Siyasət (24-04-2015, 12:32)
Müsavat Nərgizlə bağlı nekroloq yaydı
Müsavat Partiyası Nərgiz Yaqublunun ölümü ilə bağlı nekroloq yayıb.
Partiyanın gənc fəal üzvü, Müsavat Patiyası başqanını müavini, Divan üzvü, siyasi və vicdan məhbusu Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 26 yaşında vaxtsız vəfat edib.
Azərbaycan gəncliyinin mübariz nümayəndəsi, demokratik düşərgənin sevimlisi Nərgiz Yaqublu 1989-cu il dekabr ayında anadan olub. O, Xəzər Universitetini bitirib. “Yeni Müsavat” qəzetində jurnalist fəaliyyəti ilə məşğul olduğu dövrdə yazıları ilə Azərbaycan ictimaiyyəti arasında böyük rəğbət qazanıb.
2009-cu ildən Müsavat Partiyasına üzvdür. Partiya üzvü olduğu gündən müsavatçılıq ideyalarının yayılmasında, demokratik islahatlar uğrunda mübarizədə mühüm rol oynayıb. Azad və demokratik Azərbaycanın gerçəkləşməsi üçün bütün qüvvəsilə çalışıb. Özünün təmənasız fəaliyyəti və fədakarlığı ilə onu tanıyanların dərin hörmətini qazanıb.
Fədakar müsavatçı Nərgiz Yaqublu üzünü görə bilmədiyi körpəsinə nəvaziş belə görstərə bilmədi. Ana olmaq sevincini yaşamağı amansız tale ona imkan vermədi.
Nərgiz Yaqublunun əziz xatirəsi bütün Azərbaycan xalqının, müsavatçıların və onu tanıyanların qəlbində daim yaşayacaq.
Müsavat Partiyası Nərgiz Yaqublunun faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına və əqidədaşlarına, demokratiya və azadlıq uğumda mübarizə aparan hər kəsə dərin hüznlə baş sağlığı verir.
Sən həmişə bizimləsən, əzizimiz Nərgiz!
Allah rəhmət eləsin!