Karusel (3-11-2014, 20:40)
Milyarder yetişdirən universitetlər
Siyahıdakı 20 ali təhsil ocağından 16-sı ABŞ-da yerləşir
Dünyada milyarderlərin sayı durmadan artır. Maraqlıdır ki, günümüzdə onların siyasi-iqtisadi – həyatın bütün sahələrində təsir imkanları da çox genişlənib və hətta yeri gələndə maraqları naminə dünyada hərbi münaqişələr belə yarada bilirlər. Bu isə işarə vurur ki, həmin milyarderlər ancaq milyardların kölgəsinə sığınmayıblar - kifayət qədər savadlı və dünyagörüşlüdürlər. Elə BBC-nin təhsil üzrə ekspert-yazarı Sean Coughlanın araşdırması da onların nə dərəcədə savadlı olduğunu üzə çıxarmaq və ümumiyyətlə, dünyanın hansı universitetlərinin cəmiyyətə daha çox zəngin bəxş etdiyini açıqlamaqdır.
Araşdırmaya əsasən, milyarderlərin üçdə ikisi universitet məzunudur. Bu o deməkdir ki, hətta ali təhsilin geniş yayıldığı ölkələrdə belə universitet məzunu olan milyarderlərin xüsusi çəkisi qalan məzunlara nisbətən kifayət qədər yüksəkdir. Britaniyada hər 5 milyarderdən 4-ü alitəhsillidir. Super-zənginlərin savad dərəcəsi barədə məlumat İsveç bank qrupu ilə Sinqapurda mənzillənən maliyyə araşdırmaları şirkətinin hazırladıqları “Wealth-X and UBS Billionaire Census” adlı illik hesabatından götürülüb. 2300 milyarderin tərcümeyi-halı alitəhsilli insanların var-dövlət toplamaqda daha şanslı olduğunu aşkarlayıb. Hesabata əsasən, "sıravi" milyarder böyük ehtimalla universitet məzunudur, hər 4 milyarderdən biri universitetdən sonra elmi dərəcə almaq üçün təhsilini davam etirib, hər 10 milyarderdən birinin isə “doktor” elmi dərəcəsi var.
Yeni araşdırma milyarderlərin dünyanın qabaqcıl universitetlərində təhsil aldığını göstərib. Milyarderlərin çıxdığı ilk 20 universitetdən 16-ı isə ABŞ-ın elit ali məktəbləridir.
Ən çox sayda milyarder məzunu olan ABŞ-ın Pensilvaniya Universitetidir. Milyarder "buraxan" top-20 institut siyahısında sonrakı yerləri ABŞ-ın Harvard, Yel, Cənubi Kaliforniya, Prinketon, Kornell və Stanford universitetləri tutur.
Milyarderlərin əksəriyyətinin pulu investisiya-maliyyə layihələri və bankçılıqdan çıxıb. Təhsillə yanaşı, onun coğrafiyasının dəyişməsinə dəlalət edən əlamətlər də nəzərə çarpır.
Milyarderlər "buraxan" universitetlərin çoğrafiyası dəyişməkdədir. Belə ki, Mumbay Universitetinin top-20 institut siyahısında 9-cu yerə çıxması Hindistan iqtisadiyyatının yüksəlişdə olmasını əks etdirir. Həmin siyahıda Britaniya yalnız bir ali məktəblə təmsil olunub. Bu, London İqtisad Universitetidir ki, siyahıda Mumbay Universitetindən sonra 10-cu yerdə qərarlaşıb. Siyahıda məşhur ali təhsil ocaqları olan nə Kembric, nə də ki, Oksford universitetlərinin adı var. Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin top-20 institut siyahısında 11-ci yeri bu ölkədə super-zənginlərin sayının artmasına dəlalət edir.
Bir fakt maraqlıdır ki, ABŞ universitetləri siyahıda üstünlük təşkil etmələrinə baxmayaraq, onları bitirən milyarderlərin 25 faizdən çoxu bu ölkənin vətəndaşı deyil, universitetdən sonra elmi dərəcə üçün təhsilini davam etdirənlər arasında isə belələrinin sayı 39 faizdir. Onu da qeyd edək ki, bir qayda olaraq "sıravi" milyarder bitirdiyi institutla əlaqəsini kəsmir, doğma təhsil ocağına vaxtaşırı xeyriyyə dəstəyi göstərir. Ümumiyyətlə, milyarder xeyriyyəçilik edirsə, ianaləri böyük ehtimalla ali təhsil sahəsinə yönəldir.
Hesabata əsasən, super-zənginlərin yaşamağa üstünlük verdikləri məkanların çoğrafiyası nisbətən dardır - onların 40 faizi Moskva və London başda olmaqla, Avropanın cəmi 10 şəhərində yaşayır. Dünya üzrə ən şox milyarderin yaşadığı şəhər isə Nyu-Yorkdur.
Hesabat müəyyən təzadlara da işıq salır: Afrikada milyarderlərin sayına görə irəlidə gedən Nigeriya, eyni zamanda, təhsil almaq imkanı olmayan uşaqların sayına görə də qitənin lideridir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırması da daxil olmaqla, bir neçə təhqiqata əsasən ali təhsil gələcəkdə yüksək məvacibli iş tapmaq şansını artırır. Sosiologiya sahəsinə elmi araşdırmalar müəllifi, professor Frank Furedi deyib ki, dünya üzrə elit universitetlərlə yerdə qalan ali məktəblər arasında uçurum getdikcə dərinləşməkdədir. «Nüfuzlu universitetlər “qlobal oyunçuları cəlb edən” məkana çevrilib», - F.Furedi qeyd edib.
Son olaraq S.Coughlanın araşdırmasının nəticəsi olaraq ilk «iyirmiliyə» düşən universitetlərin adlarını sıralayaq: Pensillvaniya Universiteti, Harvard Universiteti, Yel Universiteti, Cənubi Kaliforniya Universiteti, Prinketon Universiteti, Kornell Universiteti, Stanford Universiteti, Kaliforniya Berkli Universiteti, Munbay Universiteti, London İqtisad Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Texas Universiteti, Dortmunt Kolleci Universiteti, Miçiqan Universiteti, Nyu-York Universiteti, Dake Universiteti, Kolumbiya Universiteti, Brovn Universiteti, Massaçusets Texnologiya İnstitutu və Sürix Universiteti.
Vüsal Tağıbəyli