Azərbaycan Avtomobil Yolları Dövlət Aagentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun Türkiyədə bir neçə kommersiya şirkəti var. Onun bu vəzifədəykən bizneslə məşğul olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ziddir.
O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.
S.Məmmədov prestijli “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil almış Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşdirilən avtomobil yolları təsərrüfatının yeganə rəsmisi deyil.
İstanbulda çoxsaylı şirkətləri olanlar arasında başqa bir AAYDA təmsilçisi – qurumun İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlı da var.
Bütün bunlar barədə növbə ilə…
Türkiyənin rəsmi mənbələrinə görə, AAYDA rəsmisi Saleh Məmmədov İstanbulun azı iki vergi dairəsində (Çeşmə və Sarıqazi) qeydiyyatdadır (vergi ödəycisi nömrəsi: 6111099457 və 6110509098). Bakıda isə onun və ailə üzvlərinin qeydiyyatı Xanlar küçəsi, 40 nömrəli binadakı mənzillərdən birinədir.
Oğlunu 18 yaşında biznesə gətirdi…
“Saha İnvestment Dış Ticaret Limited” şirkəti (qeydiyyat № 698908) 2009-cu ildə Saleh Məmmədov və Hanifi Tekin tərəfindən 51/49 faiz nisbətində 100 000 lirə kapitalla qurulub. O zaman S.Məmmədov “Azəryolservis” ASC-nin (indiki AAYDA – red.) 1 saylı Yol İstismar İdarəsinin rəisi idi. S. Məmmədov şirkətin ofis ünvanını (Akfirat Tepeören məhəlləsi, Atatürk Caddəsi, № 2 – İstanbul Parkville, F1 villası) həm də Türkiyədəki mülkü kimi təqdim edib. 2010-cu ilin iyununda ortaqlar arasına 26 yaşlı Vüsal Kazımov daxil olub və üçlüyün şirkətdəki payları demək olar ki bərabər şəkildə bölünüb. Şirkət daha sonra Atatürk məhəlləsi, Alemdağ Cad. № 58, mənzil 7 ünvanına köçüb. 2012-ci ilin fevralında Vüsal Kazımov şirkətdəki payını Hanifi Tekinə sataraq ortaqlığı tərk edib. Saleh Məmmədov yük daşımaları və anbar xidmətləri göstərən bu şirkətin direktorudur.
“ACR Dış Ticaret Limited” şirkətini (qeydiyyat № 695592) 2009-cu ilin aprelində Sait İlhan və Erkan Acar təsis ediblər. May ayında Erkan Acar 490 000 lirəlik payını Saleh Məmmədova satıb və şirkətin adı “Subhan Dış Ticaret Limited”ə dəyişdirilib. 2016-cı ilin noyabrında Sait İlhan isə 10 000 lirə dəyərində səhmlərini Saleh Məmmədovun oğluna – Sübhan Məmmədliyə (vergi ödəyicisi nömrəsi: 6110636299) satıb. Topdansatış və idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkətə 2017-ci ilin avqustundan Sübhan Məmmədli rəhbərlik edir. Bu şirkət də ofisi S.Məmmədovun “Parkville İstanbul”dakı villasında yerləşir.
“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”-nin (qeydiyyat № 353130) təsisçilərinin 2015-ci ilin dekabrında keçirilən toplantısında Sübhan Məmmədli nümayəndəsi Sertaç Bulut vasitəsilə təmsil olunub. İclasda məlum olub ki, 1996-cı ildən fəaliyyət göstərən və Tekin ailəsinə məxsus olan bu şirkətin yarısına Sübhan Məmmədli nəzarət edir. 1 milyon lirə kapitalı olan şirkətin səhmləri artıq onun mülkiyyətində idi. “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədovun oğlunun o zaman cəmi 18 yaşı vardı. 2017-ci ilin oktyabrında baş tutan növbəti yığıncağa da Sübhan Məmmədli qatılmamışdı. Amma artıq o vaxt Sübhan əlvan metallarla ticarət edən bu şirkətin tək sahibi idi. Notarial sənədlərdə onun yaşayış yeri kimi Bakı şəhəri, Məhsəti küçəsi, ev 25/12 göstərilir. Cəmi 2 ay sonra, 2018-ci ilin yanvarında S. Məmmədli 1 milyon lirə dəyərində səhmlərini Erkan Acara və Berat Şahinə sataraq şirkəti tərk etib.
“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited” şirkəti (qeydiyyat № 693225) 2009-cu ilin mart ayında Hanifi və Sinan Tekinlər təsis ediblər. May ayında Hanifi Tekin 990.000 lirəlik payını Vüsal Kazımova satıb. Vüsal Kazımovun Saleh Məmmədovun villası ilə qonşuluqdakı F2 saylı villada yerləşən şirkətin adı sonradan dəyişdirilib və “ACR İnvestment Dış Ticaret Limited” adlandırılıb. Otel biznesi sahəsində fəaliyyət göstərən bu şirkətdə 2015-ci ildə Vüsal səhmlərini Samir Zakir oğlu Muxtarova, 2019-cu ilin mayında isə Samir Vüsala ötürüb.
