndirilir:
10.1.1. mədəniyyət sahəsində təhsil və elmi araşdırmalar üzrə layihələrin həyata keçirilməsində dövlət maliyyələşdirilməsi;
10.1.2. elmi-texniki, müasir texnologiya vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən istifadə edilməsini stimullaşdıran layihələrin həyata keçirilməsi;
10.1.3. şəxslərin mədəniyyət sahəsində təhsil almaq və elmi fəaliyyətlə məşğul olmaq hüququna malik olması;
10.1.4. mədəniyyət sahəsində elmi tədqiqatların aparılmasına dövlət tərəfindən şəraitin yaradılması;
10.1.5. mədəniyyət sahəsində elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsi və elmi tədqiqat işlərinin yerinə yetirilməsi dərəcəsi;
10.1.6. mədəniyyət sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədi ilə müvafiq layihələrin həyata keçirilməsi;
10.1.7. tədris prosesinin təşkilinin keyfiyyət göstəriciləri və tədris prosesinin təkmilləşdirilməsi sahəsində təşəbbüskarlıq.
11. Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi
11.1. Nazirlik, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə İdarə tərəfindən növbəti ilin başlanmasına ən geci 3(üç) ay qalmış bu Qaydanın 4-10-cu hissələrində nəzərdə tutulan müşahidələrdən birinin və ya bir neçəsinin aparılması barədə mədəniyyət sahəsində dövlət monitorinqinin növbəti il üçün tədbirlər planı hazırlanıb təsdiq edilir.
11.2. Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bu Qaydanın 3.2-ci bəndində göstərilən komissiya yaradılır.
11.3. Tədbirlər planında aşağıdakı məlumatlar qeyd edilir:
11.3.1. tədbirlər planını təsdiq edən dövlət orqanının adı;
11.3.2. tədbirlər planı üzrə növbəti il üçün həyata keçiriləcək bu Qaydanın 4-10-cu hissələrində nəzərdə tutulan müşahidələrdən biri və ya bir neçəsi;
11.3.3. mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsinin başlanma və bitmə tarixləri;
11.3.4. müşahidələr zamanı aparılmalı olan qiymətləndirmələr;
11.3.5. müşahidələrin həyata keçirilmə üsulları;
11.3.6. müşahidələrin aparılması məqsədi ilə yaradılacaq komissiyanın tərkibi.
11.4. Tədbirlər planı təsdiq edildikdən sonra növbəti ilin başlanmasına ən geci 2(iki) ay qalmış ictimaiyyətin etiraz və təklifləri üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən orqanların internet saytlarında yerləşdirilir, rəsmi dövlət qəzetlərində dərc etdirilir.
12. Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilmə müddəti
12.1. Mədəniyyət sahəsində dövlət monitorinqi planlı (növbəti) və plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.
12.2. Mədəniyyət sahəsində dövlət monitorinqi planlı (növbəti) qaydada həyata keçirildikdə, bu Qaydanın 11-ci hissəsinə uyğun olaraq tədbirlər planı hazırlanıb təsdiq edilməlidir.
12.3. Mədəniyyət sahəsində dövlət monitorinqinin plandankənar (növbədənkənar) qaydada həyata keçirilməsi zərurəti olduqda, bu Qaydanın 11-ci hissəsinə uyğun olaraq tədbirlər planı hazırlanmır və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlama aparılır.
12.4. Bu Qaydanın 12.2-ci bəndinə əsasən mədəniyyət sahəsində dövlət monitorinqi ildə 1(bir) dəfə həyata keçirilir. Mədəniyyət sahəsində dövlət monitorinqi başlandığı tarixdən etibarən 1(bir) aydan çox davam edə bilməz.
12.5. Dövlət orqanlarının, təşkilatlarının, habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə əsasən təcili və təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti müəyyən edildikdə, mədəniyyət sahəsində dövlət monitorinqi plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.
13. Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilmə üsulları
13.1. Mədəniyyət sahəsində dövlət monitorinqi aşağıdakı üsullarla həyata keçirilir:
13.1.1. mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədləri üçün sənəd və məlumatların yoxlanılması;
13.1.2. mədəniyyət sahəsində dövlət monitorinqinin məqsədləri üçün mədəni sərvətlərə, abidələrə, mühafizə zonalarına, qoruqlara, binalara, tikililərə və avadanlıqlara baxışın keçirilməsi;
13.1.3. mədəniyyət nümunələrinin ekspertizasının həyata keçirilməsi.
13.2. Bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılmış komissiya mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq hüququna malikdirlər.
13.3. Bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılmış komissiya mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi və müşahidələrin aparılması məqsədi ilə bütün ərazilərdə, tikililərdə və digər yerlərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yoxlama aparmaq hüququna malikdir.
13.4. Bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılmış komissiya tərəfindən mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi zərurəti müəyyən edildikdə, həmin nümunələr Nazirliyə ekspertiza üçün təqdim edilir.
14. Mədəniyyət sahəsində dövlət monitorinqinin elektron məlumat sistemi
14.1. Mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması məqsədi ilə Nazirlik tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.
14.2. Elektron məlumat sistemində aşağıdakı məlumatlar qeyd edilir:
14.2.1. il ərzində mədəniyyət sahəsində həyata keçirilməsi nəzərdə tutulan dövlət monitorinqinin başlanma və bitmə tarixləri;
14.2.2. mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması məqsədi ilə yaradılmış komissiyanın tərkibi;
14.2.3. mədəniyyət sahəsində dövlət monitorinqinin müşahidələri zamanı həyata keçirilən qiymətləndirmələr;
14.2.4. mədəniyyət sahəsində dövlət monitorinqinin nəticələri.
14.3. Elektron məlumat sistemində göstərilən məlumatlar ictimaiyyətin irad və təklifləri üçün açıq olmalıdır.
15. Mədəniyyət sahəsində həyata keçirilmiş dövlət monitorinqinin nəticələri
15.1. Mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqinin nəticələri əsasında komissiya tərəfindən hesabat tərtib olunur.
15.2. Tərtib olunmuş hesabat komissiya tərəfindən Nazirliyə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində İdarəyə müvafiq tədbirlərin görülməsi üçün təqdim edilir.
15.3. Nazirliyə və İdarəyə təqdim olunmuş hesabat əsasında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Nazirlik və İdarə tərəfindən təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.