Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (1-09-2016, 10:47)
“Sovetski”ni sökən məmur: “Başçıya dedim ki, aksiyaya 5 min nəfər yığışıb, neynəyək...”

“Sovetski”ni sökən məmur: “Başçıya dedim ki, aksiyaya 5 min nəfər yığışıb, neynəyək...”

 

Yasamal RİH başçısının 1-ci müavini Səməd İslamov: “Yaxın vaxtlarda Çingiz Mustafayev küçəsindən ”Təzəpir” məscidinə tərəf söküntü işlərinə başlanacaq“

 

Mediatv.az:  “Sovetski”də aparılan söküntü işləri uzun müddətdir ki, mətbuatda müzakirə mövzusudur. Bu mövzuda cəmiyyətdə yaranman suallara aydınlıq gətirmək üçün “Yeni  Müsavat”ın müxbiri Yasamal Rayonunun İcra Hakimiyyəti başçısının müavini, Yasamal Rayon Söküntü Komissiyasının sədri Səməd İslamovdan müsahibə alıb. 
 
- Səməd müəllim, “Sovetski”də aparılan söküntü işləri zamanı xeyli narazılıqlar oldu. Biz o ərazidən köçürülən sakinlərin mövqeyini dəfələrlə işıqlandırmışıq. Bəs sizin mövqeyiniz necədir? Bu narazılığın səbəbi nədir? 
- Yasamal rayonunda “Sovetski” adlanan ərazi ilə bağlı məsələ 2 il 6 aydır ki, müzakirə olunur. 50-60-cı illərdə “Sovetski”də aparılan çəkilişlərə baxarkən xoş nostalji hisslər keçiririk. Lakin nə qədər keçmişi qoruyub saxlamaq istəsək də, illər keçdikcə bu, mümkünsüz olur. 2000-ci ilin statistikasında göstərilir ki, Yasamal rayonundakı fərdi yaşayış evlərinin 70 faizinin yaşı 100 ildən artıqdır, onlar  yaşayış üçün yararsız vəziyyətə düşüb. Bu evlərin də əksəriyyəti məhz “Sovetski”də yerləşir. Kortəbii üsulla, keyfiyyətsiz tikinti materialları ilə tikilmiş, kommunal şəraiti məhdud olan bu evlər bizim üçün də problemə çevrilmişdi. Əksər evlərin yağışdan sonra tavanları çökür, qəzalı vəziyyətə düşürdü. Xüsusilə payız-qış ayları, yanğınsöndürən və su maşınları daim “Sovetski”də olurdular. Son illər problemlər artıq pik həddə çatmışdı. “Sovetski” camaatı tərəfindən ölkə rəhbərliyinə, yuxarı orqanlara da məktublarla çoxsaylı müraciətlər edildi. Nəticədə 2013-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinə “Sovetski” və onun ətraf ərazilərinin köçürülməsi ilə bağlı qısa müddətdə təkliflər planı hazırlanması tapşırığı verildi. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin 12 dekabr 2013-cü il tarixli 501 saylı sərəncamı var. 
 
- Bəs kompensasiya məsələsi nə üçün problemə çevrildi? Bildiyiniz kimi, “Sovetski”də sakinlərin əksəriyyəti kompensasiyaya etiraz etdi...

Ölçü və qiymətləndirmə işləri şəffaf aparılsın, söküntü işlərinə mənzil sahibləri ilə razılaşdırıldıqdan sonra başlansın - ölkə başçısının bizə əsas tapşırığı bu idi”

