Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-07-2016, 17:16)
Azərbaycanlı İŞİD döyüşçüsü: “Siqaret çəkənləri, musiqiyə qulaq asanları tutub, şəriət məhkəməsinə təhvil verirdik”

Cihad adı ilə Suriyaya döyüşməyə yollanan azərbaycanlıların böyük əksəriyyəti şəriət qaydalarının hökm sürdüyü ölkədə yaşamaq arzusu ilə uzaq Ərəbistan çöllərinə üz tutduqlarını deyirlər. Onların arasında İŞİD lideri Əl-Bağdadiyə biyət edənləri, “Azəri camaatı”nın başçısı “Xalid Azəri”nin, “Abu Yəhya”nın, “Ömər Şişani”nin dəstəsində döyüşənləri, bir sözlə, Cənnəti qazanacağını düşünüb Cəhənnəmlə üzləşənləri də var...

Mediatv.az xəbər verir ki, suriyadan geri qayıdan azərbaycanlıların ifadələri, İŞİD haqqında söylədikləri qorxunc nağıllara bənzəyir. 21-ci əsrdə insanların şəriət məhkəməsi ilə mühakimə olunması, musiqi dinləməyə görə cəzalandırılması, zina etdiyinə görə daş-qalaq olunması, şallaq vurulması inandırıcı görünməsə də, təəccüf ki, həqiqətdir, acı həqiqət...

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha iki Azərbaycan vətəndaşı - Rufan Ağcabəyov və Vladimir Marfinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

 

Əvvəl “Qarabağ Partizanları”nın lideri, sonra İŞİD-in məşhur komandiri

İstintaq materiallarına görə, Qarabağ müharibəsi iştirakçısı, 1974-cü il təvəllüdlü Rufan Ağcabəyov Yaxın Şərqin radikal dindarlarının nəzarətində olan bölgələrə gedərək dini qaydalarla yaşamağı qərara alıb. 15 ildən bəri ibadət edən R.Ağcabəyov bu məqsədlə 2013-cü ilin iyun ayının 18-də Türkiyəyə gedərək “Abdul Cəlil”in vasitəçiliyi ilə əvvəl Hatay şəhərinə, oradansa Suriyanın Artma vilayətinə keçib. Artmada İŞİD-in Qafqaz üzrə komandiri, əslən Tərtər rayonundan olan “Xalid Azəri” ləqəbli Rövşən Bədəlovla görüşüb. (R.Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülüb. Qeyd edək ki, 2000-2001-ci illərdə Pankisi ərazisində “Qarabağ Partizanları” qrupunu yaradan Bədəlov həmin birləşməyə liderlik edib. 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən R.Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib, İŞİD sıralarına qoşulub. Gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan R.Bədəlov qısa müddət ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib).

“Azəri camaatı” iki yerə - “Xalid Azəri”nin və “Abu Yəhya”nın başçılıq etdiyi silahlı dəstələrə bölünüb. “Azəri camaatı”nın qərərgahı Artma qəsəbəsindəki yüksəklikdə yerləşib. “Abu Yəhya”nın dəstəsində 70-80, “Xalid Azəri”nin dəstəsində isə 15-20 nəfər olub. “Xalid”in dəstəsində azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri də fəaliyyət göstərib. Qruplaşmada heç kəsə öz rəsmi adı ilə müraciət edilməyib, hamının ləqəbi olub. R.Ağcabəyovi “Abu Mucahit”, Vladimir Marfini isə “Əhməd” deyə çağırıblar. Azərbaycandan Suriyaya üz tutanlar ilk olaraq R.Bədəlovun yanına gediblər.

Təqsirləndirilən R.Ağcabəyov da, Marfin Vladimir də belə ediblər.

R.Ağcabəyov avtomat silahla təchiz olunub, azərbaycanlı komandirin göstərişi ilə “camaat”ın yerləşdiyi inzibatı binada keşik çəkib. Oradakı azərbaycanlılar ərəb qadınla evlənmək təklif ediblər, razılaşmayıb, yaxın günlərdə həyat yoldaşını Suriyaya gətirəcəyini düşünüb. Digər tərəfdən isə, kürd qüvvələri ilə aparılan döyüşlər zamanı əsir götürülən kürd qadınlardan düşərgədə qulluqçu kimi istifadə olunub, döyüşçülər onlarla yaxınlıq ediblər. İfadəsində göstərib ki, Suriyada olduğu müddət ərzində heç bir hərbi təlimlərdə, döyüş əməliyyatlarında iştirak etməyib: “Camaat”a qoşulanlar ya qərərgahda çalışır, ya da silahlı münaqişələrdə, döyüşlərdə iştirak edirdi. “Əhməd” ləqəbli Azərbaycan vətəndaşı əvvəllər bizimlə bir yerdə olsa da, sonradan “Ərəb camaatı”na qoşulmuşdu. Onların qərargahı “Xalidin camaatı”nın yerləşdiyi yüksəklikdən 150-200 metr aşağıda idi. ”Camaat”ın əsas məqsədi İŞİD-ə qoşulanları ərzaq və hərbi geyimlə təmin etmək olub. Həmin ərzaq və geyim isə Türkiyə ərazisindən qaçaq yolla Suriyaya keçirilirdi. “Əhməd” ərazini yaxşı tanıdığına görə, yardımın Suriya ərazisinə qaçaq keçirilməsi xətti üzrə bələdçi təyin edilmişdi”.

