Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (9-09-2014, 20:02)
Oğlu Azərbaycana qarşı vuruşmuş azərbaycanlı qadın... - FOTO

 

Müharibə bəşər əhlinə müxtəlif yönlərdən fiziki, maddi, həm də mənəvi zərbələr vuran çox dəhşətli və ağrılı bir prosesdir. Bunu biz, Azərbaycan vətəndaşları son 20-25 illik taleyimizdə yaşamışıq, indi də yaşamaqdayıq. Odur ki, bu gün Qəzzada, İraqda, Suriyada, Ukraynada və s. gedən mənasız insan qırğınları bizləri hamıdan çox ağrıdır. Amma beynəlxalq güclərin təhriki ilə daşnak ermənilərin başlatdığı Qarabağ müharibəsində aldığımız yaralar hələ də sağalmayıb. Torpaqlarımız da işğal altında qalmaqdadır...

Bu savaş taleyi həm Azərbaycan, həm də erməni tərəfi ilə bağlı olan insanlara daha dözülməz mənəvi yaralar vurub...
Haqqında danışacağımız qadın azərbaycanlıdır. Amma onun taleyi çox təzadlıdır... Bacısı ermənilərin işğal etdiyi Füzulidən qaçqın düşüb, oğlu isə Qarabağda erməni quldurları ilə birgə Azərbaycana qarşı vuruşub və ölüb... Bu gün o, sözdə taleyindən razıdır. Amma özünü azərbaycanlı sanır və 25 ildir, görmədiyi qardaş və bacılarından ötrü burnunun ucu göynəyir, gəlib onlarla görüşmək, anasının məzarını ziyarət etmək istəyir. Bizim isə onu Vətəninə və millətinə xəyanətdə suçlamaq haqqımız var...

“Mənim 69 yaşım var. Bakıda anadan olmuşam. Sabunçuda yaşamışam. Qızlıq ad-soyadım – Təhməzova Lidiya Abdulla qızıdır. Mən azərbaycanlıyam. Birinci ərim rus olub – İvanov Vladimir. 1974-cü ildə oğlumuz oldu – İvanov Eduard. Ərimlə iki il Moskvada yaşadıqdan sonra Bakıya gəldik. Daha sonra tale elə gətirdi ki, biz ayrılası olduq. 1980-cı ildə isə erməni Saakyan Beniklə tanış oldum...”.

Bu, hazırda erməni işğalı altında olan Hadrutun Domi (yaxud Tumi) adlandırılmış Binə kəndində (hazırda hüquqi-inzibati cəhətdən Xocavənd rayonunun tərkibindədir) yaşayan azərbaycanlı qadının erməni jurnalisti Kristine Xanumyana söylədiklərindəndir.

Ermənilər arasında tənha yaşayan soydaşımız söhbətinə belə davam edir: 
“Biz Beniklə evləndik. Onun burada xəstə atası var idi, ona görə də 1981-ci ildə biz buraya –Domiyə köçdük. Bura o saat xoşuma gəldi. Çox yerlərdə - Moskvada, Kiyevdə, Leninqradda olmuşam. Ancaq buranı daha çox xoşladım. Oğlum Eduard Domi kənd orta məktəbində birinci sinfə getdi. 1991-ci ildə o, məktəbi bitirdi. Elə həmin il də Benik iflic olub öldü. Oğlumla tək qaldım. Müharibə isə artıq başlamışdı. Onda oğluma dedim ki, oğul, sən buralardan çıx get, axı sən russan, sənə hər yerdə yol açıqdı. O cavab verdi ki, yox, ana, burada duz-çörək kəsdiyim dostlarım var. Mən duz-çörəyi unuda bilmərəm. Bu minvalla 1992-ci ildə oğlum könüllü olaraq savaşa yollandı, 1994-cü ildə isə cəmi 18 yaşında həlak oldu...

Lidiya deyir ki, oğlu öldükdən sonra bir erməni rəfiqəsi gecələr gəlib onun yanında qalırmış ki, birdən ermənilər tənha azərbaycanlı qadını incidərlər.
“Müharibə vaxtı özümü tənha hiss etmirdim. Ona görə ki, rəfiqəm məni qoruyurdu. O, bizdə olanda qapını da bağlamırdım. Ancaq rəfiqəm iki il öncə vəfat etdi və mən tamam tək qaldım. Düzdür, onun qızı mənə kömək edir. Eyvandan “Marina, Marina...” çağıran kimi gəlir...”.