- “Sovetski”də mənzillərin köçürülməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra bu, çox ciddi müzakirə mövzusuna çevrildi. Hiss edirdik ki, əhali arasında müəyyən inamsızlıq var. Bunun nəticəsidir ki, 2014-cü il fevralın 16-da “Sovetski” sakinləri etiraz aksiyası keçirdi. Həmin gün ərazidə idim. Oraya yaxınlaşanda narahatlıq keçirdim. İcra başçısı İbrahim Mehdiyevə zəng eləyib bildirdim ki, 5 minə yaxın insan toplaşıb, böyük həyəcan var. Onu da bildirdim ki, aksiyaya gələnlər əllərində ulu öndərin və cənab prezidentin portretlərini tutublar. Başçı mənə bildirdi ki, narahat olma, onlar inamla oraya toplaşıblar, çəkinmə, çıx qarşılarına, suallarını cavablandır. Cənab prezidentin bizim qarşımıza qoyduğu  tapşırıqları onlara izah et. Əhaliyə bəyan edildi ki, bütün ölçü və qiymətləndirmə işləri şəffaf şəkildə aparılacaq. Söküntü işlərinə isə yalnız mənzil sahibləri ilə razılaşdırıldıqdan sonra başlanılacaq. Ölkə başçısının bizim qarşımıza qoyduğu tapşırıq bundan ibarət idi. Onların suallarını cavablandırdıqdan sonra hamı dağılışdı".
- Mənzillərin qiymətləndirilməsi, kompensasiyaların verilməsi prosesi necə aparıldı?
- Söküntü aparmazdan əvvəl ilk növbədə daşınmaz əmlakların satın alınması ilə bağlı monitorinqlər apardıq. Mənzillərin kvadratmetri üçün verilən 1500 manat təsadüfi rəqəm deyil. 2013-cü ilin sonlarında həmin ərazilərdə 6 ayın monitorinqini apardıq. Faktlara əsasən gördük ki, “Sovetski” ərazisində mənzillər satılarkən kvadratının qiyməti 800-1000 manatdan artıq olmayıb. Bütün bunları nəzərə alaraq, son hədd kimi mənzillərin hər kvadratmetrinə 1500 manatdan kompensasiya verilməsi qərara alındı. Güzəşt olaraq, sənədi olmayan şəxslər belə qeydiyyata alındı, onlara da kompensasiya ödənildi. Bu proseslər qısa zamanda sürətlə aparıldı. Elə ay olurdu ki, 300 mənzil sahibi ilə alqı-satqı işi aparırdıq.
 
- Səməd müəllim, əsasən mənzillərinin kvadratmetri az olan ailələr narazı qaldılar. Onların arqumenti bu idi ki, verilən kompensasiya ilə başqa yerdə mənzil ala bilməyəcəkdilər. Onları necə razı saldınız?   

“Ərazi bizim üçün problemə çevrilmişdi, xüsusilə payız-qış ayları yanğınsöndürən və su maşınları daim ”Sovetski"də olurdu" 

- “Sovetski”də elə mənzillər var idi ki, ölçüsü çox az idi. 10-15 kvadratmetr. Belə mənzillərdə yaşayanlara fərqli yanaşırdıq. Başa düşürdük ki, azkvadratlı ailələrə veriləcək kompensasiya onları qane etmir. Bunları nəzərə aldıq və bu barədə ölkə rəhbərliyinə bildirdik. Bu zaman Nərimanov rayonunda iki çoxmərtəbəli bina əsaslı şəkildə təmir olundu və 219 ailəni oraya köçürdük".
- “Sovetski”də başqa hansı ərazilərin sökülməsi nəzərdə tutulur?
- Ölkə başçısının göstərişi ilə Çingiz Mustafayev küçəsi və “Təzəpir” məscidi istiqamətində işlər aparılacaq. Artıq ölçü və qiymətləndirmə işləri aparılır. Yəqin ki, orada da belə problemlər çıxacaq və bu məsələ həmin qaydada öz həllini tapacaq.  Bu günə kimi 3830 mənzil satın alınıb. 3750-yə yaxını sökülüb, qalıqları ərazidən çıxarılıb. Ümumilikdə, 210 min kvadratmetr ərazi, yaşayış və qeyri-yaşayış sahəsi boşaldılıb. Avqustun 8-də ölkə başçısı “Sovetski”də oldu və yol-nəqliyyat infrastrukturunun təməlini qoydu. Bu işlərə “Azəryolservis” ASC tərəfindən başlanıb və ümumilikdə 26 hektar ərazidə abadlıq işləri aparılıb".
- Söküntü aparılan ərazilərdə çoxmərtəbəli binaların tikiləcəyi deyilirdi. Bu, doğrudurmu?
- Söküntü aparılan andan deyirdilər ki, həmin ərazidə yaşayış binaları tikiləcək. O vaxt da deyirdik ki, bu, belə olmayacaq. Məqsəd orada ərazini boşaldıb, yerində tikinti aparmaq deyil. Layihədə sırf insanların mənzil şəraitini yaxşılaşdırılması və Bakı şəhərinin abadlaşdırılması nəzərdə tutulurdu. Bütün bunlar da öz təsdiqini tapdı. 23 hektar ərazidə yaşıllıq olacaq, 3 hektarı isə yollardan ibarətdir. Heç bir tikintidən söhbət gedə bilməz. Təbii ki, yaşıllığa uyğun olaraq sosial obyektlər də olacaq. Bu da mütləq olmalıdır. 6,1 kilometr ərazidə, yəni 5 küçədə bu işlər aparılacaq. Nərimanov prospektində, Balababa Məcidov, Çingiz Mustafayev, Nizami küçələrində, “Qış bulvarı”nın davamı olaraq, Akademik Milli Dram Teatrının arxasından “Sovetski”yə qədər yaşıllıqlar salınacaq. Bu yaxınlarda ölkə rəhbərliyi tərəfindən yeni tapşırıq almışıq. Çingiz Mustafayevdən Süleyman Tağızadə küçəsinə qədər, “Təzəpir” istiqamətində işlər aparılır. 3000-ə yaxın yaşayış və qeyri-yaşayış sahəsində ölçü işləri aparılacaq. Həmin ərazilər isə 22 hektara yaxın ərazini əhatə edir. Bu işlərə artıq başlanılıb. Müstəqil ekspertlər və sakinlərin iştirakı ilə ölçü işləri aparılır. Tam başa çatdıqdan sonra maliyyə işlərinə başlanacaq.
 