 

Ərəb şeyxlərinin yardımı: 4 “Toyota”

Yardımlar ayda təxminən üç dəfə yük maşınlarında gətirilib. Əvvəl qərargaha, sonra isə İŞİD-in nəzdində olan digər silahlı qruplaşmalara paylanıb: ”Ərəb şeyxlərindən gələn yardımların paylanması ilə bağlı müxtəlif danışıqlar aparılırdı. Ərəblər bizim “camaat”a 4 ədəd “Toyota” markalı minik avtomobili göndərmişdi. Həmin avtomobillərdən döyüşə gedən zaman istifadə edilirdi. Bundan başqa, pulla bağlı yardımlar da olurdu. “Əhməd” aldığı pulları siyahı üzrə əmirlərə paylayırdı”.

“Yerli xalq vahimə içində idi”

R.Ağcabəyovun ifadəsinə görə, Suriyada yerli camaat onlarla əlaqə saxlamağa çəkinir, qorxurmuş: “Yerli camaat İŞİD rejiminə qarşı olduqlarını, azad yaşamaq istədiklərini deyirdilər. Bu səbəbdən də, insanlar arasında vahimə yaratmamaq üçün “Xalid” bizə Artmadakı dükanlara getməyi qadağan etmişdi. Bu əmr “Xalid”ə İŞİD-in şəriət məhkəməsindən gəlmişdi. Yerli xalq vahimə içində idi”.

 

Şəriət məhkəməsinin verdiyi cəzalar: daş-qalaq edilir, şallaq vurulurdu

Suriyada 3 ay qalan R.Ağcabəyov 2013-cü ilin sentyabr ayının sonlarında Türkiyəyə qayıdıb. İstanbulda müxtəlif yerlərdə fəhləlik edib. 2014-cü ilin iyul ayında isə Azərbaycana qayıdıb. İfadəsində şəriət məhkəməsinin insanlara verdiyi cəzalardan danışıb: “Hərbi təlimlərə könüllü qoşulmayanları cəlb etmirdilər, onlara başqa işlər tapşırırdılar. “Xalid”in əmrinə əsasən, şəriət qayda-qanunlarına zidd əməllərə əl atanlar məcbur düşərgəyə gətirir, şəriət məhkəməsinə təhvil verilirdi. Biz şəriət qanunlarına istinad etməklə asayişin keşiyində durmuşduq. Biləndə ki, kimsə zina edir, içki içir, siqaret çəkir, musiqiyə qulaq asır, onu məcburi formada düşərgəyə gətirib, şəriət binasındakı yerə təhvil verirdik. Şəriət məhkəməsi o insanlara müxtəlif cəzalar verirdi. Subay zina edərsə, şallaq vurulur, evli zina edərsə, daş-qalaq edilib öldürülür, içki qəbul edənə şallaq vurulur, kimsə homoseksualizmlə məşğul olarsa, hündürmərtəbəli binanın yuxarısından aşağı atırdılar”.

 

Həbsxanadan başlanan dostluq, İslama dəvət

Milliyyətcə rus olan “Əhməd” ləqəbli Vladimir Yevgenyeviç Marfin ona elan olunan ittihamlarla razılaşmayıb. 2000-ci ildə quldurluq törətdiyinə görə 13 il cəza alan M.Vladimir 2012-ci ildə azadlığa çıxıb. “Xalid” ləqəbli Rövşən Bədəlovla tanışlığı da 14 saylı cəzaçəkmə müəssisəsində olub. Elə İslam dinini də həbsxanada qəbul edib, “əhli sünnə vəl cəmaə” əqidəsi üzrə ibadət etməyə başlayıb, özünə “Əhməd”dini adı götürüb. 2012-ci ildə həbsdən çıxandan sonra yaşadığı Şəmkir rayonuna qayıdıb. Həmin ərəfədə Suriyada ağır döyüşlər getdiyini eşidib, internet vasitəsilə Suriyada gedən prosesləri izləyib: “Hökumət qüvvələrinin insanlara verdiyi işgəncələrə tab gətirməyib, Suriyaya gedərək onlara qarşı çıxmaq, mübarizə aparanlara yardımçı olmaq qərarına gəldim”.