Oğlu öldükdən sonra azərbaycanlı qadına kolxoz sədri köməklik göstərib. “Onda mənim nə ərim, nə oğlum, nə də pulum var idi. Bakıda isə yaxşı işim olub. Mən ixtisasca iqtisadçıyam... Oğlum öləndən sonra məcbur olub Domidə məktəbin süpürgəçisi işlədim. Sonra isə təqaüdə çıxdım və artıq işləmirəm. Oğlumdan sonra heç özüm də buradan getmək istəmədim. Burada mənim üçün yaxşıdır. Amma necə yaxşıdır? Mən burada yaşamağa vərdiş etmişəm... Oğluma görə də pensiya alıram”.

Amma erməniləşmiş soydaşımız qeyd edir ki, “DQR” “hökuməti”nin qərarına əsasən bütün tənha, dul qadınlara kompensasiya verilsə də, ona verilmir.

“Bütün tənhalara kompensasiya verirlər. Mənə isə vermirlər, axı mən evimi təmir etməliyəm...”.
Təhməzova Lidiya Abdulla qızının bir qardaşı və iki bacısı olub. Ancaq 1989-cu ildən bəri onun doğmaları haqqında heç bir məlumatı yoxdur...
“Mən buraya gələndə bacılarımdan biri Tovuzda tibb bacısı, digəri isə Füzulidə rus dili müəlliməsi işləyirdi. Bu hadisələrdən sonra onlar haqqında heç bir məlumatım yoxdur. Qardaş-bacım barədə heç nə bilmirəm. Haradan biləcəm? Sonuncu dəfə onlar haqqında 1989-cu ildə məlumat almışdım. Mən ora getmişdim, anam hələ sağ idi... İndi hətta bilmirəm ki, Füzulidəki bacım müharibədən sonra hara gedib. Yalnız bilirəm ki, onun iki oğlu və iki qızı var idi. Mən çox istəyirəm ki, doğmalarımı görəm, ancaq bunun yaxın zamanda mümkün olacağına inanmıram...”.

Erməni jurnalisti yazır:
• “Domi kəndində Lida xalanı hamı tanıyır. Kimdən soruşsan ki, Lida xalanın evi hardadır, o dəqiqə göstərərlər. Özü də böyük hörmət və məmnuniyyətlə. Qonşusu Lyuda xala da belələrindən biridir. Soruşuruq ki, çoxdan tanıyırsız Lida xalanı, onun azərbaycanlı olması dostluğunuza mane omur ki? Qonşu sonuncu sualdan təəccüblənərək belə deyir: “Milliyyətin əhəmiyyəti yoxdur”. Sonra isə əlavə edir: “Biz onunla artıq 30 ilə yaxındır ki, dostluq edirik. Başqaları ilə necə, onunla da elə... Heç bir problem yoxdur. Nə fərqi var, ermənidir o, yoxsa yox... Bu, dostluğa necə mane ola bilər? Onun oğlu müharibədə həlak olub. O, bizdən ötrü ölüb...”.

Sonra K.Xanumyan azərbaycanlı qadının Azərbaycana qarşı vuruşmuş oğlunun komandiri olmuş Vardanın söylədiklərindən bəhs edir.
“Vardan müharibə vaxtı Lida xalanın oğlunun komandiri olub. Deyir ki, Lida xalaya öz anam kimi hörmət bəsləyirəm. “Mən bütün kəndin adından deyə bilərəm: burada hamı bu qadına başqa cür hörmət edir. Onun oğlu müharibədə həlak olub. O zaman o, yaşca çox kiçik idi, biz onu müharibəyə aparmırdıq. Ancaq o, özü döyüşə yollandı və həlak oldu. Çox yaxşı oğlan idi... Yox, bizim kənddə heç kəs bu qadına əyri gözlə baxa bilməz. Bax, mən ona öz anam kimi hörmət edirəm. O, çox yaxşı qadındır...”.

Azərbaycanın işğal edilmiş torpaqlarında oxşar taleyə malik bir neçə azərbaycanlı yaşayır. Daşnak ermənilər belələrindən bəzən həm də Azərabaycana qarşı təbliğat vasitəsi kimi istifadə edirlər. Yadınızdadırsa, ötən ilin payızında Xankəndidə yaşayan bir azərbaycanlı qadının guya Azərbaycan dövlətini “DQR”i tanımağa çağırması barədə də yazmışdıq. Araşdırmalarımız davam edir. İşğal altındakı doğma torpaqlarımızda ermənilər arasında yad kimi yaşamaq yolunu seçmiş belə azərbaycanlılar barədə yeri gəldikcə yazacağıq...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024