Karusel (20-11-2014, 22:51)
Rauf Mirqədirovun həbs müddəti başa çatıb
“MTN təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun həbs müddəti başa çatdığından o, dərhal azadlığa buraxılmalıdır”.
Mediatv.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib. Vəkil deyir ki, Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatıb və onun həbsinin uzadılması ilə bağlı heç bir qərar qəbul olunmayıb:
“Bir sutkadan artıqdır ki, Rauf Mirqədirov qanunsuz həbsdə saxlanır. Həbs müddəti bitdiyindən noyabrın 20-də MTN-ə, Baş Prokurorluğa məktub göndərib, qanunla onun dərhal azadlığa buraxılmalı olduğunu xatırlatdıq. Xahiş etdik ki, Rauf Mirqədirovun azadlıq hüququ təmin olunsun. Məktublarımız gündüz saatlarında ünvanına çatmışdı. Buna baxmayaraq, heç bir xəbər çıxmadı. Biz də təcridxanaya yollandıq. Təcridxananın rəhbərliyindən xahiş etdik ki, qanunvericiliyə uyğun olaraq, Rauf bəyi azad etsinlər”.
2010-cu ilin avqustundan “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi kimi çalışan Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib.
O, dövlətə xəyanətdə ittiham olunur.