Siyasət (30-01-2015, 22:01)
Suraxanıda gənclərlə təntənəli görüş - FOTO
İlqar Abbasov: “Müxtəlif yarışlardan qazanılan çoxsaylı mükafatlar gəncliyə yaradılmış gözəl şəraitdən xəbər verir”
2 Fevral-Gənclər günü ilə əlaqədar Suraxanı rayonunda xüsusi görüş keçirilib. Görüşdə 200-dən yuxarı gənc iştirak edib. Tədbir zaqmanı gənclər Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
“Həftə içi”nin məlumatına görə, “Bülbülə” şadlıq sarayında davam etdirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək gəncləri təbrik edib. O, bildirib ki, hazırda ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır: “1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslarda , dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir”.
“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” uğurla icra edildiyini deyən İlqar Abbasov vurğulayıb ki, Gənclər Siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur: “Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi, bu il Azərbaycanın 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlardan qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir”.
Bütün bu işlərin Suraxanı rayonundan da yan keçmədiyini deyən icra başçısı rəhbəri olduğu rayonda “Gənclər evi” tikilib istifadəyə verildiyini, bütün qəsəbələrdə idman meydançılarının, Yeni Günəşli yaşayış sahəsində isə “Şahmat məktəbi”nin tikintisinə başlandığını xatırladıb.
Tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyinin “Gənclərin Milli Şurası”nın sədri Şahin Seyidzadə də çıxış ediblər. Onlar gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təsirindən danışıblar. Qeyd olunub ki, Azərbaycan gəncləri bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur. Sonda “Gənclər evi”nin və Qurban Abbasov adına mədəniyyət sarayının bədii kollektivlərii konsert proqramı ilə çıxış edib.
Qələndər