 
- Bəzi sakinlər narazılıq edir ki, razılaşma olmadan onların adına bank hesabı açıb, pulu oraya köçürür, sonra mənzili sökürsünüz. Bu, hansı qanuna əsasən aparılır? 

Nərimanov rayonunda iki çoxrmərtəbəli bina əsaslı şəkildə təmir olundu və mənzili azkvadratlı olan, kompensasiya ilə razılaşmayan 219 ailəni oraya köçürdük” 

- Söküntüdən əvvəl mənzillərdə ölçü işləri apardıq, sakinlərlə danışıqlar oldu. Razılaşanlar da oldu, narazılıq edənlər də. Yadınıza gəlirsə, Nazirlər Kabinetinin 358 saylı bir qərarı oldu. Bu qərarın verilməsinə bir zərurət yaranmışdı. Tərəfimizdən 2320 mənzil satın alınmışdı, yerdə qalan təqribən 1093 mənzil bizim üçün problemə çevrilmişdi. Halbuki həmin ərazidə yeni yolun və mühəndis kommunikasiya xətlərinin dövlət əhəmiyyətli yolların çəkilməsi nəzərdə tutulmuşdu. 1093 mənzil sahibi əsasən bayaq vurğuladığım kimi, hüquqi cəhətdən mənzillərinin köçürülməsi mümkün olmayan,  problemli mənzillər idi. 
Orada faktiki yaşayanlarla mülkiyyətçilər arasında mübahisə yaranmışdı.  Mülkiyyətçi vərəsədir, uzun illər orada yaşamır, ancaq faktiki yaşayan insanlar qeyri-rəsmi olaraq evlərini satıblar. 25-30 ildir ki, orada başqa insanlar yaşayır. Bir sözlə, bu ailələr köçmək istəmirdilər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı oldu. Bu vətəndaşları biz komissiyaya dəvət etdik. Ancaq bəziləri razılaşmadılar. Bu zaman hüququ baxımdan öz tədbirlərimizi gördük. Biz də onları məhkəməyə verdik və tam qanuni şəkildə işləri apardıq. Onların depozit hesablarına vəsaitləri köçürdük. Şükür ki, o insanlar da sonradan bizi anladılar. Hazırda isə köçürülməmiş ailə qalmayıb. Təbii ki, qonşu mənzillər sökülərkən digərlərinin də kommunal problemi olurdu. Su, elektrik xətlərində tez-tez problemlər yaranırdı. Biz söküntünü maksimum ehtiyatla aparırdıq, lakin bildiyiniz kimi, orada evlər bitişik olduğundan kommunal xətlər də yaxın idi.
 
- “Sovetski”də bəzi arxitektur binalar söküldü. Hazırda neçə arxitektur bina var və onların hansı formada saxlanması nəzərdə tutulur? 

Monitorinqlər apardıq və faktlara əsasən gördük ki, ”Sovetski" ərazisində mənzillər satılarkən hər kvadratının qiyməti 800-1000 manatdan artıq olmayıb" 

- Bakı şəhərinin baş planına əsasən “Sovetski”də 95 mədəniyyət abidəsi və tarixi abidə var. O zaman Mədəniyyət Nazirliyi və müstəqil ekspertlərlə birlikdə həmin binalara baxış keçirdik. Belə qənaətə gəldik ki, onlardan 23-ü heç bir tarixi və yaxud mədəni əhəmiyyət daşımır. Onların şəkilləri və videolarını çəkərək siyahısını Nazirlər Kabinetinə göndərdik. Həmin 23 bina siyahıdan çıxarıldı, ancaq buna baxmayaraq 2-si bizim tərəfimizdən saxlanıldı. Onlardan biri Mustafa Sübhi küçəsində məscid binasıdır, biri ötürücü qüllədir. Qalan 72 bina olduğu kimi qalmaqdadır. Avqust ayında  ölkə başçısı “Sovetski”yə baxış keçirən zaman xüsusilə memarlıq və tarixi binaların qorunmasına tapşırıq verdi. Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası tərəfindən həmin binalara baxış keçirilməlidir, restavrasiya işləri aparılmalıdır. Həmin binaların muzey kimi istifadəyə veriləcəyi nəzərdə tutulur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024