2013-cü ilin ramazan ayı ərəfəsində Bakıya gələn M.Vladimir burada köhnə dustaq yoldaşları ilə görüşüb, onların evində qonaq qalıb. Hər gün iftar zamanı Suriyada gedən prosesləri müzakirə edirlər. Suriyaya getmək arzusunda olduğu üçün əqidə yoldaşı Mansura bu barədə fikrini bildirib. Mansurla birlikdə 10 avqust 2013-cü ildə Türkiyəyə yola düşüblər. Onları Həsən adlı qaçaqçı qarşılayaraq Artma şəhərinə keçirib. Artmada ilk olaraq “Xalid”lə görüşüb. O, “Xalid”i tanısa da, “Xalid” “Əhməd”i tanımayıb.

 

“İŞİD-ə biyət etmək fikrim yox idi”

İyirmi gün azərbaycanlıların qaldığı qərargahda məskunlaşıb. İlk dəfə “Abu Mucahid”i də orada görüb, birlikdə posta çıxıblar: “Amma “Xalid” mənə silah verməmişdi. Mansur qərargahdan aralıda ayrıca ev tutmuşdu, biz orada qalırdıq. Oktyabr ayının axırlarında Mansurla Türkməndağına getdik. Rabiyya qəsəbəsinə gedib oranın əmiri ilə görüşdük. 2013-cü ilin noyabr ayının 20-də “Abu Musa” Hələb şəhərinin cənubunda həmin vaxt Bəşər Əsəd rejiminə qarşı vuruşmuş “Ceyşul-Hur” ordusunun döyüşə qatılacağını bildirdi və özü ilə on nəfər seçib döyüşə apardı. Mən həmin döyüşə getməmişdim. 2013-cü ilin dekabr ayında Mansurla birgə “Xalid”in yanına gəldik. Orada “Əl-Bağdadi”yə biyət etməklə bağlı danışıqlar apardılar. Söhbəti eşidəndən sonra Mansurla birlikdə oranı tərk etdik. Çünki İŞİD-ə biyət etmək fikrim yox idi”.

 

“Yardım hökumət qüvvələrinə qarşı döyüşən mücahidlərə paylanırdı”

M.Vladimir 2014-cü ilin yanvar ayında “Ceyhul-Hur” ordusunun nəzarətində olan Hələbə köçüb. Bəşər Əsədə qarşı döyüşən, 300 döyüşçüsü olan ordunun rəhbəri “Abu Ubeyda”nın yanına gedərək ondan iş istəyib. “Abu Ubeyda” ona Türkiyə-Suriya sərhədindən yardımları daşımağı tapşırıb. Yardımın daşınmasında iki məsul şəxsdən biri “Əhməd”, digəri “Abdulkərim” olub: “Biz “Babalhava” keçid məntəqəsinə gedib orada Suriya ərazisinə keçən türk tırlarından yardımları öz maşınımıza yükləyib Hələbə gətirirdik. Yardım yalnız hökumət qüvvələrinə qarşı döyüşən mücahidlərə paylanırdı. Yardımın daşınması üçün “Abu Ubeyda” tərəfindən mənə bir ədəd “Kalaşnikov” verilmişdi. Silahı üzərimdə daşısam da, heç vaxt istifadə etmirdim”.

“Heç bir döyüşdə iştirak etməmişəm”

M.Vladimir “Ceyşul-Hur”un tərkibində olduğu dövrdə Suriya sərhədlərindən oradakı silahlı birləşmələrə qoşulmaq üçün gələnləri qəbul edib yerləşdirmədiyini deyib: “Suriya sərhədləri qorunmadığından istənilən şəxs azad şəkildə sərhədi keçə bilirdi. Mücahidlərin cihadda iştirak etmək məqsədilə Suriyaya getmələrində heç bir iştirakım olmayıb. İŞİD terror təşkilatına daxil olmamışam, onlarla hər hansı döyüş əməliyyatında, hərbi təlimlərdə iştirak etməmişəm, Suriyada partlayışlar, yanğınlar törətməmişəm, “Azəri camaatı”nın tərkibindəki döyüşlərdə iştirak etməmişəm”.

Bildirək ki, M.Vladimir 24 fevral 2014-cü ildə Azərbaycana qayıdıb.

Rufan Ağcabəyov və Marfin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra”, “Ceyşul-Hur” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Yeri gəlmişkən, əslən Xaçmaz rayonundan olan, İŞİD-ə qoşulan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. U.Ağcabəyov Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024