Karusel (14-07-2022, 16:49)
AMEA-nın şöbə müdiri Ələddin Məlikovun "elmi kəşfi"-FOTOFAKT
Redaksiyamıza daxil olan məlumata görə, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri Ələddin Məlikov "elmlər doktoru" elmi dərəcəsi diplomu olmadığı halda özünü "fəlsəfə elmləri doktoru" kimi qələmə verir və bu təkcə AMEA-nın rəsmi saytında deyil, hətta AMEA-dan gedən rəsmi sənədlərdə belə öz əksini tapıb. Müdir bəy insanların iş həyatı ilə oynayaraq, onların sənədlərini olmayan elmi dərəcə ilə imzalayıb AMEA-nın digər məsul şəxsinə imzaladaraq AMEA-nın möhürünü qoydurub və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunması üçün saxta sənədləri iddiaçılara verməkdən çəkinməyib. Bir neçə sənədin surəti dəlil qismində redaksiyaya təqdim olunub. AMEA-nın rəsmi saytında verilən yanlış məlumatlar hələdə olduğu yerdədir.
Azərbaycan Milli Elmlər Akademiyası elmin inkişafında əsas təşkilatdır və AMEA-nın Təhsil şöbəsinin müdiri sənədləri saxtalaşdırmaqdan və vəzifə səlahiyyətlərini aşmaqdan qorxmursa, AMEA-nın hansı gələcəyindən söhbət gedə bilər? Dəqiq mənbədən alınmış məlumata görə, AMEA prezidentinin Katibliyinin rəisi Eldar Əmirovun tapşırıqları bu günə qədər də Ələddin Məlikov tərəfindən yerinə yetirilir və arxasında Eldar Əmirovun durması Ələddin Məlikova bu cür qanunsuzluqlara yol verməyə imkan yaradır.
Bu məsələ 2021-ci ildə aşkarlansa da, AMEA tərəfindən Ələddin Məlikova qarşı heç bir tədbir görülməyib. Bir təşkilatın Təhsil şöbəsində bu cür özbaşınalıq və qanunsuzluq yer alıbsa, Azərbaycanın gələcək elmini nə gözləyir? Onu da qeyd edək ki, Ələddin Məlikov AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyevin AMEA-dakı keçmiş komandasından olmaqla yanaşı, Mehdiyevə yaxın olan bir adam kimi tanınır. O, eyni vaxtda bir neçə yerdə fəaliyyət göstərir və yəqin ki, həmin təşkilatlarda da özünü yalandan "elmlər doktoru" kimi tanıdır.
Göründüyü kimi, bu gün AMEA-nın formal rəhbəri prezident vəzifəsini icra edən akademik Arif Həşimov sayılsa da, gündəmdə yenə də özbaşınalıqlarını davam etdirən Mehdiyev komandasıdır. Azərbaycan elmi bu şəxslərdən xilas olmayacaqmı?
Hələ bu harasıdır? AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsində qeyri-qanuni faktlar təkcə bununla bitmir. Ardı var...(ölkepress.com)