Karusel (26-11-2014, 19:31)
Azərbaycan kəlağayısı YUNESKO-nun siyahısına salındı
Məlum olduğu kimi cari ilin 24-28 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası keçirilir.
“Mediatv.az” Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, sessiyanın bugünkü iclasında Azərbaycan Kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.
Kəlağayı faylı Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür edib və YUNESKO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirib.
Hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.