Göründüyü kimi, həm Saleh Məmmədov, həm də Vüsal Kazımovun Tekin ailəsi ilə biznes ortaqlığı var. V. Kazımov 25 yaşındaykən türk işadamı, “AzerTurk Group”-un sahibi ”Hanifi Tekin ilə “Azerturk İnvestment Dış Ticaret Limited” şirkətini yaradıb. İlyarım sonra o, payını S. Məmmədovun digər ortağı Salih İlhana sataraq şirkətdən ayrılıb.
Maraqlıdır ki, onlardan başqa da H. Tekinin azərbaycanlı ortağı var. 2010-cu ildə Bakıda təsis edilən “Aztürk Group” ASC-də onun şəriki məişət kimya məhsulları istehsalçısı – “NB Qrup” ASC-nin sahibi Ruslan Eyyubovdur. O, general Bəylər Eyyubovun qardaşı oğludur.
Vyana, London, Şəki arasında
AAYDA şefinin oğlu Sübhan Məmmədlinin digər biznes fəaliyyətlərinə gəlincə, o, yaşının azlığına baxmayaraq, Türkiyədən başqa Azərbaycan, Avstriya və İngiltərədə də fəaldır.
Sübhan Məmmədli 2016-cı ilin yayında Vyanada (Avstriya) yaradılan “AZSN Servis GmbH” (qeydiyyat № 457017i) şirkətində 49%-lik iştirak payını 2017-ci ildə alıb. Bundan sonra şirkət “S.M.A.N Business Solutions GmbH” adlandırılıb. 35 min avro səhmdar kapitalı olan şirkət daşınmaz əmlak, ticarət və tikinti biznesi ilə məşğuldur.
Sübhan Londondakı “Splento Ltd” şirkətinin (qeydiyyat № 09595739) Biznesin İnkişafı Departamentinin direktorudur. O, həm də şirkətin 40 səhmdarından biridir. Peşəkar fotoçəkiliş xidmətləri göstərən şirkətə qoşularkən S. Məmmədli yaşayış yeri kimi Quinstoun Yolu, Camellia House apartamentindəki 24 nömrəli mənzili göstərmişdi. Britaniya mənbələrinə görə, 2018-ci ilin mayında bu mənzil üçün 1.250.000 funt və ya 2,7 mliyon manat ödənilib.
Ötən ilin noyabrında Yevlax-Zaqatala avtomobil yolunun üzərindəki Çayqaraqoyunlu kəndi (Şəki rayonu) ərazisində SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. “Socar-Petroleum” QSC-nin inşa etdiyi bu YDM-in sifarişçisi Sübhan Məmmədlidir. Şəki Rayon İcra Hakimiyyəti 4 000 kvadratmetr ərazidə obyektin tikintisinə 2 il öncə, yanvar ayında icazə vermişdi.
MeydanTV-yə məlum olub ki, bu YDM “Socar-Petroleum”-a icarəyə verilib. 2018-ci ilin aprel ayında isə Şəki ilə qonşuluqdakı Qax rayonun meşələrlə əhatə olunan Qaxbaş kəndində S. Məmmədliyə məxsus ikimərtəbəli, ümumi sahəsi 600 kvadratmetrdən çox olan villa istifadəyə verilib. Evin tikildiyi 24 sot torpaq sahəsi 2016-cı ilin yayında – Sübhan 19 yaşındaykən satın alınmışdı.
Avtomobil yollarına sərmayələr və film çəkilişi, metal ticarəti…
AAYDA-nın İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlı da biznesmendir. Hazırda onun İstanbulda 3 şirkəti var. “Angel Film Yapım Prodüksiyon Ticaret Limited” (öncəki adı: “Angel Gayri Menkkul İnşaat Enerji ve Nakliye Sanayi Ticaret Limited”), “STM İç ve Dış Ticaret A.Ş.” və “Angel Enerji Turizm Restoan Sanayi Ticaret A.Ş.” şirkətləridir. Nizamnamə kapitallarına 1.100.000 lirə yatırılan, film çəkilişləri, qiymətli metalların ticarəti və enerji istehsalı sahələrində fəaliyyət göstərən bu şirkətlərin ikisinə C. Rüstəmxanlı özü rəhbərlik edir. AAYDA-nın vəzifəli şəxsinin Azərbaycanda təsisçisi olduğu şirkətlər də var.
“Qanun yasaq edib”
Azərbaycanda vəzifəli şəxslərə xidməti vəzifəsini icra etdiyi dövrdə ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) qadağandır. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə bu hərəkətlər korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.
Hüquqşünas Elnur Əliyev deyir ki, 2017-ci ildən etibarən bu tələb publik hüquqi şəxslərin rəhbərlərinə və işçilərinə də şamil edilir.
“Qanunda korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin intizam, inzibati və cinayət məsuliyyətindən danışılsa da, İnzibati Xətalar Məcəlləsində bu hallar inzibati xəta kimi nəzərdə tutulmayıb. Ona görə də korrupsiya hüquqpozmalarına yol vermiş şəxslər ya cinayət məsuliyyətinə, ya da işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb olunurlar”, – hüquqşünas bildirib.
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanun 2005-ci ildə qəbul ediləndən bəri vəzifəli şəxslərə qarşı məhz bizneslə məşğul olduqlarına məsuliyyət tədbiri görülməsi haqda məlumata rəst gəlinməyib.
Saleh Məmmədov və Cəmil Rüstəmxanlı onlara ünvanlanan informasiya sorğularına cavab verməyiblər.(Meydan.Tv)
Hafiz Babalı
шаблоны для dle 11.2