Siyasət / Slayd (7-05-2015, 13:40)
"Azərbaycan dünyada siyasi plüralizmin hökm sürdüyü dövlət imici qazanıb" - Əli Həsənov
"Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə görə, dünyada siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazanıb".
Mediatv.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zaman deyib.
Ə.Həsənov bildirib ki, bu amil Azərbaycanın beynəlxalq imici və geosiyasi gücünə real təsir göstərib:
"Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik həyatında iştirak edir və müvafiq sahələrdə geosiyasi maraqlarını təmin etməyə çalışır".
Azərbaycanın uğurlu neft strategiyasından danışan Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan Xəzər Dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “Ən əlverişli və ümidverici tərəfdaş hesab olunur”.
O qeyd edib ki, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risqlərdən biri hesab olunan məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır:
“Bu anlamda Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə ölkənin enerji ixracı risqləri çox aşağı səviyyədədir".
PA rəsmisi bildirib ki, hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxmunən 30-40 milyard kubmetr olan maye qaz kəmərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib:
"Avrasiyanın ən tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət enerji, yanacaq və nəqliyyat kommunukasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir".