Kriminal (20-05-2021, 20:00)
Bakıda polis sevgilisini xidməti silahla öldürdü, özünü güllələdi - Yenilənib
Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla güllələyib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 11 radələrində, Yasamal rayonu ərazisində qeydə alınıb.
Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən Osmanov adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb:
Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
***
Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.
G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.